İsrail şirkəti hidrogenlə işləyən yeni dronunu ilk dəfə IDEX-2023-də nümayiş etdirəcək

İsrail şirkəti hidrogenlə işləyən yeni dronunu ilk dəfə IDEX-2023-də nümayiş etdirəcək

İsrailin “HevenDrones” şirkəti ilk dəfə olaraq hidrogenlə işləyən yeni dronunu təqdim edib.

“HevenDrones”dən “Poliqon”a verilən məlumata görə, yeni H2D55 dronu həm müdafiə, həm mülki məqsədli istifadə üçün nəzərdə tutulub.

H2D55 ənənəvi litium akkumulyatorla işləyən dronlardan fərqli olaraq istifadəçiyə 5 qat çox enerji səmərəliliyi təmin edir. Dronun yük tutumu 7 kiloqram və havada qalma müddəti 100 dəqiqədir.

“HevenDrones”un yeni hidrogen məhsul xətti litium batareyası ilə işləyən dronlardakı uçuş dayanıqlılığı və faydalı yükgötürmə qabiliyyəti problemlərini həll edəcək. Eyni zamanda bu tipli enerji mənbələrindən imtina etməklə litium hasilatının uzunmüddətli perspektivdə ətraf mühitə təsirini azaldacaq.

Həmçinin H2D məhsul xətti artıq dronlarda tez-tez btareyaların dəyişdirilməsinə ehtiyac duymayacaq. Bu isə dron texnologiyasını geniş miqyasda tətbiq edən təşkilatlar üçün istismar xərclərini də aşağı salacaq.

Bu məhsul xəttinin ilk nümayəndəsi olan H2D55-dən əlavə şirkət növbəti 9 ay ərzində hidrogen yanacağı ilə işləyən daha iki fərqli model təqdim edəcək. H2D55 ilə müqayisədə digər modellərdə yük daşıma qabiliyyəti artırılacaq.

“HevenDrones” H2D məhsul xəttini kommersiya və müdafiə müştərilərinin unikal məqsədlərinə tam uyğunlaşdırıla biləcək formada dizayn edib. Müdafiə məqsədli istifadə də bu dronlar əsasən, müşahidə missiyalarının yerinə yetirilməsində, əsgərlərə tibbi ləvazimatların, ərzaq və sursatların çatdırılmasında tətbiq olunacaq.

Qeyd edək ki, “HevenDrones” şirkəti H2D55 dronunu ilk dəfə geniş ictimaiyyət qarşısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçiriləcək IDEX-2023 sərgisində nümayiş etdirəcək.

H2D55

Poliqon.az

CATEGORIES
TAGS