İsveç Qərbi Avropa ölkəsinə müdafiə təyinatlı məhsullar ixrac edəcək

İsveç Qərbi Avropa ölkəsinə müdafiə təyinatlı məhsullar ixrac edəcək

İsveçin “Saab” şirkəti adı açıqlanmayan Qərbi Avropa ölkəsinə “Carl-Gustaf” qumbaraatanları, RBS 70 NG qısa mənzilli daşınan zenit raket kompleksləri (DZRK) və “Giraffe 1X” radarları tədarük edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı şirkət və sifarişçi arasında 8 milyon İsveç kronu (761 min ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət hər üç məhsulun sifarişçiyə çatdırılmasına dair işləri 2023-2026-cı illər ərzində həyata keçirəcək.

“Carl-Gustaf” tank əleyhinə qumbaraatan ailəsinin sonuncu üzvü “Carl-Gustaf M4”dür. Bu qumbaraatan tank əleyhinə, piyada əleyhinə və köməkçi qumbaralı atəş yığımları da daxil olmaqla, geniş diapazonda 84 mm çaplı döyüş sursatlarını atmağa qadirdir.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir.

RBS 70 NG (Robotsystem 70 Next Generation) DZRK şirkətin RBS 70 yerüstü yaxın mənzilli hava hücumundan müdafiə sistemi ailəsinin ən son versiyasıdır. Kompleks hava hədəflərini dəqiq məhv etməyə imkan verən avtomatik izləmək xüsusiyyətinə malikdir.

“RBS-70 NG” DZRK həm hava hədəflərinin, həm də yüngül zirehli yerüstü texnikaların məhv olunması üçün istifadə edilə bilər.

Hazırda bu kompleks İsveç, Çexiya, Braziliya və bir çox dövlətin Silahlı Qüvvələri tərəfindən istifadə olunur.

Dizaynına görə həm quru, həm də dəniz platformalarına asanlıqla quraşdırıla bilən “Giraffe 1X” 3D radarı əsasən qısa məznilli hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi istifadə edilir.

Həmçinin, bu radar antidron (C-UAS) vasitələri ilə də birgə tətbiq oluna bilər.

Poliqon.az

CATEGORIES
TAGS