İsveç Silahlı Qüvvələrinin istismarındakı “Archer”lərin şassisi dəyişdirilir
İsveçin “BAE Systems Bofors” şirkəti Almaniyanın “Rheinmetall MAN Military Vehicles” (RMMV) şirkətindən 48 ədəd HX 8×8 taktiki yük maşını alır.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 71 milyon avro dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, çatdırılmaların 2024-cü ilin üçüncü rübündən etibarən başlanması və 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.
Bildirilib ki, RMMV tərəfindən tədarük ediləcək HX 8×8 yük maşınları İsveç Silahlı Qüvvələrinin “Archer” özüyeriyən artilleriya qurğuları (ÖAQ) üçün şassi rolunu oynayacaq. Sistemin inteqrasiyasını “BAE Systems Bofors” şirkəti həyata keçirəcək.
Qeyd edək ki, hazırda İsveç Silahlı Qüvvələrinin istismarındakı “Archer” ÖAQ-larda şassi kimi Volvo A30D 6×6 yük maşınından istifadə olunub və bu platforma indi yeni HX-8×8 ilə əvəzlənəcək.