İtaliya “HammerHead” PUA proqramından imtina edib

İtaliya “HammerHead” PUA proqramından imtina edib

İtaliyanın “HammerHead” orta yüksəklik pilotsuz uçuş aparatı (PUA) proqramı uğursuzluğa düçar olub.

“Poliqon” xəbər verir ki, İtaliya Müdafiə Nazirliyi qəti olaraq yerli PUA-dan imtina edib.

Eyni zamanda, İtaliya Müdafiə Nazirliyi “Piaggio Aerospace” şirkətini dəstəkləmək məqsədi ilə 171 milyon avro dəyərində 6 ədəd “Piaggio” P.180 təyyarəsi və köməkçi avadanlıq alacaq. Beləliklə, İtaliya hökuməti yenidən təşkil edilmə və yeni alıcı axtarışı müddətində yerli şirkəti dəstəkləmək öhdəliklərini yerinə yetirəcək.

P.1HH “HammerHead” PUA “Piaggio” P.180 inzibati təyyarənin əsasında hazırlanıb, patrul və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün təyin edilib. Təsnifata görə, P.1HH “HammerHead” uzun uçuş müddəti olan orta yüksəklik PUA-sıdır. PUA 13,7 km yüksəkliyə qalxa, saatda 730 km sürət yığa bilir. İtələyici pərvanəli iki mühərriklə təchiz edilmiş PUA böyük yüksəkliklərdə saatda 250 km-ə bərabər aşağı sürətlə uçmaq qabiliyyətinə malikdir. Uçuş müddəti 16 saata qədər ola bilər. PUA-nın maksimal uçuş kütləsi 6,1 tondur.

Xatırladaq ki, “Piaggio Aerospace” şirkəti üçün ciddi problemlər 2018-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hərbi Hava Qüvvələri (HHQ) P.1HH “HammerHead” PUA-nın tədarükü üçün verilən sifarişi ləğv etdikdən sonra başlayıb. Rəsmi qərar “proqram gecikmələri və qüsurları” ilə əlaqədardır. Eyni zamanda, PUA-dan imtina edilməsinin qeyri-rəsmi səbəbi İtaliyanın P.2HH PUA-nın yeni modifikasiyasının hazırlanmasının BƏƏ ilə imzalanmış müqavilədəki investisiya qrafikini pozması və öz HHQ üçün sifarişini təxirə salması idi.

Əvvəlcə İtaliya hökuməti BƏƏ üçün istehsal olunan təyyarələri almağı planlaşdırırdı, amma PUA-nın imkanları İtaliya HHQ-ni də qane etmirdi. İtaliya HHQ Baş Qərargah rəisi Alberto Rosso, İtaliya parlamentinin aşağı palatasında keçirilən dinləmədə artıq yığılmış aparatları “səkkiz parça dəmir” adlandırıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS