KADEX-2016: Türkiyə 19 təşkilatla təmsil olunacaq

Qazaxstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2016 dördüncü beynəlxalq müdafiə sərgisində Türkiyə müdafiə sənayesini 19 təşkilat təmsil edəcək.
KADEX-2016 sərgisinin Təşkilat Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, sərgidə Türkiyəni başda Müdafiə Sənayesi Katibliyi (SSM) və Müdafiə Sənayesi İxracatçıları Birliyi (TDA/SSİ) başda olmaqla MÜSİAD, ASELSAN, ROKETSAN, HAVELSAN, TUSAŞ, STM, Milsoft, BMC, Simsoft, Spekon, İŞBİR, Yonca-Onuk, DEARSAN, MKEK, Öztiryakilər, Öztek və Hacettepe Ileri Boya şirkətləri təmsil edəcəklər.
Qeyd edək ki, iyunun 2-dən 5-ə kimi Astanada keçiriləcək sərgidə dünyanın 300-dən artıq istehsalat şirkətinin iştirakı gözlənilir.
Sərginin keçirilməsi üçün 15 min kvadrat metrlik ərazi ayırılıb. Burada şirkətlərə məhsullarını təqdim etmək və digər tədbirlərin həyata keçirilməsi üçün 8 qapalı və bir neçə açıq pavilionlar yaradılıb.
Sərgidə media qismində dünyanın müxtəlif ölkələrindən 15 KİV nümayəndəsi təmsil olunacaq. KADEX-2016 sərgisinin media tərəfdaşı qismində Azərbaycandan “AzeriDefence” jurnalı iştirak edir.
Sərgi aşağıdakı tematik bölmələrdən ibarətdir:
- Aviasiya texnikası, PUA və kosmik texnologiyalar
- Quru qoşunlar və hərbi dəniz qüvvələri üçün texniki qurğular
- HHM sistemi vasitələri
- Qoşunların texniki təminat və təchizatı
- İT texnologiyaları, rabitə sistemləri və vasitələri
- Hərbi sferada texniki işlər
- Hərbi sahədə alternativ enerji mənbələri



