Kanada 88 ədəd F-35A qırıcısı almaq üçün müqavilə imzalayıb
Kanada ABŞ-ın “Lockheed Martin” korporasiyası ilə 88 ədəd F-35A döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Anita Anand elan edib.
Müqaviləyə əsasən, Kanada təxmini dəyəri 14,2 milyard ABŞ dolları olan 88 ədəd baza modeli F-35A alacaq.
İlk F-35A tədarükünün 2026-cı ildə həyata keçiriləcəyi gözlənilir. Yeni qırıcıların tam əməliyyat qabiliyyəti 2032-2034-cü illər arasında gözlənilir.
Keçirilən texniki konfrans zamanı məlum olub ki, ilk dörd təyyarənin 2026-cı ildə təhvil verilməsi planlaşdırılır. Kanada Ordusu onları qəbul etmək üçün zəruri olan infrastrukturu hazırlayanadək təyyarələr ABŞ-da yerləşəcək. İnfrastruktur hazırlanarkən Kanada Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları və texniki işçiləri ABŞ-dakı bazalarda təlim keçəcək, F-35 qırıcıları isə 2029-cu ildən tez Kanadaya gəlməyəcək.
Kanada hökuməti Milli Müdafiə Nazirliyinə 7 milyard ABŞ dolları dəyərində 16 ədəd F-35 təyyarəsinin və müvafiq avadanlıqların ilkin dəstinin maliyyələşdirilməsini tapşırıb.
İlk 16 ədəd təyyarənin tədarükünün aşağıdakı qaydada həyata keçiriləcəyi gözlənilir:
- ilk dörd təyyarə 2026-cı ildə,
- növbəti altı təyyarə 2027-ci ildə
- son altı təyyarə 2028-ci ildə.
2032-ci ilin sonuna qədər CF-18 təyyarələrinin silahlanmadan çıxarılmasını təmin etmək üçün tam F-35 parkı vaxtında çatdırılmalıdır.
Səlahiyyətlilər brifinqdə təsdiqləyiblər ki, Kanada 88 ədəd təyyarəni mərhələli şəkildə alacaq, ilkin dəyərə infrastrukturun təkmilləşdirilməsi, ehtiyat hissələri və digər birdəfəlik xərclər daxildir. Onlar həmçinin əlavə ediblər ki, Kanada qırıcılar üçün ABŞ ilə eyni məbləğdə, hər təyyarə üçün təxminən 85 milyon ABŞ dolları ödəyəcək, çünki onların ölkəsi 1997-ci ildən bəri F-35 təyyarələrinin inkişaf xərclərini maliyyələşdirən səkkiz tərəfdaş ölkədən biridir.
Xatırladaq ki, F-35 qırıcılarının seçimi faktiki olaraq keçən mart ayında elan edilmiş, lakin müqavilənin imzalanması üçün danışıqlar ilin qalan hissəsini əhatə edib.
F-35 təyyarələrinin əsas podratçısı “Lockheed Martin” korporasiyasının qiymət, çatdırılma zəmanətləri və riskdən qurtulma müqavilələri kimi məsələlərdə Kanadanın şərtlərini yerinə yetirməməsi halında Kanadanın sıralamada ikinci yeri tutmuş “Gripen” qırıcısının istehsalçısı İsveçin “Saab” şirkəti ilə müqavilə bağlayacağı məlum idi.
Qeyd edək ki, bu, Kanadanın HHQ üçün növbəti qırıcı seçməkdən ötrü keçirdiyi ilk yarışma deyil. Kanadanın hazırki Baş naziri Castin Tryüdo (Justin Pierre James Trudeau), rəsmi olaraq baş verən bahalı F-35 alışını ləğv etmək üçün seçkiöncəsi vədi ilə hakimiyyətə gəlib. Bununla belə, təkrar yarışmada F-35 ən yaxşı variant olduğunu sübut edib və Kanada sonda ABŞ istehsalı olan təyyarələri seçməyə qayıdıb.
Əhəd Əzizov