“L3Harris” şirkəti Bəhreyn, İordaniya və Mərakeşin F-16 qırıcılarını təkmilləşdirir

“L3Harris” şirkəti Bəhreyn, İordaniya və Mərakeşin F-16 qırıcılarını təkmilləşdirir

ABŞ-ın “L3Harris Technologies” şirkəti Bəhreyn, İordaniya və Mərakeş üçün F-16 qırıcılarının döyüş qabiliyyətini gücləndirəcək.

“Poliqon” “L3Harris”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və sifarişçilər arasında 29 milyon ABŞ dollarlıq müqavilə bağlanıb.

Müqavilə çərçivəsində şirkət F-16 qırıcılarına 105 ədəd silah buraxma sistemi inteqrasiya edəcək.

“L3Harrisin” şirkətinin F-16 qırıcısı üçün BRU-57/A tirvari tutacağı təyyarədən əlavə sursat asmağa imkan verir. Bu, F-16 qırıcısını 500 funt (226 kq) və 1000 funt (453 kq) idarə olunan silahlarla uyğunlaşdırır.

“Sistemlərimiz əlavə hücum imkanları təmin edərək komandirlərə hər bir tapşırıq üçün düzgün atəş gücünü yerləşdirmək çevikliyi verir”, – deyə “L3Harris” şirkətinin nümayəndəsi bildirib.

Hər bir F-16 qırıcısına iki döyüş sursatını əlavə etmək o deməkdir ki, komandirlər döyüş tapşırığını yerinə yetirmək üçün təyyarələrin sayını azalda bilər. Bu sistemlər 1999-cu ildə ABŞ Hərbi Hava Qüvvələrində (HHQ), həmçinin müttəfiqlərin və tərəfdaşların ordularında silahlanmaya qəbul edilib. Bu günə qədər 1100-dən çox qurğu sifariş olunub.

Qeyd edək ki, F-16 qırıcıları İordaniya HHQ-nin əsasını təşkil edir. Bu tipli ilk təyyarə 1997-ci ildə ABŞ HHQ-dən alınıb. Ümumilikdə 1997-ci ildən 2017-ci ilə qədər ABŞ, Belçika və Hollandiya HHQ-dən 79 ədəd qırıcı alınıb. Eyni zamanda, 2013-cü ildən İordaniyadan Pakistana 13 ədəd F-16A/B təyyarəsi satılıb.

Bəhreyn HHQ-də isə 16 ədəd F-16C Block 40 qırıcısı və 4 ədəd F-16D Block 40 qırıcısı silahlanmadadır. Bəhreyn həmçinin dünyada F-16 Block 70 qırıcısının təkmilləşdirilmiş versiyasını sifariş edən ilk ölkədir.

Öz növbəsində Mərakeş də 15 ədəd F-16C və 8 ədəd F-16D qırıcısına sahibdir. 2019-cu ildə ABŞ Mərakeşə təxmini dəyəri 3,8 milyard dollar olan 25 ədəd F-16V Block 72 döyüş təyyarəsinin tədarükünü təsdiqləyib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS