“Lockheed Martin” şirkəti ABŞ ordusuna “Sentinel A4” radarının ilk partiyasını tədarük edib
“Lockheed Martin” şirkəti ABŞ Ordusuna ilk 5 ədəd “Sentinel A4” radarını təhvil verib. Yaxın vaxtlarda ABŞ Ordusu yeni “Sentinel A4” radarlarının eksperimental sınaqlarına başlayacaq.
Bu barədə “Poliqon” “Lockheed Martin” şirkətinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, radarlar cari ilin may ayının sonlarında çatdırılıb.
“Lockheed Martin” şirkətində radarların çatdırılmasını hava və raket əleyhinə müdafiənin gücləndirilməsi üçün mühüm mərhələ adlandırır, bu istiqamətlər isə ABŞ Silahlı Qüvvələrinin komandanlığı tərəfindən strateji hesab olunur.
“Lockheed Martin” şirkətində “Army Sentinel A4” proqram ofisinin “Sentinel” məhsulları üzrə direktoru Lea Kuk bildirib ki, şirkət indi orduya təkmil imkanlar təqdim etməyə bir addım daha yaxındır. Daha əvvəl bildirilmişdi ki, radarların istismar sınaqları 12 aya qədər vaxt aparacaq. Hərbçilər radarların mobilliyini, xüsusiyyətlərini, ətraf mühitə təsirini sınaqdan keçirəcək.
“Sentinel A4” radarı əvvəlki “Sentinel A3” (AN/MPQ-64A3) radarının təkmilləşdirilmiş versiyasıdır. Radar qanadlı raketləri, helikopterləri və təyyarələri, artilleriya və minaatan mərmilərini, pilotsuz uçuş aparatlarını izləmək qabiliyyətinə malikdir. O, eyni zamanda təhdid növlərini izləyə və təsnif edə bilir.
“Sentinel A4” radarının ordunun inteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Döyüş İdarəetmə Sistemi (Integrated Air and Missile Defense Battle Command System – IBCS) ilə birləşdirildiyi də məlumdur. Onun yaradılması çoxdomenli əməliyyatlar planının həyata keçirilməsinin bir hissəsidir, onun çərçivəsində ABŞ Silahlı Qüvvələrinin müxtəlif qüvvə növlərinin platformaları arasında məlumat mübadiləsini təmin etmək lazımdır.
Keçən il ordu birbaşa əməliyyat bölmələrinə göndərmək üçün daha 5 ədəd “Sentinel A4” radarı almağa qərar qəbul edib. Şirkətin press-relizində bu tədarüklərin 2023-cü ilin mart ayına planlaşdırıldığı vurğulanır. Qeyd olunur ki, dəyəri 281 milyon ABŞ dolları olan radarların tədarükü üçün müqavilə 2019-cu ilin sentyabr ayında bağlanıb.
Əhəd Əzizov