Mehmet Demiroğlu: TUSAŞ-ın Azərbaycanda fəaliyyətini genişləndirməsi regiondakı texnoloji inkişafa da mühüm töhfələr verəcək – MÜSAHİBƏ
Türkiyə Respublikasının aerokosmik sənayesinə yerli, milli və özünəməxsus həllər qazandıran TUSAŞ şirkəti yarım əsrlik təcrübəsi ilə təkcə öz məhsullarını deyil, həm də dünyanın digər böyük aviasiya şirkətlərinə lazım olan detalları, komponentləri, hissələri istehsal və ixrac edir. “Poliqon” hərbi-kosmik texnoloji jurnalı olaraq, TUSAŞ şirkətinin baş direktoru Dr. Mehmet Demiroğlu ilə müsahibəmizdə ADEX-də nümayiş etdirdikləri məhsullarından, habelə TUSAŞ-ın ixrac potensialından yeni layihələrindən danışdıq.
– Mehmet bəy, rəhbərlik etdiyiniz TUSAŞ şirkətinin aerokosmik sənayesində geniş istehsal çeşidləri var – müasir aviasiya vasitələrindən tutmuş kosmik sahəyə qədər fəaliyyətlərinizi izləyirik. TUSAŞ-ın həyata keçirdiyi yeni layihələr barəsində oxucularımıza məlumat verməyinizi istərdik…
– Türkiyə Aviasiya Sənayesinin təməl daşı olmaqdan qürur duyuruq. Ölkəmizi bu sahədə zirvəyə daşıyacaq layihələrlə texnologiya və innovasiyanın sərhədlərini aşırıq. Son dövrdə başlatdığımız yeni layihələrlə ölkəmizin aviasiyasını daha da irəli aparırıq. Mühəndislərimizin gərgin əməyi ilə yaradılmış məhsullarımız aviasiyaya yeni nəfəs gətirməkdədir. KAAN milli döyüş təyyarəsi, HÜRJET reaktiv təlim təyyarəsi, HÜRKUŞ yeni nəsil təlim təyyarəsi, T625 GÖKBEY çoxməqsədli helikopteri, T129 ATAK zərbə helikopteri, ANKA, AKSUNGUR PUA və ANKA III ANKA III pilotsuz döyüş təyyarəsi sistemləri kimi geniş məhsul çeşidimizlə dünya səhnəsindəki yerimizi möhkəmləndiririk.
Dünyada kosmos sahəsində, ölkəmizin isə tam çərçivəli ilk və yeganə Kosmik Sistemlərin İnteqrasiya və Sınaq (USET) Mərkəzi ilə sadəcə aviasiyada deyil, həm də kosmosda irəliləyişlərimizi davam etdiririk. Milli Kosmos Proqramda iştirak etdiyimiz layihələr bu məqsədimizi addım-addım reallığa çevirir. Göy üzünə iz qoyan layihələrimizlə sabahın Türkiyəsinə töhfə verərək işimizə davam edərkən bu yolda ən böyük motivasiya mənbəyimiz xalqımızın bizə olan etibarıdır. Ölkəmiz, Türk coğrafiyamız üçün milli imkanlarla birlikdə çalışmağa davam edəcəyik.
– TUSAŞ şirkəti ADEX-2024 sərgisində hansı məhsullarını ön plana çıxarıb? Nümayiş etdirdiyiniz aviasiya vasitələrinin xüsusiyyətləri və üstünlükləri nələrdir?
– TUSAŞ Türkiyə və Azərbaycan arasındakı köklü qardaşlıq əlaqələrini müdafiə sənayesi sahəsində də möhkəmləndirmək üçün Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2024) iştirak edib. ADEX sərgisində nümayiş etdirdiyimiz məhsullarımız təkcə TUSAŞ-ın deyil, həm də ölkəmizin yüksək texnologiyaya əsaslanan gələcəyə olan inamının və qətiyyətinin simvoludur. TUSAŞ, statik sahədə HÜRKUŞ Yeni Nəsil Təlim Təyyarəsinin tam ölçülü modelini sərgiləyib. HÜRKUŞ sahib olduğu qabaqcıl texnologiyası, üstün manevr qabiliyyəti və çox yönlü istifadə xüsusiyyətləri ilə özünü analoqlarından fərqləndirir. Afrika qitəsinə ixrac etdiyimiz HÜRKUŞ aktiv şəkildə istifadə olunur və yaxın vaxtlarda öz Hərbi Hava Qüvvələrimizə də təhvil veriləcək. TUSAŞ stendində KAAN milli döyüş təyyarəsi, HÜRJET reaktiv təlim təyyarəsi, T625 GÖKBEY çoxməqsədli helikopteri, T129 ATAK helikopteri, ANKA III, AKSUNGUR PUA-ları və TÜRSAKT 6A peyk məhsullarının 1/7 modelləri yer alıb. Məhsullarımızın rəqabət üstünlükləri təkcə texniki üstünlüklərlə məhdudlaşmır. Eyni zamanda, yerli imkanlarla istehsal olunmaları xaricdən asılılığı azaldaraq ölkəmizin strateji müstəqilliyinə töhfə verməkdədir. Bu günə qədər 100-dən çox uçuş həyata keçirən HÜRJET reaktiv təlim təyyarəsi bu yaxınlarda Aralıq dənizini aşaraq Misirdə keçirilən Beynəlxalq Aviasiya Sərgisində iştirak edərək öz imkanlarını sübut etmiş və dünyanın yeddi möcüzəsindən biri olan Giza Piramidalarının üzərindən uçaraq bizləri qürurlandırmışdır. ANKA III pilotsuz döyüş təyyarəsi və AKSUNGUR PUA sistemlərimiz öz seqmentlərində dünyanın ən yaxşılarından sayılır. Bu məhsullar öz sinflərində bənzərsiz olub TUSAŞ-ın yarım əsrdən çox olan innovativ mühəndislik yanaşmasını və texnoloji üstünlüyünü təmsil edir. Təcrübəmizlə inkişaf etdirdiyimiz digər məhsulmuz da T625 GÖKBEY çoxməqsədli helikopteridir. T625 GÖKBEY-in kütləvi istehsal fəaliyyətləri tam sürətlə davam edərkən yaxın gələcəkdə hüquq-mühafizə qüvvələrimizə çatdırılmağa başlanacaq. Bizlər TUSAŞ olaraq qardaş ölkələrimizə təqdim etdiyimiz logistika dəstəyi və təlim xidmətləri ilə sadəcə platforma deyil, həm də hərtərəfli həll təklif edirik.
– Göründüyü kimi, TUSAŞ son dövrlərdə ixraca xüsusi əhəmiyyət verir və bir sıra regionlara məhsul ixrac edir. İstərdik TUSAŞ-ın ixrac coğrafiyası, hədəfləri və şirkətin bu istiqamətdə atdığı addımlar haqqında danışardınız…
– TUSAŞ olaraq müdafiə sənayemizin gücünü və ölkəmizin mühəndislik imkanlarını dünyaya daşımaqdan qürur duyuruq. İxracat sahəsində atdığımız cəsarətli addımlarla müdafiə sənayesində əldə etdiyimiz uğurları qlobal miqyasda genişləndirmək əzmindəyik. Məqsədimiz təkcə ölkəmizin müdafiə ehtiyaclarını ödəmək deyil, həm də dost və müttəfiq ölkələrə yüksək texnologiyalara əsaslanan etibarlı və effektiv həllər təqdim etməkdir. Bu gün baxdığımız zaman nümayiş etdirdiyimiz keyfiyyət və inamla 5-ci nəsil döyüş təyyarəsi istehsal edə bilən dünyada nadir ölkələrdən biriyik. PUA-larımız, helikopterlərimiz, təyyarələrimiz və yeni texnologiyalarımızla birlikdə ölkəmizin hər sahədə aparıcı aviasiya və müdafiə qurumuyuq. Bu gün TUSAŞ məhsullarının yerləşdiyi coğrafiyalar günü-gündən genişlənir. Dünyanın bir çox fərqli nöqtəsində hava platformalarımız və sistemlərimiz böyük maraq və təqdirlə qarşılanır. Bu geniş ixracat coğrafiyası TUSAŞ-ın beynəlxalq arenada yüksələn bir güc olduğunun ən konkret göstəricisidir. TUSAŞ olaraq ixrac hədəflərimiz çərçivəsində qlobal miqyasda rəqabət qabiliyyətimizi artırmaq üçün dayanmadan çalışırıq.
– Əhatə dairəsini genişləndirən TUSAŞ, xarici ölkələrdə yeni ofislər açır, törəmə şirkətlər yaradır ki, belə ofislərdən biri də bu yaxınlarda İndoneziyada açıldı… Bununla yanaşı TUSAŞ Azərbaycanda “Turkish Aerospace Azerbaijan” adlı törəmə şirkətini yaradıb. Bu şirkətin fəaliyyəti, istiqaməti və gələcək planları ilə bağlı nələri deyə bilərsiz?
– Strateji əhəmiyyətə sahib ölkələrdə yeni şirkətlər yaradırıq. Azərbaycan və bir çox ölkə ilə müxtəlif sahələrdə danışıqlarımızı davam etdiririk. Malayziya və İndoneziyada olduğu kimi Bakıda da mühəndislik ofisi açmaq istəyirik. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycandakı universitetlərin aviasiya və kosmik fakültələrindən məzun olan mühəndislər bu ofisdə işləyə biləcəklər. Azərbaycan Texniki Universiteti ilə TUSAŞ arasında akademik sahədə əməkdaşlığın edilməsi üçün anlaşma memorandumu imzaladıq. Eyni zamanda, Azərbaycan Texniki Universiteti ilə “Mühəndislərin İnkişafı Proqramı”nı uğurla həyata keçiririk. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi və texnologiya sahəsindəki əməkdaşlığı dərinləşdirmək və iki ölkənin birgə layihələrdə daha səmərəli işləməsinə zəmin hazırlamaq məqsədi ilə irəliləyirik. TUSAŞ-ın Azərbaycandakı fəaliyyətini genişləndirərək yerli işçi qüvvəsi ilə birlikdə yüksək dəyərli layihələr hazırlamağı hədəflədiyimiz bu təşəbbüs regiondakı texnoloji inkişafa da mühüm töhfələr verəcək.
– Bu yaxınlarda “Defense News” jurnalı 2024-cü il üçün dünyanın ən böyük 100 müdafiə sənayesi şirkətinin siyahısını açıqladı. Siyahıda görünürdü ki, TUSAŞ ötən illə müqayisədə 8 pillə irəliləyərək 50-ci yerdə qərarlaşıb. Şirkətin bu irəliləyişi və gələcək planları haqqında nələri deyə bilərsiniz?
– Sahib olduğumuz dəyərli insan resursu və təcrübə ilə ölkəmizə əlavə dəyər verməyə davam edirik. Şirkətimiz bu səylərin nəticəsində dünyanın ən böyük müdafiə şirkətləri arasında 50-ci yeri tutaraq böyük uğura imza atmışdır. Bizləri çox qürurlandıran bu uğur türk mühəndislərinin üstün qabiliyyətlərinin, əzm və qərarlıqla apardıqları işlərin nəticəsidir. Bu uğuru ölkəmizin müdafiə sənayesində qazandığı müstəqilliyin və texnoloji istehsal potensialının beynəlxalq səviyyədə qiymətləndirilməsi kimi dəyərləndiririk. Bizlər təkcə məhsullarımızla deyil, eyni zamanda, sahib olduğumuz yüksək texnologiya və tədqiqat-inkişaf potensialımızla da dünya müdafiə sənayesinə istiqamət veririk. Bu yüksəliş TUSAŞ-ın sadəcə bu gün deyil, gələcəkdə də qabaqcıl müdafiə şirkətlərindən biri olacağına işarədir. Gələcək planlarımızda bu uğuru daha da irəli aparmaq və dünya reytinqində daha yüksək yerlərə çıxmaq daxildir. Məhsul çeşidimizi genişləndirərək xüsusilə orijinal layihələrimizlə qlobal bazarda daha güclü var olmağı hədəfləyirik. TUSAŞ-ın yüksəlişi sadəcə bir şirkətin uğuru deyil, həm də Türkiyənin müdafiə sənayesində çatdığı nöqtənin təzahürüdür. TUSAŞ öz texnologiyasını inkişaf etdirən və ixrac edən Türkiyənin ən böyük aviasiya, kosmos və müdafiə şirkətidir. Bu çərçivədə bu cür uğurları məqsədə çatmaq üçün sadəcə pilləkən olaraq görür və gələcəyə ümidlə baxırıq.
Müsahibə üçün təşəkkür edirik.
Zaur Babaşov