Mərakeş və Hindistan WhAP PDM-inin birgə istehsalına dair müqavilə imzalayıb

Mərakeş və Hindistan WhAP PDM-inin birgə istehsalına dair müqavilə imzalayıb

Mərakeş Hindistanın “Tata Group” şirkəti ilə WhAP təkərli piyada döyüş maşınlarının (PDM) birgə istehsalına dair müqavilə imzalayıb.

“Poliqon” “The Print” nəşrinə istinadən xəbər verir ki, müqaviləyə əsasən lokallaşdırma dərəcəsi ilkin mərhələdə minimum 35 faiz olacaq, 36 ay ərzində isə 50 faizə yüksələcək.

Xarici KİV-in məlumatına görə, söhbət 150 maşının alınmasından gedir. Müqaviləyə əsasən, PDM-lər üç il müddətinə Mərakeş Silahlı Qüvvələrinə təhvil veriləcək. Bu, Hindistan istehsalı olan zirehli maşınlar üçün ən böyük ixrac müqaviləsidir.

WhAP 8×8 təkər formullu APC, BMP, 105 mm toplu yüngül tank, komanda-qərargah maşını, sanitar maşın və 120 mm özüyeriyən minaatan kimi müxtəlif növ texnikalar üçün ümumi platforma olaraq hazırlanıb. Zirehli platforma Hindistanın ilk amfibiya piyada döyüş təkərli maşınıdır.

Dövlət Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) ilə birgə layihələndirilən “Tata Advanced Systems” şirkətinin qabaqcıl məhsulu avtomatik ötürmə, üzmə və sürmə ilə inteqrasiya edilmiş güc paketinə malikdir.

Əlavə asma zireh modullardan istifadə edilməsi planlaşdırılır ki, onlarla birlikdə maşın 14,5 mm-lik pulemyotun atəşinə tab gətirə bilər. Əsas versiyalarda maşın yalnız kiçik çaplı atıcı silahların atəşindən qorunur. Həmçinin bildirilir ki, PDM gövdəsinin alt hissəsi minalardan qorunmaq üçün möhkəmləndirilib, desant bölməsində mina əleyhinə oturacaqlar quraşdırılıb. İstehsalçınln bildirməsinə görə, maşın 8 kq trotillə təchiz edilmiş tank əleyhinə mina partlayışına tab gətirməlidir.

8×8 təkər konfiqurasiyası hidropnevmatik asqı üzərində ikiqat dayaq dəstəklərindən istifadə etməklə quraşdırılmışdır. Bütün təkərlər boşalmış vəziyyətdə işləmək qabiliyyətinə malikdir, bu da maşına təkər deşildikdən sonra da hərəkət etmək imkanı verir. Dörd ox var, ön ox idarə olunur, bu da maşının dönmə radiusunu minimuma endirir.

Heyəti 2 nəfərdən ibarətdir, əlavə olaraq 12 nəfər desant daşıya bilir.

Maşın saatda 100 km-ə qədər sürəti inkişaf etdirməyə imkan verən 600 at gücünə malik turbomühərrikli dizel mühərriki ilə təchiz edilib. Üzmək üçün iki su hərəkətetdiricisi ilə təchiz olunub. Suda üzmə sürəti 8-10 km/saatdır.

İstehsalçı geniş çeşiddə döyüş modullarının quraşdırılması imkanını nəzərdə tutub. Lakin maşının Hindistan Ordusu üçün istehsal versiyası BMP-2 PDM-dən 30 mm-lik 2A42 avtomatik top, 7,62 mm-lik PKT pulemyotu və tank əleyhinə idarə olunan raketi (TƏİR) olan qüllə ilə təchiz edilib.

WhAP PDM-in kütləsi təxminən 24 ton, uzunluğu 8 m, eni 3 m və hündürlüyü 2,3 m-dir. Avtomatlaşdırılmış təkər şişirmə sistemi ilə təchiz edilib. Silah uzaqdan idarə olunan döyüş modulunda quraşdırılmış 12,7 mm-lik pulemyot və avtomatik qumbaraatanla ilə təmsil olunur. Kongsberg Protector MCT-30R uzaqdan idarə olunan döyüş modulunda (RWS) 30×113 mm-lik avtomatik top və cütləşdirilmiş 7,62×51 mm-lik pulemyotla təchiz olunur. Eləcə də BMP-2 PDM-in  30×165 mm-lik avtomatik top, cütləşdirilmiş 7,62x54R mm-lik pulemyot və TƏİR buraxma qurğulu qülləsini də quraşdırmaq mümkündür. RCWS variantında 40 mm-lik avtomatik qumbaraatan əlavə edilir və sürətli atəş rejimində iki tank əleyhinə idarə olunan raket buraxıcısı əlavə etmək imkanına malikdir. Beləliklə, PDM düşmənin piyada qoşunlarına, yüngül zirehli texnikalarına, hətta əsas döyüş tanklarına qarşı durmağa qadirdir.

PDM-in planlaşdırılan variantlarına təcili yardım, nüvə-bakterialoji-kimyəvi kəşfiyyat, komanda məntəqəsi və mühəndis maşını daxildir. Hazırda PDM-in iki modifikasiyası mövcuddur:

– ordu variantı: 30 mm avtomatik top qülləsi və 7,62 mm uzaqdan idarə olunan orta pulemyotlu amfibiya variantı.

– CRPF (Central Reserve Police Force – Mərkəzi Ehtiyat Polis Qüvvələri) variantı: 7,62 mm uzaqdan idarə olunan orta pulemyotlu amfibiya variantı.

“Kestrel” olaraq da adlandırılan WhAP, Sovet istehsalı BMP-1 və BMP-2 PDM-ləri əvəz etmək üçün yerli müdafiə sənayesi tərəfindən yaradılıb. Bu texnikanın ilk partiyası 2022-ci ilin aprelində Çin qoşunları ilə sərhəd toqquşmalarının baş verdiyi Ladaxda yerləşdirilmək üçün orduya təhvil verilib.

Qeyd edək ki, keçən il Mərakeş Kral Silahlı Qüvvələri “Tata Group” şirkətindən 90 ədəd hərbi yük maşını alıb.

Əhəd Vahidoğlu

CATEGORIES