Xəbərlər

Minaatanlar üçün idarə olunan döyüş sursatları

Adətən düşmən yaxın məsafələrdə hazırlanmış mövqelərdə fəaliyyət göstərəndə öz qoşunlarımız bir çox hallarda himayəsiz qalır və təsirli artilleriya komponenti ilə dəstəklənən üstün atəş gücü olmadan irəliləyə bilmir. Bundan əlavə, mülki şəxslərin və humanitar təşkilatların üzvlərinin döyüş bölgələrində olması döyüş tapşırıqlarının itkisiz yerinə yetirilməsinə maneə olur. Bununla da belə nəticəyə gəlmək olur ki, ümumiyyətlə adi artilleriya sursatlarının anti-terror və sülhməramlı əməliyyatlarda, eləcə də yaxın məsafəli döyüşlərdə istifadəsi yanlışdır, bu zaman yeni, xüsusi yaradılmış, yüksək dəqiqli sursatlarla minimuma endirilə bilən dolayı itkilər riski yüksəkdir.

Tək atış, tək vuruş

Ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur. Artilleriya düşmən qüvvələrini dağıtma, düşməni məhv etmək və ya lazım olduqda öz qoşunlarını himayə kimi klassik tapşırıqları yerinə yetirir və gecə müəyyən bir ərazini işıqlandıraraq döyüş meydanındakı döyüş bölmələrini dəstəkləyir.

Bununla belə, artilleriyanın bu tapşırıqları yerinə yetirmək bacarığı gələcəkdə də təmin edilməlidir. Nəticədə, lüləli artilleriya silahları üçün ənənəvi iri çaplı sursatların istehsalı davam edəcək, artilleriya sursatlarının nomenklatura növlərini artırmaq və hədəflərə təsirini yüksəltmək üçün daha da inkişaf etdiriləcəkdir.

Yaxın tarixdə – 2001-2014-cü illərdə Əfqanıstanda aparılmış “Dayanıqlı Azadlıq Əməliyyatı” (“Operation Enduring Freedom – OEF”) və 2003-2011-ci illərdə İraqda aparılmış “İraqa Azadlıq Əməliyyatı” (“Operation Iraqi Freedom – OİF”) zamanı, artilleriyanın daima dəyişən və yeni ssenarilərdə tətbiqi barədə suallar qaldırılmışdır. Belə ki, bu əməliyyatlar göstərmişdir ki, ən böyük çətinlik açıq ərazilərdə deyil, şəhərlərdə və dağlıq ərazilərdə aparılan fəaliyyətlərdədir. Mülki əhalinin və ya öz qoşunlarının bilavasitə yaxınlığındakı hədəflərə, eləcə də mağaralarda və sığınacaqlarda gizlənmiş hədəflərə dəqiq zərbələr endirməyə ehtiyac var. Bu səbəbdən də həmin əməliyyatlar ərzində istifadə edilmiş artilleriya sursatlarının 65-70%-ini GPS, inersial, lazer işıqlandırılmalı və digər bu tip avtomatlaşdırılmış tuşlama sistemləri olan idarə olunan sursatlar təşkil edib. Bu isə öz növbəsində ondan irəli gəlmişdir ki, bir çox hallarda ənənəvi döyüş meydanı öz yerini asimmetrik müharibəyə (və ya asimmetrik mübarizəyə – asymmetric warfare or asymmetric engagement) verib.

Bu təcrübələrdən irəli gələrək, son zamanlar bir çox inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında döyüş fəaliyyətlərinin aparılması konsepsiyası köklü dəyişikliklərə məruz qalmışdır. Hazırda “təmassız müharibə” (“contactless war”) anlayışının dünya orduları tərəfindən geniş tətbiq edilməsi üsulları öyrənilir.

“Təmassız müharibə” anlayışı dedikdə yüksək dəqiqlikli silah nümunələri istifadə etməklə pilotlu və pilotsuz aviasiya vasitələrinin, idarə olunan reaktiv mərmilərin (raketlərin) və yüksək dəqiqlikli uzaq mənzilli artilleriyanın tətbiqi başa düşülür. Bu zaman əsas diqqət sahələrə kütləvi atəş zərbəsinin endirilməsinə deyil, konkret hədəflərin nöqtə zərbələri endirməklə məhv edilməsinə yönəldilir. Yeni nəsil müharibələrin əsas məqsədi – düşmənin iqtisadi potensialının dağıdılması, ordusunun demoralizə olunması və siyasi rejiminin dəyişdirilməsidir.

Bu konsepsiya, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək apardığı 44 günlük Vətən müharibəsində öz təsdiqini daha geniş tapıb. Hazırda Azərbaycanın bu təcrübəsi bir çox aparıcı dövlətlərin ordularının Baş Qərargahları tərəfindən hərtərəfli öyrənilir. Ordumuz apardığı döyüş fəaliyyətləri ilə bir daha təsdiq etdi ki, müasir müharibələrdə həlledici rol çoxsaylı quru qoşunlarına və nüvə silahına deyil, yüksək dəqiqlikli adi zərbə və müdafiə silahlarına, eləcə də yeni fiziki prinsiplər əsasında yaradılan silahlara verilir. Bu zaman güclü informasiya zərbələrinin və müxtəlif bazalı insansız (pilotsuz) yüksək dəqiqlikli silahların kütləvi zərbələrinin endirilməsi üstünlük təşkil edir.

Lüləli artilleriya silahları hərbi cəhətdən inkişaf etmiş ölkələrin ordularının silahlanma sistemində lider yerlərdən birini tutur. Bununla birlikdə, artilleriyanın aşkar bir şəkildə inkişafına baxmayaraq, əsas döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb edilən silahların sayı, mərmi sərfiyyatı və lazım olan vaxt hələ də əhəmiyyətlidir. Mərmi sərfiyyatının və tapşırıqların yerinə yetirilməsi üçün vaxtın azaldılması yalnız yüksək dəqiqlikli atışda əldə edilə bilər. Atış dəqiqliyinin artırmağın, eyni vaxtda döyüş qabiliyyətlərinin genişləndirilməsinin əsas istiqamətlərindən biri idarə olunan artilleriya silah sistemlərinin istifadəsidir.

Müasir döyüş fəaliyyətlərinin təhlili zərbə və “gəzən sursat” tipli pilotsuz uçuş aparatları ilə yanaşı, artilleriya silahları üçün də bir sıra yeni tələblər ortaya çıxarıb. Bu tələblər sırasında düşmənlə bilavasitə təmas zonasındakı qoşunlara atəş dəstəyinin verilməsi zərurəti əsas yer tutur. Bu tələbin yerinə yetirilməsi yeni yüksək dəqiqlikli artilleriya sursatlarının yaradılması ilə əhəmiyyətli dərəcədə sadələşib. Belə sursatların uzaq məsafəyə atışı və yüksək dəqiqliyi yalnız düşmən üzərində taktiki üstünlük əldə etməyə deyil, eləcə də mülki əhali arasında itkiləri azaltmağa imkan verir.

Hazırda bir çox ölkələr idarə olunan yüksək dəqiqlikli artilleriya sursatlarının, həmçinin əvvəllər yaradılmış döyüş sursatlarının idarə olunması və ya korreksiya sistemlərinin yaradılmasına külli miqdarda maliyyə vəsaiti ayırır.

Belə döyüş sursatlarının əsas üstünlüyü onların dəqiqliyində və döyüş dəstinin az sərfiyyatındadır. Qoşunlara belə “intelektual” sursatların daxil olması yedəyə alınan və özüyeriyən artilleriya silahları kimi yerüstü zərbə platformalarının məhvetmə gücünü əhəmiyyətli dərəcədə artırır.

İlk atışdan hədəfi vurma ehtimalı yüksək olan seçilmiş tək hədəflərin zərərsizləşdirilməsi əvvəlcə lüləli artilleriya silahlarının əməliyyat funksiyasının bir hissəsi deyildir. Sahə hədəflərinə atəş açmaq üçün ənənəvi silah olduğundan artilleriya mərmisinin dəqiqliyi ikinci dərəcəli bir meyar hesab edilirdi. Mərmilər müəyyən bir sapma ilə hədəf sahəsinin təxmini mərkəzini vurmalı idi. Lakin, dairəvi sapma ehtimalı (DSE) riyazi proqressiyada məsafənin artması ilə böyüyür. Beləliklə, hədəfə olan məsafə artdıqca sapma həm uzunluq, həm də en üzrə artır. Bu təsiri kompensasiya etməkdən ötrü hədəfi effektiv şəkildə vurmaq üçün daha çox döyüş sursatına ehtiyac yaranır. Bütün bunlara kritik nöqteyi nəzərdən baxmaq lazım olduğundan, dəqiqliyi artırmaq üçün həll yolları yalnız maddi-texniki təminat baxımından deyil, həm də yuxarıda göstərilən dəyişmiş tələblər əsasında araşdırılmalı və həyata keçirilməlidir.

Yeni yaradılmış mərmilərin artan dəqiqliyi qoşunlara hədəfi daha az döyüş sursatı istifadə etmək imkanı verir. Artan dəqiqlik nəticəsində daha az sursat istifadəsi nəzərə alınaraq, döyüşlərdə iştirak etməyən mülki şəxslərə qarşı təhdidlər azalır.

Döyüş tapşırıqlarını yerinə yetirərkən idarə olunan artilleriya silahları kompleksləri cəlb edilən silahların sayını – 2-3 dəfə, mərmi sərfiyyatını – ən azı 50 dəfə, döyüş tapşırığını yerinə yetirməyin qiymətini isə 5-10 dəfə azaltmağa imkan verir.

Artilleriya sistemlərinin müasir tipli idarə olunan mərmilərlə təchiz edilməsi, artilleriya bölmələrinin ştat strukturunun dəyişdirilməsini tələb etmir.

Sadalanan tələbləri nəzərə alaraq, müxtəlif ölkələrin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri həm artilleriya, həm də minatan sistemləri üçün idarə olunan sursatlar yaradıblar.

Rusiya və Ukraynadan idarə olunan minalar

Keçmiş SSRİ, sonradan isə Rusiya bu texnologiyanı 1980-ci illərin əvvəllərindən bəri istifadə edib və lazerlə idarə olunan müxtəlif çaplı minaatan sursatları yaradılıb. Buraya yedəyə alınan və özüyeriyən minaatanlardan atış aparmaq üçün 120 mm-lik KM-8 “Qran” və  “Kitolov-2”, həmçinin 240 mm-lik “Smelçak” atəş yığımları daxildir.

120 mm-lik 2S9 “Nona”, 2S23 “Nona-SVK” və 2S31 “Vena” özüyeriyən artilleriya silahlarından istifadə üçün təyin edilmiş “Kitolov-2” ayrı kartuz doldurumlu atəş yığımının nişangah məsafəsi 2000-12000 metr təşkil edir.

Yarıaktiv lazer özütuşlama başlığına sahib atəş yığımının döyüş hissəsi qəlpəli-fuqas tiplidir. Atəş yığımının uzunluğu 1190 mm, kütləsi 28 kq və partlayıcı maddənin kütləsi 5,5 kq təşkil edir. Minanın idarə olunması prinsipi yarıaktiv lazer özütuşlamaya əsaslanır.

“Kitolov” idarə olunan artilleriya kompleksinin hamar və yivli lüləli 120 mm-lik minaatanlar üçün nəzərdə tutulmuş variantı KM-8 “Qran” atəş yığımıdır. Bu atəş yığımı da Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılıb.

Kompleksin tərkibinə 120 mm-lik idarə olunan mina və tullayıcı atım, “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (yedəyə alınan minaatan bölmələri üçün) daxildir. Özüyeriyən artilleriya qurğularında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D22 məsafəölçənindən istifadə olunur. Minanın idarə olunması prinsipi yarıaktiv lazer özütuşlamaya əsaslanır.

Kompleksin əsas tərkib hissəsi olan qəlpəli-fuqas minanın uzunluğu 1200 mm, kütləsi 27 kq, döyüş hissəsinin kütləsi 11,2 kq və partlayıcı maddənin kütləsi 5,3 kq təşkil edir. Minada 9E430 tipli özütuşlama başlığı tətbiq edilib. Atəş yığımı ilə nişangah atış məsafəsi 1500-9000 metr təşkil edir.

240 mm-lik 1K113 “Smelçak” idarə olunan silah kompleksi yedəyə alınan M-240 minaatanı və 2S4 “Tülpan” özüyeriyən minaatanı üçün nəzərdə tutulub. “Ametex” Elmi-Texniki Kompleksi QSC-nin “Divkon” Sınaq-Konstruktor Bürosu tərəfindən yaradılmış kompleksin tərkibinə 240 mm-lik korrektə olunan 3F5 qəlpəli-fuqas minalı 3VF4 atəş yığımı, 1D15 lazer hədəfgöstərici-məsafəölçəni, sinxronlaşdırma vasitələri 1A35K və 1A35İ daxildir. Trayektoriyada idarə olunması reaktiv impuls mühərriklərinin vasitəsilə yerinə yetirilir.

KRUCA

Ukraynanın “Proqress” Elmi-İstehsalat Kompleksi və “Toçnost” Mərkəzi Konstruktor Bürosu tərəfindən hazırlanmış 120 mm-lik “Kruça” qəlpəli-fuqas atəş yığımının kütləsi 28 kq, maksimal atış məsafəsi 10000-12000 metrdir. Atəş yığımı 2S9 “Nona” və 2S23 “Nona-SVK” artilleriya sistemlərində tətbiq üçün nəzərdə tutulur.

 

İsrail nümunələri

İsrailin “Israel Military Industries” (IMI) şirkəti tərəfindən 81 mm-lik minaatanlar üçün yaradılmış GPS idarəetməli GM81 minasının dairəvi sapma ehtimalı (DSE) 10 metrdən azdır.

IMI və “Rafael Advanced Defense Systems LTD” şirkətlərinin ABŞ-ın “Raytheon Missile Systems” şirkəti ilə birlikdə yaratdığı 120 mm-lik idarə olunan “Pure Heart” (Pure Digital Real Time) yüksək dəqiqlikli minaatan sursatı GPS idarəetməsi ilə yanaşı lazer idarəetməsi texnologiyası ilə də təchiz edilib. Minanın məlum olan faktiki uçuş məsafəsi 13 km-dir. Bildirilir ki, mina yalnız GPS idarəetməsi rejimində işləyərkən maksimal dairəvi sapma ehtimalı 10 metrdən azdır. Lazer idarəetməsinin əlavə edilməsi ilə dəqiqlik artırılaraq DSE 1,5 metrdən az məsafəyə endirilir.

IMI və “Raytheon Missile Systems” şirkətlərinin birlikdə yaratdığı 120 mm-lik idarə olunan mina isə yüksək dəqiqlikli PERM (Precision Extended Range Mortar) sursatı komandirə daha az sursatdan istifadə edərək düşmən hədəflərini daha uzun məsafələrdə məhv etmək imkanı verir. Adi minatan minası təxminən 7-8 kilometr məsafəni qət etdiyi halda PERM minaları 16 kilometrə qədər məsafəyə çata bilir. GPS ilə idarə olunan minanın dairəvi sapma ehtimalı 2 metrdir. Gələcəkdə PERM minalarında yarıaktiv lazer idarəetmənin əlavə edilməsi planlaşdırır.

perm mortar725

2015-ci ilin dekabr ayında “Raytheon Missile Systems” şirkəti Pentaqonla ABŞ Dəniz Piyadaları Korpusuna PERM sursatının çatdırılmasına dair ümumi dəyəri 98 milyon dollar, müddəti 60 ay təşkil edən ilk müqaviləni imzalayıb.

İsrailin “Elbit Systems” şirkəti də idarə olunan 120 mm-lik minaatan atəş yığımları mövzusunda bir neçə layihə həyata keçirib. Bunların sırasına “Stylet GMM” (Guided Mortar Munition – idarə olunan minaatan sursatı), “Rapier LRGMM” (Long-Range Guided Mortar Munition – uzun mənzilli idarə olunan minaatan sursatı) və “Iron Sting LGGMM” (Laser and GPS-Guided Mortar Munition – lazer və GPS idarəetməli minaatan sursatı) atəş yığımları daxildir.

STYLET“Stylet GMM” atəş yığımı taktiki döyüş, xüsusi təyinatli və digər bölmələr üçün nəzərdə tutulmuş idarə olunan minaatan sursatıdır. Çoxrejimli partladıcı “Point Detonation” – PD (zərbə detonasiyası), “Point Detonation Delay” – PDD (ləngidilmiş zərbə detonasiyalı) və “Proximity Sensor” – PRX (yaxınlaşma sensoru rejimi) rejimlərində işləyir.

“Rapier LRGMM” atəş yığımı hətta ağır hava şəraitində belə 16 km-ə qədər uzun mənzilə atəş aparmanı təmin edir. Atəş yığımı, hədəfləri təyin etmək ehtiyacını aradan qaldıraraq atəş dəstəyi inkanlarını genişləndirir və üstün hədəf dəqiqliyini təmin edir. İdarəetmə GPS və INS sistemlər vasitəsilə yerinə yetirilir. Çoxrejimli partladıcı, PD, PDD və PRX rejimlərində işləyir. Tuşlanma tapşırıqlarının yüklənməsi zamanı meteoroloji məlumatlar tələb olunmur.

“Iron Sting LGGMM” idarə olunan minaatan sursatının uçuş məsafəsi, tətbiq olunduğu minaatandan asılı olaraq, 1-10 km təşkil edir. Üç idarəetmə rejimi var: GPS/IMU, SAL + GPS/IMU və SAL + IMU. Döyüş başlığı, ikiqat gücləndirilmiş betona partlama və parçalanma təsiri ilə nüfuz edə bilir. Çoxrejimli partladıcı PD, PDD və PRX  rejimlərində işləyir. Bu atəş yığımında da tuşlanma tapşırıqlarının yüklənməsi zamanı meteoroloji məlumatlar tələb olunmur.

Hər üç atəş yığımı 120 mm-lik “Cardom” və “Spear” avtomatik minaatan sistemlərindən, eləcə də müvafiq idarəetmə avadanlığı ilə təchiz edilmiş digər 120 mm-lik minaatanlardan atış aparmanı təmin edir.

2019-cu ilin aprel ayında “Elbit Systems” şirkəti adını açıqlamadığı Asiya-Sakit Okean regionunun bir dövlətinin silahlı qüvvələri ilə “Stylet GMM” idarə olunan minaatan atəş yığımlarının tədarükünə dair 30 milyon dollar dəyərində ixracat müqavilə imzaladığını açıqlayıb.

 

Atəş yığımlarının əsas taktiki-texniki xassələri:

 

Xassələr Parametrlər
“Stylet GMM” “Rapier LRGMM” “Iron Sting LGGMM”
Kütləsi, kq 14   16,7
Atış məsafəsi, km 1 – 8,5 1 – 16 km (minaatan sistemindən asılı olaraq) 1 – 10
İdarəetməsi GPS/INS GPS/INS GPS/IMU+SAL
Partlayıcı maddənin çəkisi, kq 2,2 2,2  
Dəqiqlik DSE 50% <10 m DSE 50% <10 m DSE 50% : GPS<10m; SAL<1m
Uzunluğu, mm 907 980 950
Döyüş başlığı Fuqas və qəlpəli Fuqas və qəlpəli 10.8 kq (qəlpəli/nüfuzedici)
Tullayıcı atım (C19) 5 atıma qədər 6 atıma qədər  
Tapşırığı yükləmə müddəti, saniyə ~15 ~15 ~15
Axtarıcı / Sensor Sərt boyunlu CMOS ikili rejim
Vurma bucağı, dərəcə 50-75

IMU – Inertial Measurement Unit, SAL – Semi-Active Laser

İspaniyanın “EXPAL Systems, S.A.”şirkəti isə biraz fərqli bir yanaşma tətbiq edib. Şirkət 120 mm-lik GMG-120 minası istehsal edir və burada minanı idarə etmək üçün lazım olan komponentlər partladıcı ilə minanın gövdəsi arasında quraşdırılır.

Fransanın “Nexter Munitions” şirkəti tərəfindən yaradılan 120 mm-lik idarə olunan minanın da dairəvi sapma ehtimalının 1 metrdən az olması planlaşdırılır.

Göstərilənləri nəzərə alaraq, Azərbaycan Ordusunun 120 mm-lik minaatan bölmələrinin atəş məsafəsinin və dəqiqliyinin artırılması məqsədi ilə KM-8 “Qran”, “Kitolov-2”, “Kruça”, “Stylet”, “Rapier” və “Iron Sting” atəş yığımlarının alınaraq silahlanmaya daxil edilməsi məqsədəuyğun hesab edilir.

Yekun olaraq qeyd etmək lazımdır ki, müasir və qabaqcıl artilleriya sursatlarının dəqiqliyinin həqiqətən lazer tuşlama və GPS sistemləri sayəsində artırılacağı iddia etmək olar. Perspektiv layihələr bu texnologiyanı davamlı olaraq təkmilləşdirəcək və daha sərfəli edəcəkdir. Bu cür yüksək dəqiqlikli döyüş sursatları artilleriya silahlarına mürəkkəb tapşırıqları yerinə yetirməyə və müasir asimmetrik döyüş meydanında qalmağa imkan verəcəkdir. AD

Əhəd Əzizov

 

Back to top button