
Müdafiə Sənayesi Nazirliyində (MSN) 2016-cı ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Bu barədə “AzeriDefence”yə MSN-nin mətbuat xidmətindən məlumat verilib.
Nazir Yavər Camalov bildirib ki, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib, eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib:
“2016-cı ildə nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub. Hesabat ilində sifarişçilərə təhvil verilən məmulatlardan – pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar”.
Y. Camalov deyib ki, 2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub:
“Ötən ildə nazirliyin Elmi-Tədqiqat İnstitutu tərəfindən dövlət sifarişi xətti ilə 30 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılıb. Eyni zamanda, Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib”.
Kollegiyada qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi ADEX-2014 sərgisi kimi ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisini də yüksək səviyyədə təşkil edilib.
Sərgidə ilk dəfə olaraq mina əleyhinə qoruması olan “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilən “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgidə nümayiş olunub.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanıb.
İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənildi.
Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.



