Xəbərlər

“Oshkosh Defence” şirkəti ABŞ Ordusuna taktiki maşınlar tədarük edəcək

ABŞ-ın “Oshkosh Defence” şirkəti orduya 541 ədəd FMTV A2 taktiki maşını tədarük edəcək.

“Poliqon” xəbər verir ki, “Oshkosh Defence” şirkətinin mətbuat xidməti, şirkətin ABŞ Ordusunun Tank-Avtomobil və Silahlar Komandanlığının (Tank-Automotive and Armaments Command – TACOM) Həyat Dövrü İdarəetmə İdarəsindən (Life Cycle Management Command – LCMC) 152 milyon ABŞ dolları dəyərində 541 ədəd FMTV orta taktiki nəqliyyat vasitəsinin A2 versiyasının tədarükü barədə sifariş aldığını açıqlayıb.

Qeyd edək ki, FMTV A2, 1988-ci ildən bəri ABŞ ordusunda istismarda olan FMTV A1P2 taktiki avtomobilinin təkmilləşdirilmiş versiyasıdır. 2009-cu ildən etibarən “Oshkosh Defence” şirkəti bu texnikanın ABŞ Ordusuna aparıcı təchizatçısıdır. Şirkət bu günədək 41000 ədəddən artıq FMTV A1P2 taktiki maşını, A2 yük avtomobili və qoşqu istehsal edib.

Növbəti sifarişin alınması uğurlu sınaqlardan sonra FMTV istehsalının A2 versiyasında davam etdirilməsi deməkdir. Bu isə öz növbəsində, FMTV A1P2-nin əvvəlki modifikasiyasının istehsalının tədricən azalması fonunda baş verir. Şirkətin mətbuat xidmətinin bildirdiyinə görə, FMTV A1P2 versiyasının istehsalının 2021-ci ilin sentyabr ayında dayandırılması gözlənilir.

FMTV A2 taktiki maşını əsgərlərə yüksəldilmiş hərəkətlilik və mobillik təmin edərək daha yüksək qoruma səviyyəsi və artan yükqaldırma qabiliyyəti təklif edir. Bu genişləndirilmiş imkanlar FMTV A2-ni ABŞ Ordusunun təkmilləşdirmə təşəbbüsləri üçün əsas amil olaraq təyin edir.

Xatırladaq ki, FMTV A2 model sırası, 3 tondan 10 tona qədər faydalı yük daşıya bilən və döyüş dəstəyindən kömək, logistika və təchizat əməliyyatlarına qədər geniş tapşırıqlar yerinə yetirə bilən 16 maşın modifikasiyasından və müvafiq qoşqulardan ibarətdir.

Məlumat üçün bildirək ki, cari ilin may ayında “Oshkosh Defence” şirkəti ABŞ ordusuna yük maşınları tədarük etməkdən ötrü dəyəri 146,8 milyon ABŞ dolları olan üç illik müqavilə aldığını açıqlayıb. Bu müqavilə əsasında şirkət orduya yeni və əsaslı təmir edilərək bərpa edilmiş taktiki ağır yük maşınları (HEMTT), palet yükləmə sistemli (PLS) yük maşınları və qoşqular, həmçinin ağır avadanlıq daşıyıcıları (HET) tədarük edəcək. İlkin sifariş cəmi 353 ədəd avtomobildən ibarətdir.

ABS ABS2

Əhəd Əzizov

Poliqon.az

Back to top button