“Otokar” adı açıqlanmayan ölkəyə zirehli maşınlar tədarük edəcək

“Otokar” adı açıqlanmayan ölkəyə zirehli maşınlar tədarük edəcək

Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan ölkəyə 4×4 təkər formullu zirehli maşınların tədarük edilməsinə dair 41 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Otokar” şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqaviləyə əsasən, zirehli maşınların bu ilin sonundan başlayaraq 1 il ərzində partiyalar şəklində sifarişçiyə təhvil verilməsi planlaşdırılıb. Razılaşmada tədarük ediləcək zirehli nəqliyyat vasitələrinə ehtiyyat hissə, texniki qulluq və təlim xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, “Otokar” Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkətidir. Qlobal müdafiə sənayesindəki mövqeyini hər il daha yüksək səviyyələrə qaldıran “Otokar” şirkətinin NATO və BMT təchizatçısı kimi 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur.

Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir.

Bu vasitələrin sırasında həm tırtıllı, həm də 8×8, 6×6 və 4×4 təkər formullu zirehli döyüş maşınları yer alır.

Poliqon.az

CATEGORIES
TAGS