“Otokar” zirehli nəqliyyat vasitələrini Rumıniyada nümayiş etdirir

“Otokar” zirehli nəqliyyat vasitələrini Rumıniyada nümayiş etdirir

Türkiyənin “Otokar” şirkəti zirehli nəqliyyat vasitələrini və imkanlarını 22-24 may tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən BSDA-2024 sərgisində nümayiş etdirir.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, 3 gün davam edəcək sərgidə şirkət dünyaca məşhur COBRA II və ARMA 8×8 zirehli nəqliyyat vasitələrini təqdim edir.

Sərgi ilə bağlı fikirlərini bölüşən “Otokar”ın daş direktoru Aykut Özüner, rəhbərlik etdiyi şirkətin dünyanın ən yaxşı quru sistemləri istehsalçıları arasında olduğunu bildirib: “Biz çox qürur duyuruq ki, NATO və BMT-nin hərbi maşın təchizatçısı olaraq “Otokar” dünyanın fərqli yerlərində müxtəlif missiyalarda bir çox fərqli iqlim və ərazi şəraitində xidmət edir. Uzun illərdir ki, geniş məhsul çeşidi və hərtərəfli inteqrasiya olunmuş logistika xidmətləri ilə qlobal bazarlarda rəğbət qazanan “Otokar”, dünyanın mühüm quru platforması layihələrinə imza atmaqdadır.

BSDA “Otokar” üçün regiondakı mövcud və potensial müştərilərimizlə görüşmək və gələcək əlaqələri inkişaf etdirmək üçün vacibdir. Xüsusilə, Rumıniya investisiya imkanları, strateji mövqeyi və yaxşı təhsilli işçi qüvvəsi ilə “Otokar” kimi Avropa bazarlarına çıxmaq istəyən şirkətlər üçün strateji ölkədir”.

A.Özüner vurğulayıb ki, “Otokar”ın əsas səhmdarı olan “Koç Holdinq” 30 ildən artıqdır Rumıniyada fəaliyyət göstərir.

Öz növbəsində “Otokar”ın hərbi klaster rəhbəri Sedef Vehbi, şirkətin mövcud ixracatla yanaşı, nou-hau və texnologiya transferi qabiliyyətinə də diqqət çəkib: “Bu gün hərbi maşınlarımız Avropadan Cənubi Amerikaya, Cənub-Şərqi Asiyadan Amerikaya, Mərkəzi Asiyadan Afrikaya, eləcə də Şərqi Avropaya kimi dünyanın demək olar ki, hər yerində 40-dan çox ölkədə xidmət göstərir”.

Daha sonra Rumıniya Milli Müdafiə Nazirliyinə bağlı olan C.N. “Romtehnica S.A.” şirkətinin 4×4 təkər formullu zirehli maşınların alınması üçün açdığı tenderə və “Otokar”ın verdiyi təklifə toxunulub.

S.Vehbi bildirib ki, “Otokar” uzun müddətdir Rumıniyadakı müdafiə satınalmaları ilə bağlı layihələri yaxından izləyir və bu ölkədəki yerli tərəfdaşı “Automecanica” şirkəti ilə birlikdə Rumıniya Milli Müdafiə Nazirliyinin çətin tələblərinə cavab vermək üçün ciddi şəkildə çalışır: “Buraya layihənin texniki, kommersiya və maliyyə aspektləri, həmçinin ölkədə əlavə dəyər və bacarıqların inkişafı məsələləri daxildir. Mükafat veriləcəyi təqdirdə, Rumıniyadakı obyektimizdən Avropadakı biznesimiz üçün strateji mərkəz kimi istifadə etməyi planlaşdırırıq”.

Onun sözlərinə görə, Rumıniyadakı müəssisədə yerli istehsal fəaliyyətləri ilə yanaşı, tədqiqat və təkmilləşdirmə işlərinin aparılması da planlaşdırılır.

“Digər tərəfdən, biz ölkədə yerli əlavə dəyəri artırmaq və Rumıniyanın müdafiə sahəsində müdafiə qabiliyyətinin inkişafına töhfə vermək üçün ölkənin yerli təchizatçıları və alt sistem istehsalçıları ilə işləmək əzmindəyik”, – deyə Sedef Vehbi qeyd edib.

Hərbi Klaster rəhbəri “Otokar” tərəfindən Rumıniya Silahlı Qüvvələrinə hansı zirehli nəqliyyat vasitəsinin təklif edildiyini də açıqlayıb: “Rumıniya Silahlı Qüvvələri üçün təklif olunan COBRA II, 20-dən çox son istifadəçinin inventarında fəaliyyət göstərən, NATO və BMT missiyalarında fəal şəkildə istifadə olunan və döyüşdə sübut edilmiş zirehli maşındır”.

NATO və BMT tədarükçüsü olan “Otokar”, öz texnologiyası və dizaynı ilə 4×4, 6×6, 8×8 təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı zirehli texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri istehsal etməklə müdafiə sənayesində qlobal güc olaraq seçilir. Beş qitənin 40-dan çox ölkəsində 33 mindən artıq hərbi maşını xidmətdə olan “Otokar”, dünyanın müxtəlif coğrafiyalarında əldə etdiyi təcrübəni nəqliyyat vasitəsi inkişaf fəaliyyətlərinə əks etdirir. Bu yolla “Otokar” bugünkü və gələcək təhdidlərə qarşı üstün həllər təklif edərək sektorda fərq yaratmağa davam edir.

COBRA II

COBRA II zirehli nəqliyyat vasitəsi yüksək mühafizəsi, daşıma səviyyəsi və böyük daxili həcmi ilə seçilir. Üstün hərəkət qabiliyyətinə əlavə olaraq, komandir və sürücü də daxil olmaqla 10 personalı daşımaq qabiliyyətinə malik COBRA II, ballistik, mina və PUA təhlükələrinə qarşı üstün müdafiəsi sayəsində yüksək səviyyəli təhlükəsizlik təklif edir.

Ən çətin relyef və iqlim şəraitində yüksək performans təmin edən COBRA II tələb olunan müxtəlif tapşırıqlara mükəmməl uyğunlaşır. Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində xüsusilə üstünlük verilən COBRA II Türkiyə və ixrac bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox missiyanı uğurla yerinə yetirir. Zirehli nəqliyyat vasitəsi modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, yerüstü müşahidə radarı, KBRN kəşfiyyat maşını, komanda idarəetmə vasitəsi və ambulans kimi də xidmət göstərə bilər.

ARMA 8×8

ARMA 8×8 müxtəlif missiyalar üçün amfibiya imkanlarına malik döyüşdə sübut edilmiş modul platformadır. ARMA müasir orduların sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verir. ARMA 8×8 yüksək missiya daşıma bacarığı və geniş interyerləri ilə yanaşı, aşağı silueti ilə də diqqət çəkir.

Yüksək ballistik və mina mühafizəsinə malik zirehli monokok gövdə 120 mm-ə qədər fərqli spesifikasiyalarda müxtəlif təyinatlı avadanlıq və silah sistemlərini quraşdırmağa imkan verir. ARMA, piyada döyüş maşını, komanda və idarəetmə, hava hücumundan müdafiə, istehkam, ambulans, təmir-bərpa, dəstək və oxşar missiyalar üçün uyğun platformadır.

Hazırda 500-dən çox ARMA avtomobili beş ölkədə doqquz istifadəçiyə xidmət göstərir.

CATEGORIES
TAGS