“Otokar” zirehli texnikalarını Latın Amerikasında sərgiləyir

“Otokar” zirehli texnikalarını Latın Amerikasında sərgiləyir

Türkiyənin “Otokar” şirkəti 5-7 dekabr tarixlərində Kolumbiyanın Boqota şəhərində keçirilən “Expodefensa-2023” sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirir.

“Otokar”dan “Poliqon”a bildirilib ki, eyni zamanda ziyarətçilər şirkətin texnologiya transferi, yerli istehsal sahəsindəki təcrübələri və digər imkanları haqqında məlumatlandırılırlar.

“Otokar” şirkətinin baş direktoru Serdar Görgüç bildirib ki, NATO və Birləşmiş Millətlər Təşkilatının təchizatçısı olan “Otokar”ın 33 minə yaxın zirehli texnikası 40-dan artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə edilir. Hazırda “Otokar”ın hərbi maşınları 60-dan çox son istifadəçi tərəfindən müxtəlif iqlim şərtlərində və müxtəlif coğrafi ərazilərdə aktiv şəkildə xidmətdədir.

Latın Amerikası bazarına daxil olmaq məsələsinin “Otokar”ın əsas prioritetlərindən biri olduğunu söyləyən S.Görgüç vurğulayıb ki, bu səbəbdən “Expodefensa” sərgisi rəhbərlik etdiyi şirkət üçün cari və potensial müştərilərlə görüşmək və əlaqələri inkişaf etdirmək baxımından müstəsna əhəmiyyət daşıyır.

““Otokar” beynəlxalq müdafiə sənayesindəki mövqeyini davamlı olaraq gücləndirir. Dizayn, sınaq və istehsal imkanlarımız sayəsində son istifadəçilərin daim dəyişən tələblərinə və ehtiyaclarına tez cavab vermək qabiliyyətimizlə seçilirik. Son 10 ildə gəlirimizin 7 faizini elmi-tədqiqat işlərinə və sınaq fəaliyyətlərimizə ayırmışıq. Dünyanın müxtəlif iqlimlərində və coğrafiyalarında əldə etdiyimiz təcrübələri nəqliyyat vasitələrinin inkişafı fəaliyyətlərimizə yönəldirik. Biz istifadəçilərimizin müxtəlif ehtiyac və gözləntilərini təhlil edir, bu tələbləri simulyasiya edir, elmi-tədqiqat işləri, mühəndislik və sınaq sahəsindəki mükəmməlliyimiz sayəsində bu tələblərə ən sürətli şəkildə cavab verən həllər inkişaf etdiririk”, – deyə şirkətin baş direktoru tərəfindən qeyd olunub.

“Otokar” müdafiə sənayesi üçün quru nəqliyyat vasitələri sahəsində hər cür zirehli avtomobilin və platformanın dizayn, inkişaf və sistem inteqrasiya  təcrübəsi ilə fərqlənir. Şirkət COBRA, COBRA II, COBRA II MRAP, AKREP II, URAL, ISV, ARMA 6×6, ARMA 8×8 və ARMA II 8×8 daxil olmaqla geniş çeşiddə taktiki zirehli maşınlar dizayn və istehsal edir. Bu məhsullar sağ qalmaq qabiliyyəti, üstün hərəkət bacarığı və modulluğu ilə tanınır. “Otokar”ın zirehli maşınları ən çətin relyef, hava, ərazi şəraitlərində xidmət göstərir və müxtəlif əməliyyatlarda öz performansını nümayiş etdirir.

“Otokar”ın TULPAR piyada döyüş maşını (PDM) ailəsi, əməliyyat meydanında bütün növ missiyalar üçün müasir silahlı qüvvələrin tələblərinə cavab verəcək əhəmiyyətli ballistik və mina mühafizəsi, eləcə də yüksək daşıma qabiliyyəti ilə çoxməqsədli platforma kimi dizayn olunub. TULPAR-ın yüksək gücü, effektiv asqı və avtomatik yol gərginliyi sistemi müxtəlif ərazi və iqlim şəraitində üstün hərəkət bacarığı təmin edir. Ailəyə daxil olan TULPAR orta ağırlıqlı tankına 105 mm-lik silah sistemi ilə inteqrasiya edilib. Bununla da “Otokar” şirkəti müştərilərinə yüksək atəş gücünə malik ən müasir həlli təmin edir.

CATEGORIES
TAGS