
Rusiyanın “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) artilleriya atəşinin idarə olunması üçün nəzərdə tutulmuş “Planşet-A” komplekslərinin növbəti partiyasını sifarişçiyə təhvil verib.
“Poliqon” “Yüksək Dəqiqlikli Komplekslər”ə istinadən xəbər verir ki, bu sistem müxtəlif növ artilleriya silahları ilə uyğun işləyir və onların tətbiqinin effektivliyini artırır.
“Planşet-A”, özüyeriyən və yedəkdə daşınan haubitsalar, yaylım atəşli reaktiv sistemlər (YARS) və minaatan bölmələri üçün atəş idarəetməsini avtomatlaşdıran müasir hesablama kompleksidir.
Hesablama kompleksi kontrbatareya mübarizəsində uğurla istifadə olunur. O, pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, müxtəlif texniki kəşfiyyat vasitələrindən əldə olunan böyük həcmli məlumatları sürətlə emal edir, mürəkkəb hesablamalar aparır və atəşin dəqiq koordinasiyasını təmin edir.
Kompleks hədəfin aşkar edilməsi ilə artilleriyanın atəşə başlaması arasındakı vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bu isə məhdud vaxt və sürətlə dəyişən döyüş şəraitində xüsusilə vacibdir.
“Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib ki, “Planşet-A” kompleksi seriyalı şəkildə Rusiya qoşunlarına tədarük olunur və hazırda xüsusi əməliyyat zonasında fəal istifadə edilir.
“Holdinqin mütəxəssisləri tərəfindən hazırlanan bu sistem kəşfiyyat vasitələri ilə qarşılıqlı işləyir, məlumatları operativ şəkildə emal edir və geniş çeşiddə döyüş sursatlarından istifadə etməklə müxtəlif artilleriya sistemlərinin atəşini idarəetməyə imkan verir. Bu isə düşməni minimum sursat sərfi ilə maksimum dəqiqliklə vurmağa şərait yaradır”, – deyə Bekxan Ozdoyev vurğulayıb.





