Prezident: Azərbaycan və İsrail arasında hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur

Prezident: Azərbaycan və İsrail arasında hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

“Poliqon” xəbər verir ki, məktubda dövlət başçısı İsrail Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

“Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında uğurla inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan xalqlarımızın iradəsi dayanır.

Bu gün Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur. Şübhəsiz, Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın inkişafına, insanlararası təmasların artmasına töhfə verəcəkdir”, – deyə təbrik məktubunda qeyd olunub.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd edən Prezident İlham Əliyev vurğulayıb: “Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Sonda dövlət başçısı İsrail Prezidentinə bu bayram günündə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost İsrail xalqına daim əmin-amanlıq və rifah diləyib.

CATEGORIES
TAGS