Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Bu barədə “Poliqon” Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Bu baxımdan Azərbaycanın müxtəlif yerlərində “Mustafa Kamal Atatürk – 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub.

Türkiyənin milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın və Türkiyə dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkə suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edilib.

Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

CATEGORIES
TAGS