Prezident İlham Əliyev: “Yaxın gələcəkdə “Bayraktar KIZILELMA” Azərbaycanın səmasında olacaq
Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, inkişaf etmiş, çağdaş və modern müdafiə sənayesi həm Türkiyəni, həm də Azərbaycanı gücləndirir: “Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”.
Prezident İlham Əliyev çıxışında TEKNOFEST festivalının qurucusu və “Baykar” şirkətinin texniki direktoru olan Selçuk Bayraktarın bu sahədəki xidmətlərindən də danışıb: “Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq. Burada təlim, texniki xidmət və istehsal da olacaq”.
“Selçuk bəy Bakıda olarkən mənə “Bayraktar KIZILELMA”nın maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Bayraktar KIZILELMA” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm. Ümid edirəm ki, yaxın gələcəkdə “Bayraktar KIZILELMA” Azərbaycanın səmasında da olacaqdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.