Qətər FS-LIDS HHM komplekslərini sifariş verib
Qətər aviasiya aparatları ilə mübarizə aparmaq üçün ABŞ-dan FS-LIDS hava hücumundan müdafiə (HHM) kompleksləri alacaq.
“Poliqon” xəbər verir ki, bununla bağlı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency – DSCA) məlumat yayıb.
Məlumatda bildirlib ki, on dəst yeni yerüstü kompleks ilk növbədə pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün təyin ediləcək.
Qeyd edək ki, FS-LIDS (Fixed Site-Low, Slow, Small Unmanned Aircraft System Integrated Defeat System) “Northrop Grumman” şirkəti ilə birlikdə “Raytheon” korporasiyası tərəfindən istehsal olunur.
FS-LIDS komplekslərinin tərkibinə aşağıdakılar daxildir:
- 200 ədəd Coyote Block 2 tutucu döyüş sursatı və onları buraxma qurğuları;
- CUAEWS (Counter Unmanned Electronic Warfare System – İnsansız Elektron Müharibəyə Qarşı Mübarizə Sistemi) PUA-ların radioelektron susdurulması sistemi;
- çoxfunksiyalı radiolokasiya stansiyası;
- FAAD C2 idarəetmə sistemi (Forward Area Air Defense Command and Control – Ön Rayon Hava Hücumundan Müdafiə Komandanlığı və İdarəetməsi);
- PUA aşkarlama elektron-optik stansiyaları və digər avadanlıqlar.
- Bildirilir ki, FS-LIDS kompleksləri stasionar konteyner variantında hazırlanacaq.
Bu sövdələşmə ilə Qətər 2018-ci ildən ABŞ-da Howler C-UAS adı altında istifadə edilən FS-LIDS kompleksinin ilk bilinən xarici müştərisi olub. Təlim, müvafiq avadanlıq və texniki dəstək daxil olmaqla təxmin edilən tədarükün ümumi dəyəri 1 milyard ABŞ dolları təşkil edəcək.
FS-LIDS kompleksi özündə KuMRFS çoxfunksiyalı radiolokasiya stansiyasının və kiçik PUA-ları aşkar etmək üçün istifadə olunan elektron-optik stansiyanın birləşməsini tərənnüm edir. Kompleksə, həmçinin Coyote Block 2 tutucu döyüş sursatlarının çox atımlı buraxma qurğusu daxildir.
“Raytheon” korporasiyasının Coyote Block 2 tutucu döyüş sursatı, bərk yanacaqla start gücləndiricisi və miniatür qısa mənzilli turboreaktiv mühərriklə təchiz edilmiş, mahiyyətcə kiçik, ucuz, aşağı sürətli səsəqədər zenit raketidir.
Xatırladaq ki, 2018-ci ildə Qətər Norveç-ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri ilə maraqlanmağa başlayıb.
Əhəd Əzizov