Xəbərlər

“Quzğun” sursatlarının atış mənzili açıqlandı

TÜBİTAK-SAGE tərəfindən hazırlanmış modul quruluşa sahib “Quzğun” (türk. “Kuzgun”) sursat ailəsinin texniki xüsusiyyətləri açıqlanıb.

“Poliqon”un “Savunma SanayiST” istinadən verdiyi məlumata görə, müxtəlif konfiqurasiyalara sahib olan “Quzğun” ailəsi yüksək atış mənzilinə malik olacaqdır.

Əldə edilən məlumata görə, “Quzğun” modul quruluşlu sursat ailəsinin ilk atış sınaqlarının bu il həyata keçirilməsi planlaşdırılır.

“Quzğun” sursatı özünün texniki xüsusiyyətlərinə görə “Quzğun-SS” (sərbəst süzülən), “Quzğun-TjM” (turboreaktiv mühərrikli) və “Quzğun-KY” kimi fərqli konfiqurasiyalara malikdir.

F-16, MMU, HÜRJET, HÜRKUŞ və müxtəlif silahlı PUA platformalarından atəş edilə bilən “Quzğun” sursatının çəkisi 100 kiloqramdan azdır. Uzunluğu 1800 mm-dir. Sursatın qəlpəli, dəlici, termobarik və ümumi təyinatlı döyüş başlıqları kimi müxtəlif döyüş başlığı variantları olacaqdır. Sursat lazer tuşlama (LAB), görünən infraqırmızı tuşlama (IIR), radiolokasiyalı tuşlama, HOJ, mmW Radar, Data Link, İNS və GPS kimi tuşlama başlıqlı naviqasiya seçimlərinə malikdir.

“Quzğun” sursatının turboreaktiv konfiqurasiyası olan “Quzğun-TjM”, təxminən 245 kilometr atış mənzilinə, “Quzğun-SS” isə təxminən 110 kilometr atış mənzilinə sahibdir.

Sursatlar “hava-yer”, “yer-yer”, “suüstü- suüstü” tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

“Quzğun” sursat ailəsi ilk dəfə “IDEF 2019” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

Əhəd Əziziov

Back to top button