“Rheinmetall” yeni sürücüsüz nəqliyyat vasitəsi yaradıb

Almaniyanın “Rheinmetall” şirkəti “Mission Master” avtonom sürücüsüz nəqliyyat vasitələri ailəsinin yeni üzvü olan “Mission Master XT”-ni bazara çıxarıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Rheinmetall” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, yüksək keçicilik və yük daşıma imkanına sahib platforma “Rheinmetall”ın Kanadadakı törəmə şirkəti olan “Rheinmetall Canada” tərəfindən yaradılıb.
Bazara daha əvvəl çıxarılan “Mission Master SP” platformasından fərqli olaraq “Mission Master XT” dizel mühərrik ilə təchiz edilib. Sürücüsüz nəqliyyat vasitəsi çətin ərazi şəraitində – buz, qar, dağlıq, qayalıq, habelə qumlu yerlərdə belə istifadəçiyə asanlıqla hərəkət etmək bacarığı verir.
Həmçinin, platformanın amfibiya qabiliyyətinə malik olması ona maksimum yüklə suda rahat üzməyə şərait yaradır. Çəkisi 2217 kq olan “Mission Master XT”, 1000 kiloqram ağırlığındakı yükləri daşıya və bir dəfəyə 750 kilometr məsafə qət edə bilir.







