“Roketsan” məhsulları Səudiyyə Ərəbistanında istehsal edilə bilər
Türkiyə mərkəzli “Roketsan” şirkətinin məhsulları Səudiyyə Ərəbistanında istehsal edilə bilər.
“Poliqon” xəbər verir ki, bunu “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “TRT World” televiziya kanalına açıqlamasında deyib.
Baş direktor bildirib ki, “Roketsan” şirkəti ilə Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında çox ciddi müqavilə danışıqları olub: “Bu çərçivədə məhsullarımızın Səudiyyə Ərəbistanında istehsalı və Səudiyyə Ərəbistanının Ordusu tərəfindən istifadəsi ilə bağlı çoxlu görüşlər keçirdik. Bununla birlikdə bağladığımız müqavilələr var. Bu razılaşmalar çərçivəsində Səudiyyə Ərəbistanının mövcud infrastrukturundan istifadə etmək və Türkiyə ilə əməkdaşlığını artırmaq üçün “Roketsan”ın üzərinə düşən vəzifəni yerinə yetirməkdən ötürü buradayıq”.
Onun sözlərinə görə, Türkiyənin pilotsuz uçuş aparatlarından sonra Yaxın Şərq regionunda Türkiyənin istehsalı olan müdafiə sənayesi məhsullarına maraq artıb.
“Region ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı başda olmaqla, region ölkələrindən çox böyük tələbat var. Bacardığımız qədər onlara dəstək olacağıq. Hazırda “Roketsan” mövcud məhsullarını dünyanın 30-dan çox ölkəsinə ixrac edir. İxrac uğurları ilə bərabar, beynəlxalq əməkdaşlıqlarla da bu modeli növbəti səviyyəyə yüksəltmək istəyirik. Bizim üçün bunlardan ən əhəmiyyətlilərindən biri Səudiyyə Ərəbistanıdır”, – deyə “Roketsan”ın baş direktoru Murat İkinci qeyd edib.