Rusiya Quru Qoşunlarının HHM-i Hava-Kosmik Qüvvələrinə tabe etdirilib

Rusiya Quru Qoşunlarının HHM-i Hava-Kosmik Qüvvələrinə tabe etdirilib

Rusiya Federasiyasının Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Qoşunları (HHM Qoşunları) ordu generalı Sergey Surovikinin komandanlıq etdiyi Rusiya Federasiyasının Hava-Kosmik Qüvvələrinə tabe etdirilib.

“Poliqon” xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələr məlumat verib.

Məlumata əsasən, HHM Quru Qoşunlarının tabeliyindən çıxarılaraq Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanlığına tabe etdirilib. Lakin TASS-da bu məlumatın rəsmi təsdiqi yoxdur.

Hava Hücumundan Müdafiənin birləşmələri və hissələri əvvəllər həm Quru Qoşunlarının, həm də Hava-Kosmik Qüvvələrinin HHM Qoşunlarının tərkibində idi.

Buna qədər həm Quru Qoşunlarının (qoşun HHM) tərkibində olmaqla HHM birləşmələri və hissələrinin texnikaları bilavasitə yerdəki döyüş bölgələrində qoşunları müşayiət və himayə edirdi, həm də Hava-Kosmik Qüvvələrinin HHM Qoşunlarının tərkibində obyektin HHM tapşırıqlarını həll edir, yəni vacib obyektləri himayə edirdi.

Rusiya Quru Qoşunlarının HHM Qoşunları təşkilati cəhətdən hərbi komandanlıq və idarəetmə orqanlarından, HHM komanda məntəqələrindən, zenit-raket (raket-artilleriya) və radiotexniki birləşmələrdən, hərbi hissə və bölmələrdən ibarətdir.

Quru Qoşunlarının HHM Qoşunlarının tərkibinə aşağıdakılar daxildir:

  • briqada və alayların əlahiddə zenit (zenit-raket) divizionları (batareyaları);
  • diviziyaların və hərbi bazaların zenit-raket alayları;
  • ümumqoşun orduların zenit-raket briqadaları;
  • dairələrin zenit-raket briqadaları.

Rusiya Quru Qoşunlarının HHM Qoşunlarının döyüş tərkibi aşağıdakı kimidir:

  • uzun mənzilli zenit-raket kompleksləri (100 km-dən çox);
  • orta mənzilli zenit-raket kompleksləri (100 km-ə qədər);
  • qısa mənzilli zenit-raket kompleksləri (30 km-ə qədər);
  • üzən, qısa mənzilli zenit-raket kompleksləri (10 km-ə qədər);
  • qısa mənzilli zenit-raket kompleksləri (10 km-ə qədər);
  • radiolokasiya ilə hədəfi aşkar edən zenit-raket-top kompleksləri (10 km-ə qədər);
  • optik cihazlarla hədəfi aşkarlayan zenit-raket kompleksləri (5 km-ə qədər);
  • optik cihazlarla hədəfi aşkarlayan daşınan zenit-raket kompleksləri;
  • özüyeriyən zenit-artilleriya qurğuları;
  • zenit-artilleriya qurğuları;
  • zenit-pulemyot qurğuları;
  • universal dəzgahlarda zenit pulemyotları.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi saytına istinadən qeyd etmək olar ki, HHM Qoşunları Quru Qoşunlarının qoşun növüdür, ümumqoşun birlikləri və birləşmələri əməliyyatlar (döyüş fəaliyyətləri) icra edərkən, yenidən qruplaşma (yürüş) və ərazidə yerləşmə həyata keçirərkən qoşunları və obyektləri düşmənin hava hücumu silahlarının təsirindən müdafiə etmək üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES