QuruXəbərlər

Rusiyada “Krona” zenit-raket kompleksinin sınaqlarına başlanıb

Rusiyanın “Kalaşnikov” konserni “Krona” qısa mənzilli zenit-raket kompleksinin (ZRK) ilkin sınaqlarına başlayıb.

Bu barədə “Poliqon” “Kalaşnikov” konserninə istinadən xəbər verib.

Qısa mənzilli “Krona”, zərbə vasitələri, aşkarlama və idarəetmə sistemlərindən ibarət ZRK-dir. Kompleks avtomatlaşdırılmış mobil döyüş maşınları və ya stasionar döyüş modulları üzərində qurulub ki, bununla da elementlərin hamısı vahid sistem daxilində birləşdirilib. Kompleksin zərbə vasitələri konsern tərəfindən seriyalı istehsal edilən zenit idarəolunan raketlərdir.

“Krona” dövlət əhəmiyyətli obyektlərin, şəhər infrastrukturunun və xüsusi əhəmiyyətli qurğuların hava zərbələrindən qorunması, həmçinin xüsusi yüklərin saxlanıldığı yerlərin və strateji kommunikasiya obyektlərinin müdafiəsi üçün nəzərdə tutulub. Kompleksin əsas hədəfləri düşmənin pilotsuz uçuş aparatlarıdır.

“Krona” ZRK-nin ilkin sınaqları onun ehtimal olunan istifadə şəraitinə yaxın mühitdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Bu cür yoxlamalar çatışmazlıqları müəyyən etməyə, operativ şəkildə düzəlişlər aparmağa və sınaqları davam etdirməyə imkan verəcək.

“Tamamilə yeni, unikal və yüksək avtomatlaşdırılmış döyüş kompleksinin yaradılmasına elmi-tədqiqat mərhələsindən başlayaraq iki ildən də az vaxt sərf olunub. Bu, xüsusi hərbi əməliyyat zamanı əldə etdiyimiz PUA-lara qarşı mübarizə təcrübəsi sayəsində mümkün olub. Əminəm ki, “Krona” kompleksi əməliyyat zonasında son dərəcə effektiv və tələbatlı olacaq”, – deyə “Kalaşnikov”un baş direktoru Alan Luşnikov bildirib.

Krona 1

Back to top button