Rusiyanın yeni çoxməqsədli tank əleyhinə raket kompleksi – “Kornet-EM”
Rusiya “Kornet-EM” yeni çoxməqsədli tank əleyhinə raket kompleksini ilk dəfə xarici ölkədə nümayiş etdirib. Bu barədə “AzeriDefence” Arms-TASS agentliyinə istinadən məlumat verib.
Yeni tank əleyhinə raket Hindistanın paytaxtı Dehlidə keçirilən DEFEXPO-2012 sərgisində Cihazqayırma və Konstruktor Bürosunun (KBP) stendində hərbi ictimaiyyətə təqdim olunub. Bundan əvvəl kompleks 2011-ci ilin avqust ayında Moskvada keçirilmiş MAKS-2011 sərgisində nümayiş etdirilib.
Nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş kompleks yerüstü zirehli vasitələrlə, yanaşı hava hədəflərinə, o cümlədən helikopter və pilotsuz uçuş aparatlarına da ətəş aça bilir.
Kompleksin çoxfunksiyalılığı iki tip raketin tətbiqi ilə təmin olunur. Bunlardan biri yerüstü hədəflərin, digəri isə hava hədəflərinin məhvi üçün nəzərdə tutulub. Yerüstü hədəflər üzrə atəş uzaqlığı 8 kilometr, hava hədəfləri üzrə isə 10 kilometr təşkil edir.
“Kornet-EM”lər eyni vaxtda iki hədəfə iki raket atəşi aça bilər. Raketlər “at-unut” prinsipi ilə çalışır. Bundan başqa, hava hədəfləri üçün nəzərdə tutulmuş raket yerüstü hədəflərin məhvi üçün də tətbiq edilə bilər.