SərgilərXəbərlər

SAM120 avtomatik minaatan sistemi ADEX-2026 sərgisində ilk dəfə nümayiş olunub

Slovakiyanın ZŤS Špeciál” dövlət şirkəti tərəfindən istehsal olunan SAM120 avtomatik minaatan sistemi Bakıda keçirilmiş ADEX-2026 sərgisində ilk dəfə nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, 120 mm-lik avtomatik minaatan sistemi sərgidə Azərbaycanın Slovakiya istehsalı olan bu silah sistemlərinin alınmasına dair müqavilə imzalamasından sonra nümayiş olunub.

Xatırladaq ki, cari ilin fevralında “World Defence Show 2026” sərgisində Azərbaycan müdafiə sahəsində strateji əhəmiyyətli bir addım ataraq Slovakiyanın “ZŤS Špeciál” dövlət şirkəti ilə SAM120 (və ya AM120) özüyeriyən avtomatik minaatan sistemlərinin alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalayıb. Slovakiyanın ZŤS Špeciál dövlət şirkəti bu çərçivə müqaviləsini Azərbaycanın dövlət şirkəti olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” ilə bağlayıb.

Müqavilə çərçivəsində təxminən 300 ədəd SAM120 sisteminin Azərbaycanın arsenalına daxil edilməsi nəzərdə tutulur. İlk partiya olaraq 96 ədəd minaatanın alınması razılaşdırılıb və Azərbaycan qalan hissə üzrə seçim hüququna malikdir.

Özüyeriyən avtomatik minaatan sistemi 2024-cü ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş IDEB-2024 sərgisində AM120 adı altında təqdim olunub. Uzaqdan idarə olunan qüllədə quraşdırılmış 120 mm-lik avtomatik minaatan “Excalibur Army” şirkətinin 6×6 təkər formullu TATRA FORCE T 815-7 yük maşınının şassisinə inteqrasiya edilib. Platforma iki sıralı, dörd nəfərlik zirehli “Puma L2 Long” kabinası ilə təchiz olunub.

Sistem “ZŤS Špeciál”, LANSYS atəşi idarəetmə sistemini təmin edən “Kerametal” (Slovakiya), həmçinin şassi və kabinanı təqdim edən “Czechoslovak Group” (Çexiya) şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

120 mm-lik avtomatik minaatan üzərində işlərə 2018-ci ildə Çexiyanın elan etdiyi özüyeriyən minaatan tenderi çərçivəsində başlanılıb. Çexiya Ordusu 62 ədəd özüyeriyən minaatan əldə etməyi planlaşdırırdı və əsas tələblərdən biri həm yarımdüzünə, həm də düzünə atəş imkanının mövcudluğu idi. Lakin Rusiya-Ukrayna müharibəsi zamanı əldə edilən nəticələr də daxil olmaqla, yekun seçimin edilməsi iki dəfə təxirə salınıb.

SAM120-nin artilleriya qurğusu 120 mm kalibrli, xəzinədən doldurulan hamar lüləli minaatandır. Sistem 60 minalıq doldurma mexanizmi ilə təchiz olunub. Bütün avadanlıq kifayət qədər geniş qüllədə yerləşdirilib və bu, ikinci döyüş dəsti üçün əlavə yer yaradır. Nəqletmə paketlərində əlavə 40 ədəd mina daşımaq mümkündür.

Qüllə tam fırlanandır və 360 dərəcə dönmə qabiliyyətinə malikdir. Lülənin şaquli tuşlanma bucağı 40-80 dərəcə arasındadır. Bu xüsusiyyət Çexiya Ordusunun tələbləri baxımından problem yaradır, çünki sistem düzünə atəş üçün nəzərdə tutulmayıb.

Özüyeriyən minaatanın minimal atəş məsafəsi 504 metr, maksimal məsafəsi isə 8200 metrdir. Atış sürəti dəqiqədə 18-20 atəş təşkil edir ki, bu da hər 3 saniyədən bir atəş açmaq imkanı verir və analoqlarla müqayisədə yüksək göstərici sayılır.

Minaatan düşmənin atəş vasitələrinin, texnikasının və canlı qüvvəsinin məhv edilməsi və susdurulması üçün nəzərdə tutulub. O, səngərlərdə, örtülü mövqelərdə və yüngül sahə tipli sığınacaqlarda gizlənmiş hədəflərə qarşı istifadə olunur. Atəşin idarə olunması əsasən nəqliyyat vasitəsinin kabinasından həyata keçirilir. Müştərinin tələbindən asılı olaraq heyətin sayı 2 nəfərdən 4 nəfərə qədər müəyyən edilə bilər. Alternativ seçim kimi atəşin birbaşa qüllədən aparılması imkanı da mövcuddur. Qüllədən tam funksional manual idarəetmə mümkündür.

Döyüş dəstindəki 100 ədəd mina daxil olmaqla, tam avadanlıqla uzaqdan idarə olunan qüllənin çəkisi təxminən 5500 kq təşkil edir. Sistem böyük qabarit ölçülərinə malikdir. Onun uzunluğu 8,2 m, eni 2,55 m, hündürlüyü 3,1 m, döyüş kütləsi isə 23,5 tondur.

Back to top button