Şimali Koreya dünyanın ən güclü nüvə silahına sahib olmaq istəyir

Şimali Koreya dünyanın ən güclü nüvə silahına sahib olmaq istəyir

Şimali Koreya lideri Kim Çen In dünyanın ən güclü nüvə potensialına malik ordu yaratmaq istəyir.

“Poliqon” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kim Çen In bunu yeni “Hwasong-17” qitələrarası ballistik raketinin sınaqlarından sonra keçirilən bayram tədbirləri zamanı deyib.

Kim Çen In hesab edir ki, Şimali Koreyanın nüvə arsenalı ABŞ-ın nüvə təhdidlərinə qarşı durmalıdır.

“Şimali Koreyanın son məqsədi dünyanın ən güclü strateji qüvvəsinə, yüzillikdə görünməmiş mütləq gücə sahib olmaqdır”, – Kim Çen In “Hwasong-17”qitələrarası ballistik raketinin hazırlanmasında iştirak edən hərbiçilərin təltif olunması əmrində deyib.

Ümumilikdə sınaqlarda iştirak edən 100-dən çox hərbi qulluqçu mükafatlandırılıb. “Hwasong-17” raketi həmçinin “KXDR Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalı və “1-ci dərəcəli Dövlət Bayrağı ordeni”nə layiq görülüb.

“Raket KXDR-nin ABŞ imperialistlərinin nüvə üstünlüyünə qarşı durmağa qadir olan tamhüquqlu nüvə dövləti olduğunu dünyaya açıq şəkildə sübut etdi və ən güclü qitələrarası ballistik raket gücü kimi qüdrətini tam nümayiş etdirdi”, – deyə KCNA agentliyi yazıb.

Xatırladaq ki, Şimali Koreya noyabrın 18-də “Hwasong-17” raketinin sınağının keçirildiyini elan edib. Rəsmi orqanlar sınaqların uğurla keçdiyini açıqlayıblar.

Rəsmi hesabatda bildirilir ki, raket 999 km məsafə qət edib və 68,9 dəqiqəlik uçuş müddətində Yerdən 6041 km yüksəkliyə qalxıb.

NK NEWS agentliyi isə xəbər verir ki, bu məlumat Cənubi Koreya hərbçilərinin təxminləri ilə praktiki olaraq üst-üstə düşür. Onların məlumatına görə, raket 1000 km uçub və 6100 km yüksəkliyə qalxıb.

Şimali Koreyanın iki pilləli “Hwasong-17” qitələrarası ballistik raketi ilk dəfə 10 oktyabr 2020-ci ildə təqdim edilib. Yaponiyalı mütəxəssislər onun məsafəsini 15.000 km və ya daha çox qiymətləndirib. Sələflərindən fərqli olaraq, “Hwasong-17” üçün bir neçə döyüş başlığı ola bilər.

Şimali Koreya iddia edib ki, “Hwasong-17 raketinin ilk uğurlu buraxılışı 24 mart 2022-ci ildə baş tutub (həmçinin bax: Şimali Koreya “Hwasong-17” QBR buraxılışını təsdiq edib). Qərb analitikləri hesab edirlər ki, əvvəllər hazırlanmış raket o zaman buraxılıb və noyabrın 18-də keçirilən sınaq “Hwasong-17” raketinin ilk uğurlu buraxılışı olub.

Qeyd edək ki, “Hwasong-17”, 22 təkərli buraxma qurğusunda iki pilləli, maye yanacaqla işləyən mobil qitələrarasına buraxılan ballistik raketdir. Raketin özünün uzunluğu 26 metr, diametri isə 2,7 metrdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES