QuruXəbərlər

TOLGA 20 mm cüt silahlı revolver sistemi dəqiqədə 3200 atəş aça bilir

Türkiyənin MKE şirkəti dron və pilotsuz uçuş aparatlarından (PUA) kamikadze insansız dəniz aparatlarınadək (İDA) yeni nəsil təhdidlərə qarşı hazırladığı TOLGA yaxın hava hücumundan müdafiə sisteminin imkanlarını artırmağa davam edir.

MKE-dən “Poliqon”a bildirilib ki, bu işlərin bir hissəsi olan TOLGA 20 mm cüt silahlı revolver sistemi bir qüllədə iki ədəd 20 mm-lik silahı birləşdirir.

Dəqiqədə ümumilikdə 3200 atım sürətinə malik sistem hava və dəniz təhdidlərinə qarşı yüksək atəş gücü təqdim edir. Şirkətin məlumatına əsasən, bu sistem dünyadakı analoqlarından atım sürətinə görə 3 dəfə üstündür.

Tənzimlənən atım sürəti sayəsində müxtəlif tapşırıqların tələblərinə uyğunlaşa bilən sistem dron və PUA-lardan əlavə, kamikadze İDA-lara qarşı da istifadə oluna bilir.

TOLGA 20 mm cüt silahlı revolver sistemi NATO standartlarına uyğun adi 20 mm-lik döyüş sursatları ilə yanaşı, MKE tərəfindən hazırlanmış dron əleyhinə qəlpəli döyüş sursatından da istifadə edir. Sistem bu sursatla 1000 metr effektiv mənzildəki təhdidlərə qarşı mübarizə apara bilir.

−30° ilə +70° arasında dəyişən yüksəklik bucağına malik silah sistemi müxtəlif hündürlüklərdə yerləşən hədəflərə qarşı istifadə oluna bilir. Yüksək atım sürəti və müxtəlif döyüş sursatı seçimləri sayəsində sistem hava və dəniz platformalarının yaxın müdafiəsinə töhfə verir.

Fasiləsiz və yüksək atəş gücü təqdim edən MKE TOLGA 20 mm cüt silahlı revolver sistemi “Ateş Serbest 2026” tədbirində hədəf dronunu qısa müddətdə uğurla məhv edib.

Back to top button