Türk QHT nümayəndələri Gəncədə tarixi məkanları ziyarət ediblər

Türk QHT nümayəndələri Gəncədə tarixi məkanları ziyarət ediblər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Zəfər Günü münasibətilə Gəncədə Şəhidlər Xiyabanında keçirilən rəsmi tədbirdə iştirak ediblər.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, türkiyəli qonaqlar və digər iştirakçılar respublikamızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş Zəfər Günü münasibətilə Gəncədə olmaqdan qürur duyduqlarını bildirib, Türkiyə qaziləri adından bayram təbriklərini çatdırıb. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyəli qonaqları qəbul edib. Görüşdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixi köklərə əsaslandığı ifadə edilib, dövlətlərimiz arasında əməkdaşlığın region və qlobal miqyasda strateji əhəmiyyəti vurğulanıb. Vətən Müharibəsi zamanı Gəncə sakinlərinin erməni terroruna qarşı mərdliklə dayandıqları diqqətə çatdırılıb.

Türkiyə hərbyönümlü QHT nümayəndələri və qazilər Gəncə şəhərində keçirilən tədbirlər çərçivəsində Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Abidənin önündə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordunun olmaması və bolşevik-daşnak hökumətinin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırım siyasəti milli hökuməti çətin sınaq qarşısında qoydu. Cümhuriyyətin qurucuları Osmanlı dövləti ilə əlaqələr yaradaraq hərbi kömək istədilər və nəticədə Osmanlı dövləti kütləvi qırğınların qarşısını almaq məqsədilə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu təşkil edərək Azərbaycana göndərdi. Qafqaz İslam Ordusunun 13 əsgəri 1918-ci ilin 11 iyununda Gəncədə Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə şəhid olub.

Türkiyəli nümayəndələrin adından çıxış edən Türkiyə Müharibə Veteranları Birliyinin sədri Beyazıt Yumuk xalqlarımızın tarixi köklərə əsaslanan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələrindən söhbət açıb. Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyası arasında imzalanmış dostluq haqqında razılaşmanın bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi” ilə davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ehtiram əlaməti olan abidənin inşası Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı reallaşdırılıb.

Azərbaycan və Türkiyə hərbiyönümlü QHT nümayəndələri səfər zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstər Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər. Ziyarətçilərə muzeyin yaranma tarixi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədəki fəaliyyət dövrü və muzeydəki eksponatlar barədə ətraflı məlumat verilib. Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünə dair eksponatların saxlandığı muzeydə Azərbaycanın ilk Baş Naziri Fətəli xan Xoyskinin iş otağının da yerləşdiyi, burada həmin dövrə aid olan əşyalar və sənədlər ilk olduğu kimi qorunduğu qeyd olunub. Muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və s. Cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar, həmçinin Azərbaycanın ilk dövlət xəritəsi və istiqlal bəyannaməsi də nümayiş olunur.

Gəncə Memorial Kompleksini ziyarət edən Azərbaycan və Türkiyə QHT nümayəndələri Vətən müharibəsi zamanı Ermənistanın raket hücumu zamanı həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə güllər düzərək, ehtiramlarını bildiriblər.

İştirakçılar qarşısında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən başladılan təcavüzkar müharibənin gedişində düşmən ölkənin Azərbaycan müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror aktları törətdiyini vurğulayıb. Qeyd edib ki,  Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərdə, gecə saatlarında böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı balistik və kaset tipli raketlərlə xaincəsinə hücum həyata keçirdilər. Nəticədə 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib.

Milli Qəhrəman Vahid Quliyev ermənilərin mülki əhalinin məhv edilməsi və miqyaslı dağıntılar yolu ilə kütləvi vahimə yaratmaq məqsədilə törətdikləri vəhşiliklərin vandalizm aktı olduğunu, beynəlxalq ictimaiyyətin bu faciəyə real qiymət verməsinin, günahkarların cəzalandırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Çıxışlarda bildirilib ki,  mülki əhalinin kompakt yaşadığı ərazilərə ballistik raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını nümayiş etdirdi.

Daha sonra iştirakçılar Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşanın ev muzeyini ziyarət ediblər.

Qonaqlara muzey barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncədə olarkən Cümhuriyyətin kəşfiyyat qurumunun rəhbəri Nağı Şeyxzamanlının evindən qərargahı kimi istifadə edib. Həmin ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub və Nuru Paşanın ev-muzeyi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyənin hərbyönümlü QHT-lərinin nümayəndələrinin ölkəmizə səfəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

IMG 7942 scaled e1667931752918 IMG 7956 scaled e1667931762103 IMG 7973 scaled e1667931772844 IMG 7985 scaled e1667931784633 IMG 7995 scaled e1667931795425 IMG 8000 scaled e1667931804424 IMG 8001 scaled e1667931815975 IMG 8034 scaled e1667931824551 IMG 8065 scaled e1667931832609 IMG 8068 scaled e1667931839187 IMG 8098 scaled e1667931846334 IMG 8109 scaled e1667931853238 IMG 8124 scaled e1667931860326 IMG 8167 scaled e1667931868953 IMG 8307 scaled e1667931874579 IMG 8354 scaled e1667931881322 IMG 8379 scaled e1667931888227 IMG 8391 scaled e1667931896946 IMG 8407 scaled e1667931904252

Poliqon.az

CATEGORIES