Türkiyə istehsalı “Boran”ın ilk xarici istifadəçisi bəlli oldu

Türkiyə istehsalı “Boran”ın ilk xarici istifadəçisi bəlli oldu

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilən 18 ədəd 105 mm-lik “Boran” yedəyə alınan haubitsası Banqladeşə ixrac olunub.

“Poliqon” Türkiyə Müdafiə Sənayesi Başqanlığına (SSB) istinadən xəbər verir ki, beləliklə, həm Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə haubitsa ixrac edilib, həm də Banqladeş “Boran”ın ilk xarici istifadəçisi olub.

Xatırladaq ki, cari ilin yanvar ayında “Boran”ın ilk xarici müştərisinin Şimali Makedoniyanın olması ilə bağlı xarici KİV-lərdə xəbərlər yayılmışdı. Həmin vaxt Şimali Makedoniyanın Türkiyədən hər birində 6 ədəd olmaqla 3 batareya (ümumilikdə 18 ədəd) “Boran” topu sifariş etdiyi və onlardan birinci batareyanın qarşıdakı ilk 2 il müddətində, digər ikisinin isə 2029-2031-ci illər ərzində Şimali Makedoniya Ordusuna təhvil verilməsinin planlaşdırıldığı iddia olunurdu.

Bundan başqa, cari ilin mart ayında sosial şəbəkələrdə Filippin Ordusunun Türkiyə, Fransa və ABŞ istehsalı 105 mm-lik yedəyə alınan haubitsalarla maraqlandığına dair fotolar yayılmışdı. Bu fotolarda Filippin Ordusunun komandanı Romeo Braunerə Türkiyənin “Boran”, ABŞ-ın M119A3 və Fransanın LG1 Mk III yedəyə alınan haubitsalarının slayd formasında təqdim edilməsi əks olunmuşdu.

Yedəkdə daşınan 105 mm-lik “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Haubitsa gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

“Boran”, beynəlxalq standartlardakı 24 sınaqdan uğurla keçərək 2021-ci ilin yanvarında Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul olunub. Onun ilk partiyası ötən ilin dekabr ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.

CATEGORIES
TAGS