Türkiyədə keçirilən IDEF-2023 sərgisi başa çatıb

Türkiyədə keçirilən IDEF-2023 sərgisi başa çatıb

Türkiyənin TÜYAP Sərgi və Konqres Mərkəzində keçirilən 16-cı IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) öz işini başa çatdırıb.

“Poliqon” xəbər verir ki, sərgidə 81 ölkə və 189 rəsmi nümayəndə heyəti iştirak edib.

IDEF-2023-də 689-u yerli, 762-si isə xarici olmaqla, ümumilikdə 1461 şirkət özünün müdafiə sənayesi məhsullarını və xidmətlərini nümayiş etdirib. TÜYAP Sərgi və Konqres Mərkəzi 4 gün ərzində 15%-i əcnəbi olmaqla 100 mindən çox ziyarətçiyə qapılarını açıb. Bu zaman kəsiyində iştirakçı şirkətlər, xarici nümayəndə heyətləri və türkiyəli tədarükçülər arasında 5000 işgüzar görüş keçirilib, habelə 120 əməkdaşlıq protokolu və müqavilə imza mərasimi baş tutub.

Sərgidə Azərbaycanı POLİQON jurnalı və Müdafiə Sənayesi Nazirliyi stendlə təmsil edib. Eyni zamanda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti də IDEF-2023-ə qatılıb.

Qeyd edək ki, sərginin keçirildiyi müddət ərzində TUSAŞ şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi Su-25 qırıcılarının modernləşdirilməsinə dair, Müdafiə Sənayesi Nazirliyi isə Türkiyənin milli döyüş təyyarəsi olan KAAN layihəsi ilə bağlı müqavilələr imzalayıblar.

10 ilə yaxındır IDEF-in Rəsmi Media Tərəfdaşı olan POLIQON JURNALI MMC İngilis dilində 3000 nüsxə tirajla nəşr edilmiş POLIQON IDEF-2023 Xüsusi Buraxılışı-nı sərgi iştirakçıları və ziyarətçiləri arasında yayımlayıb.

Poliqon.az

CATEGORIES
TAGS