
Türkiyənin “Hisar” indeksli havadan müdafiə raketinin ilk dəfə dik atışı test edilib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkətinin yeni yayımlanan nəşrində məlumat verilib.
Bildirilib ki, “Hisar” zenit-raket kompleksinin (ZRK) 360 dərəcə radiusda qoruma qabiliyyəti uğurla test edilib. Məlumatda o da qeyd olunub ki, raketin sistemə inteqrasiya testləri tamamlanıb və sistem səviyyəsində hazırlanma və sınaq prosesi başlanıb.
Qeyd edək ki, SSM tərəfindən 2011-ci ildə başladılmış Hisar layihəsində ZRK-nin komanda-kontrol, radar, arayıcı başlıqlar və atəş kontrol sistemləri ASELSAN, raket və buraxıcı ROKETSAN, raketlərin döyüş başlığı və batareyası TÜBİTAK SAGE, informasiya əlaqəsi “Meteksan Savunma” və ASELSAN HBT qrupu, Link-16 proqram yazılımı isə MİLSOFT şirkəti tərəfindən hazırlanıb.
Layihə çərçivəsində aşağı hündürlükdə havadan müdafiə raketi “Hisar-A”, orta mənzilli havadan müdafiə raketi “Hisar-O” və uzaq mənzilli havadan müdafiə raketi “Hisar-U” yaradılıb.
“Hisar-A” ZRK raket buraxma sistemi, “Hisar-A” və “Hisar-O” sistemlərinin ikisindən də atılabilən aşağı hündürlük raketi, raket daşıma və yükləmə sistemi ilə komplektləşdirilir. “Hisar-A”nın atış mənzili minimum 2 km, maksimum 16 km-dir. “Hisar-O” zenit-raket kompleksində ASELSAN-ın “Qalxan” radarının tətbiqi nəzərdə tutulur. “Hisar-O” raketinin atış mənzili 3 km-dən 25+ km təşkil edir. 8×8 təkər formuluna malik MAN nəqliyyat vasitəsinə inteqrasiyası nəzərdə tutulan “Hisar-U” ZRK-nin yaradılma prosesi davam etdirilməkdədir. “Hisar-U”nun atış uzaqlığı 30 km-dən 150+ km nəzərdə tutulur.





