Ukrayna döyüş robotlarını sahəyə çıxarır

Ukrayna döyüş robotlarını sahəyə çıxarır

Ötən ilin sonlarında – oktyabr ayının 8-dən 11-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş “Silah və Təhlükəsizlik – 2019” (Arms and Security – 2019) beynəlxalq müdafiə və təhlükəsizlik texnologiyaları sərgisindəki yeniliklər arasında robotlaşdırılmış silahlı platformaların nümunələri diqqət kəsb edib.

“Azeri Defence” jurnalının sərgidə iştirak etmiş əməkdaşının hazırladığı məqalədən döyüş robotları ilə bağlı hissəni təqdim edirik.

Ukraynanın “Roboneers” adlı yerli şirkətinin “Camel” insansız nəqliyyat vasitəsi (İNV) logistik əməliyyatlar üçün nəzərdə tutulub. “Camel” 4×4 təkər formuluna və hibrid mühərrikə sahibdir. 500 kq çəkiyə malik insansız nəqliyyat vasitəsi 400 kq ağırlığında yük daşıya, 1000 kq ağırlıqda yükü yedəyə ala və hibrid güclə 11 saata qədər fasiləsiz işləyir.

Uzunluğu 2166 mm, eni 1166 mm, hündürlüyü 787 mm, klirensi 40 sm təşkil edən “Camel” 20 km/saat sürətlə hərəkət edə və 35˚ bucaq altında yüksəkliyə qalxmağı bacarır.

rob 3

“İnfocom” şirkətinin “Scorpion” döyüş robotu

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Camel” döyüş zonasında və kənarda şəxsi heyəti təhlükəyə atmadan maddi-texniki təminat və təxliyə işləri üçün təyinatlandırılıb. Platforma müşahidə və nəzarət missiyaları üçün video kamera və digər sensorlarla təchiz oluna bilir.

“Camel”in bazasında yaradılmış “Ironclad” adlı məsafədən idarə edilən özüyeriyən döyüş platforması 1500 kq ağırlığa və zirehə sahibdir. Platformanın korpusu 7.62 mm çaplı güllələrə qarşı qorunur. “Ironclad”  istehsalçı şirkətin özünün hazırladığı 12.7 mm pulemyota sahib “Şablya” adlı məsafədən idarə olunan döyüş modulu ilə silahlandırılıb. 400 ədəd patron tutumuna malik döyüş modulu 360˚ ətrafda gündüz və gecə müşahidəsi aparmağa imkan verən kameralar, həmçinin termal kamerya sahibdir. Platforma məlumatların toplanması və ötürülməsi üçün müxtəlif sensorlar ilə təchiz edilib. Şirkət rəsmilərinin sözlərinə görə, “Ironclad”ın yaradılması zamanı Şərqi Ukraynada hərbi əməliyyatlarda iştirak edən hərbçilərin fikir və təklifləri nəzərə alınıb.

Ukraynanın “İnfocom” şirkətinin təqdim etdiyi “Scorpion” insansız özüyeriyən döyüş platforması 1 ədəd 7.62 mm çaplı PK pulemyotu və 2 ədəd RPQ reaktiv əl qumbaraatanına sahib döyüş modulu ilə silahlandırılıb. Sursat ehtiyatı 250 patron təşkil edən döyüş modulu 360° üfiqi, -30/+40° şaquli müstəvidə atəş açır. Robot platforma müxtəlif tapşırıqları yerinə yetirmək üçün təyinatlandırılıb. Hazırda “Scorpion”un 1000 metrədək məsafədə döyüş tapşırıqlarını icra edə bildiyini deyən şirkət mütəxəssislərinin sözlərinə görə, perspektivdə bu məsafə 8 km-dək artırılacaq. 20 at gücündə elektrik mühərriklə təchiz olunmuş robot uzunluğu 860 mm, eni 500 mm, hündürlüyü 105 mm, klirensi isə 140 millimetrdir. “Scorpion”un silah və döyüş komplekti olmadan ağırlığı 370 kiloqram təşkil edir.

rob 1

“Fantom”döyüş robotu

İlk nümunəsi bir neçə il əvvəl təqdim edilən 6×6 təkər formuluna malik “Fantom” insansız özüyeriyən döyüş robotunun çəkisi 1 ton, faydalı yükü 350 kq, döyüş radiusu 10 km təşkil edir. Platform gündüz və gecə şəraitində döyüşlərin aparılması və hədəflərin təyini üçün nişangahlarla təchiz olunub. Robot platforma üzərinə qurulmuş kameralar gündüz vaxtı 2000 metr, gecə vaxtı 1000 metr uzaqlıqdan hədəfləri təyin etməyə imkan verir.

Robot platforma üzərində 12.7 mm çaplı pulemyot və “Baryer” tank əleyhinə idarə olunan raket kompleksi və 5 ədəd tüstü qumbarası yerləşdirilmiş məsafədən idarə edilən döyüş modulu ilə silahlandırılıb. 30 kVt-lik hibrid mühərriklə təchiz edilmiş nəqliyyat vasitəsinin sürəti 38 km/saat təşkil edir.

“Fantom” radiokanal üzərindən 10 km, fiberoptik kabel vasitəsi ilə 5 km məsafədən idarə olunur. Şəhər mühitində müxtəlif mürəkkəb vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan robotun döyüş, kəşfiyyat, əməliyyat bazalarına silah-sursat daşınması və yaralı əsgərlərin döyüş bölgəsindən təxliyəsi (2 yaralı əsgəri götürə bilir) daxil olmaqla bir çox tapşırıqların icrasında istifadə edilməsi mümkündür. Platformanın uzunluğu 3 m, eni 1.6 m, hündürlüyü isə 0.91 metrdir. İdarəetmə stansiyasında nəqliyyat vasitəsinin hərəkəti və video telemetriyasını operatora göstərmək üçün iki geniş ekranlı monitor mövcuddur.

“Fantom” insansız özüyeriyən döyüş robotunun 8×8 təkər formuluna sahib “Fantom-2” versiyası 2017-ci ildə hibrid müharibə təcrübəsindən istifadə edilərək “Ukroboronprom” mühəndisləri tərəfindən kəşfiyyat və nəzarət və döyüş missiyaları üçün hazırlanıb. 2600 kiloqram çəkiyə malik platforma üzərinə müxtəlif növ silahların quraşdırılması üçün imkanlar mövcuddur.

Beynəlxalq sərgilərdə nümayiş etdirilən platformanın silahlanmasına məsafədən idarə edilən 23 mm-lik top və 80 mm raketlə təchiz edilmiş döyüş modulu daxil edilib. “Fantom-2” eynilə “Fantom” kimi radiokanal vasitəsi ilə 10 km, və ya fiberoptik kabel vasitəsi ilə 5 km məsafədən idarə olunur.

CATEGORIES
TAGS