Ukrayna İsveçdən CV90 PDM-ləri ala bilər
Ukraynanın Müdafiə Nazirliyi və Strateji Sənaye Nazirliyi ilə İsveçin Müdafiə Avadanlıqları İdarəsinin (FMV) nümayəndələri CV90 piyada döyüş maşınlarının (PDM) Ukraynaya tədarükünü müzakirə ediblər.
Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkovun sədrliyi ilə keçirilən danışıqlar Ukrayna prezidenti və İsveçin Baş naziri arasında CV90-dan istifadə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Niyyət Bəyanatının icrası çərçivəsində baş tutub.
Görüş zamanı Ukrayna və İsveç nümayəndələri layihədə iştirakla bağlı Ukraynanın maliyyə şərtlərini və öhdəliklərini, həmçinin CV90 PDM-nin alınması şərtləri və mexanizmlərini müzakirə ediblər.
CV90 koalisiyası İsveçin təşəbbüsü ilə yaradılıb və onun tərkibinə İsveç, Danimarka, Estoniya, Norveç, Hollandiya, Slovakiya, Finlandiya və Çexiya daxildir. Ukrayna koalisiyaya 2023-cü ilin sentyabrında qoşulub.
2024-cü ilin yanvarında İsveçin Müdafiə Avadanlıqları İdarəsi öz hökumətindən CV90-ların Ukraynaya tədarükü ilə bağlı hökumətlərarası sazişin bağlanması üçün danışıqlar aparmağa icazə alıb.