Ukrayna Müdafiə Qüvvələri Bolqarıstanın OGi-7MA atəş yığımları ilə təchiz edilib

Ukrayna Müdafiə Qüvvələri Bolqarıstanın OGi-7MA atəş yığımları ilə təchiz edilib

Ukrayna Müdafiə Qüvvələrinin Bahmut istiqamətindəki birləşmələri Bolqarıstanın OGi-7MA atışları ilə təmin olunub.

“Poliqon” xəbər verir ki, Bolqarıstan istehsalı atəş yığımlarının görüntülərini Bahmut istiqamətindəki Ukrayna sərhədçiləri paylaşıb.

Ukraynalı müdafiəçilər Bolqarıstanın “Arsenal” şirkətinin xarakterik taxta qutusunu göstəriblər. Onun içərisində qablaşdırılmış plastik tubuslarda 18 dəst atəş yığımı yer alıb. Atəş yığımının dəstinə AF76 (və ya AF72) partladıcısı, OGi-7MA qəlpəli-fuqas təsirli qumbarası və CP-71 tullayıcı atımı (start mühərriki) daxildir.

40 mm-lik təkmilləşdirilmiş OGi-7MA qəlpəli-fuqas qumbaralı atəş yığımları Bolqarıstan istehsalı ARSENAL ATGL-L və SSRİ/Rusiya istehsalı RPQ-7V (РПГ-7В) tank əleyhinə əl qumbaraatanlarından atış aparmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, OGi-7MA mahiyyətcə Sovet istehsalı OQ-7B (ОГ-7В) atəş yığımının təkmilləşdirilmiş analoqudur.

Döyüş başlığı partlayanda optimal qəlpə kütləsi ilə yüksək qəlpəli məhvetmə sahəsi yaradır. İstehsalçı, atəş yığımının döyüş hissəsinin gövdəsində (qumbarada) 1250-dən çox qəlpə olduğunu bildirir. Həmçinin, AF76 və AF72 partladıcıları zərbə bucağından asılı olmayaraq, yüksək sürətli işədüşmə və sürüşmə (çovuma) əleyhinə funksiyalarına malikdir.

Xatırladaq ki, 2020-ci ildə Ukraynanın “Promoboronexport” Dövlət Xarici Ticarət və İnvestisiya Müəssisəsi Ukrayna Milli Qvardiyasının ehtiyaclarını ödəmək məqsədi ilə RPQ-7 tipli əl tank əleyhinə qumbaraatanlar üçün 40 mm-lik OG-7B qəlpəli-fuqas atəş yığımlarının partiyasını idxal edib.

İdxal və ixrac əməliyyatlarına nəzarət edən “Great Export Import” saytında dərc olunan hesabata görə, 2019-cu ilin dekabr ayında Ukrayna dövlətinin xüsusi ixracatçısı Polşanın “Phu Lechmar Sp.z.o.o” şirkətindən Bolqarıstanın “Vazovsk Maşınqayırma Zavodları” Səhmdar Cəmiyyəti (“Vazovski Mashinostroitelni Zavodi” EAD) tərəfindən istehsal olunan 2444 dəst OG-7B atəş yığımı partiyasını satın alıb. Tədarük edilən döyüş sursatının dəyəri 403 min ABŞ dolları təşkil edib.

40 mm-lik OGi-7MA atəş yığımı düşmənin açıq sahədə, səngərlərdə, səhra sığınacaqlarında, yüngül zirehli və zirehsiz maşınlarda yerləşən, səhra istehkamlarının mazğallarına düzünə atəş açmaqla və şəhər ərazilərindəki canlı qüvvəsini və atəş mövqelərini məhv etmək üçün təyin edilib.

Əsas taktiki-texniki xüsusiyyətləri:

  • çapı – 40 mm
  • maksimal atəş məsafəsi – 1000 m-dən yuxarı
  • düzünə atəş məsafəsi – 180 m
  • atəş yığımının kütləsi – 1,75 kq çox olmayaraq
  • qumbaranın kütləsi – 1,35 kq çox olmayaraq
  • qumbaranın başlanğıc sürəti – 152 m/san
  • öldürücü radiusu – 22 m-dən yuxarı
  • atəş tezliyi – 4-6 atəş/dəqiqə
  • istifadəsi üçün ətraf mühitin temperatur diapazonu – -40…+50°C

Hər biri hermetik torbada olan 18 ədəd qumbara və hər biri plastik tubusda, 3 ədəd plastik tubus isə bir hava keçirməyən plastik torbada olmaqla 18 ədəd CP-71 tullayıcı atımı birlikdə 18 dəst atəş yığımı şəklində taxta yeşikdə qablaşdırılır. Taxta yeşiyin qabarit ölçüləri 810x365x232 mm, çəkisi 47 kq və həcmi 0,069 m³-dir.

Atəş yığımının partlayış təhlükəsi sinifi 1.1F UN 0292 tələblərinə uyğundur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS