“Ukroboronprom” Ukraynaya dəstək verən 14 ölkə ilə 33 müqavilə imzalayıb
“Ukroboronprom” dövlət konserni müharibə zamanı Ukraynaya dəstək verən 14 ölkənin şirkətləri ilə 33 beynəlxalq müqavilə imzalayıb.
“Poliqon” xəbər verir ki, bunu Ukraynanın “Ukroboronprom” dövlət konserninin baş direktoru Yuri Qusevin “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna müdafiə sənayesinin daha yüksək keyfiyyətli texnika və silahlar istehsal etməsi üçün texnologiya transferinə ehtiyacı var. Bunun üçün isə tərəfdaşların gözləntilərini qarşılamaq lazımdır.
Ukrayna ərazisində yeni müştərək istehsal müəssisələrinin yaradılması ilə bağlı danışan Yuri Qusev ilk növbədə təhlükəsizlik məsələsini diqqətə çatdırıb. Vurğulayıb ki, indi əsas söhbət xaricdə də daxil olmaqla birgə layihələrin və istehsalın həyata keçirilməsindən gedir.
“Belə ki, “Ukroboronprom” Çexiya Müdafiə Nazirliyinin müvafiq qurumu ilə birgə klaster haqqında saziş imzalayıb. Prezidentimiz və Çexiyanın Baş naziri ən yüksək səviyyədə silah, sursat, texnikanın təmiri və istehsalının artırılması üçün səylərin birləşdirilməsi məsələsini müzakirə etdilər. Çexiya bizə kömək edir, biz bir sıra istiqamətləri birgə həyata keçiririk”, – deyə “Ukroboronprom”un baş direktoru qeyd edib.