Vətən müharibəsinin xronikası: döyüşlərin 42-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 42-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 42-ci gününün xronikasını təqdim edir.

Prezident İlham Əliyev rəsmi “Twitter” hesabında işğaldan azad edilmiş yeni ərazilərin adlarını açıqlayıb: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar; Cəbrayılın Yuxarı Məzrə, Yanarhac; Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı; Zəngilanın Beşdəli; Xocalının Qarabulaq, Moşxmaat; Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib”.

Noyabrın 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub. Bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib. Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 ədəd “KamAZ”, 2 ədəd “Ural” və 2 ədəd PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

Düşmənin 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan olub.

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar olub. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taborunun şəxsi heyəti arasında itkilər olub. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb. Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınaraq məhv edilib. Həmçinin, Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Çullu və Çıraqlı kəndlərini; Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini; Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini, Bərdə rayonunun Əyricə kəndini artilleriya atəşinə tutub. Bərdə rayonunun Əyricə kəndinin atəşə tutulması nəticəsində 1 nəfər kənd sakini həlak olub.

Poliqon.az

CATEGORIES
TAGS