
Mayın 12-də Slovakiyanın paytaxtı Bratislava şəhərində IDEB 2026 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi öz işinə başlayıb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə zirehli və hərbi nəqliyyat vasitələri, silah və sursat sistemləri, radar və kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik həlləri, xilasetmə və yanğınsöndürmə avadanlıqları, pilotsuz uçuş aparatları və müşahidə sistemləri, həmçinin müdafiə sənayesi üçün innovativ texnologiyalar nümayiş etdirilir.
Slovakiyanın Baş naziri Robert Fitsonun iştirakı ilə baş tutan rəsmi açılış mərasimindən sonra nazir V.Mustafayev müxtəlif ölkələrin stendlərini ziyarət edib, hərbi və müdafiə təyinatlı məhsullarla tanış olub.
Sərgi zamanı V.Mustafayev Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakla görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sənayesi məhsullarının istehsalı, innovativ texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, mayın 14-dək davam edəcək IDEB 2026 sərgisi müdafiə, təhlükəsizlik, eləcə də xilasetmə sahəsində regionun ən böyük beynəlxalq platformalarından biri hesab olunur.







