Yunanıstan İsraildən “Spike” raketləri alır

Yunanıstan İsraildən “Spike” raketləri alır

Yunanıstanın Müdafiə Nazirliyi İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkətinin istehsalı olan “Spike” çoxməqsədli raketlərin alınması barədə ümumi dəyəri 400 milyon ABŞ dolları təşkil edən müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Söhbət hava və yerüstü bazalanmalı, eləcə də dəniz platformaları üçün nəzərdə tutulmuş “Spike”raketlərindən gedir.

Planlaşdırılır ki, “Spike” raketləri Yunanıstan Ordusunun əməliyyat alətləri portfelini gücləndirəcəkdir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında xarici kütləvi informasiya vasitələrində Yunanıstanın “Spike” çoxməqsədli idarəolunan raketləri almağı planlaşdırdığı barədə məlumat yayılıb. Silah sistemlərinin Yunanıstan Quru Qoşunlarının hücum helikopterlərində və Hərbi Dəniz Qüvvələrinin katerlərində quraşdırılması planlaşdırılır.

Spike NLOS (non-line of sight) müasir zirehli texnikanı, istehkam və mühəndis strukturlarını, düşmənin canlı qüvvəsini, günün istənilən vaxtında və çətin hava şəraitində 25 km-ə qədər məsafədə görmı xəttindən kənarda yerləşən aşağı sürətli yerüstü hədəfləri vurmaq üçün təyin edilmiş uzunmənzilli 5-ci nəsil çoxməqsədli raket kompleksidir.

Raketlərin döyüş hissəsi tandem kumulyativ və ya qəlpəli-fuqas ola bilər. İstehkamları və binaları məhv etmək üçün raket qəlpəli-fuqas nüfuzedici döyüş başlığı ilə təchiz oluna bilər.

Raketin idarəetmə sistemi kombinələşdirilmişdir və bura termal/televiziya özütuşlama başlığı, inersial sistem və yarımavtomatik komanda tuşlama sistemi daxildir. Düzünə görmə xəttindən kənar hədəflərə hücum etmək üçün raket kompleksi xarici hədəfgöstəricidən istifadə edə bilər.

“Spike NLOS” quru, hava və dəniz platformalarından buraxıla bilir. Artıq uçuş zamanı raket zərurət olduqda hədəfləri dəyişə və ya zərbəni tamamilə ləğv edə bilir. Raketin çəkisi təxminən 70 kq-dır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS