Yunanıstanda “Schiebel” S-100 PUA-nın sınaqları tamamlanıb

Yunanıstanda “Schiebel” S-100 PUA-nın sınaqları tamamlanıb

Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) “Schiebel” S-100 pilotsuz uçuş aparatının (PUA) sınaqlarını tamamlayıb. VTOL tipli şaquli uçuş və eniş imkanlı PUA “Elli” sinif “Aigaion” (F-460) freqatının göyərtəsinə yerləşdirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Schiebel” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Schiebel” S-100 PUA Almaniyanın “Diehl BGT Defence” şirkətinin iştirakı ilə Avstriyanın “Schiebel” şirkəti tərəfindən yaradılıb. PUA artıq müxtəlif ölkələrin 14 donanması tərəfindən istifadə olunur.

Nümayiş uçuşları üçün S-100 PUA “Trakka” TC-300 optoelektron stansiyası (EO/IR) və “Shine” avtomatik tanıma sistemi sensoru ilə təchiz olunmuşdur.

Bir həftə davam edən sınaqlarda S-100 PUA uçuş məsafəsi, dözümlülük və sürət, həmçinin dənizdə müşahidə və aşkarlama kimi qabiliyyətlərini nümayiş etdirib.

Sınaqların ssenarisi gecə və gündüz uçuşlarından və enişlərindən, digər Yunanıstan HDQ gəmiləri ilə qarşılıqlı əlaqədən, gəmilərin hərəkətinin monitorinqindən və sahil nəzarətindən ibarət olub.

Xatırladaq ki, “Schiebel” S-100 PUA-nın gövdəsi kompozit materiallardan və titandan hazırlanmışdır ki, bu da optimal qiymətə geniş çeşiddə faydalı yüklərin quraşdırılmasına imkan verir. Standart konfiqurasiyada PUA 10 saat ərzində 34 kq ağırlığındakı faydalı yükü daşıyır.

S-100 PUA-nın uçuş məsafəsi 200 km, maksimal uçuş hündürlüyü isə 5500 metrdir.

Faydalı yükdən gələn görüntülər real vaxt rejimində idarəetmə stansiyasına ötürülür. PUA-nın özü həm avtomatik, həm də GPS siqnalı itirildikdə əl ilə idarə edilə bilir.

Əsas xassələri bunlardır: standart məlumatötürmı məsafəsi – 80/180 km; maksimal uçuş sürəti – 200 km/saat; kreyser sürəti (uçuş radiusunu artırmaq üçün) – 100 km/saat; maksimal uçuş müddəti – 25 kq faydalı yüklə 6 saatdan az olmayaraq; maksimal uçuş kütləsi – 200 kq; təmiz kütləsi – 100 kq; qabarit ölçüləri: uzunluğu – 3110 mm; hündürlüyü – 1040 mm; eni – 1240 mm.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS