ZAHA zirehli transportyoru mina testlərini tamamlayıb
Türkiyənin FNSS şirkəti tərəfindən hazırlanan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli transportyorunun mina testləri tamamlanıb.
“Poliqon”un məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komitəsində çıxışında deyib.
Vitse-prezidentin sözlərinə görə, ballistik test proqramı çərçivəsində ZAHA zirehli amfibiya maşını mina əleyhinə mühafizə imkanlarını təsdiqləyib və mina testini uğurla tamamlayıb.
Bildirilib ki, bir konsepsiya olaraq, mina sınaqları ZAHA-nın sahilyanı ərazilərdə eniş əməliyyatlarında istifadə edilməsi üçün çox vacibdir. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan ZAHA zirehli maşını TCG Anadolu (L-408) desant gəmisinin texnika ehtiyaclarını ödəyəcək.
ZAHA yüksək mobilliyə malikdir, dənizdə saatda 7 düyün, quruda isə saatda 70 km maksimal sürətlə hərəkət edir. ZAHA ZTR zirehli gövdəsi alüminium-maqnezium ərintisindən hazırlanıb və keramik əlavələrdən ibarətdir. Mina əleyhinə mühafizə elementləri var, ön və yan hissələr (proyeksiyalar) əlavə zireh elementləri ilə örtülüb. Əlavə modulları olan gövdə 14,5 mm-ə qədər çaplı zirehdələn güllələrdən qorunmanı təmin edir.
ZAHA ZTR-də 600 at gücünə malik “Caterpillar C13” mühərriki və “Alisson” avtomatik transmissiyası quraşdırılıb. Şassi altı dayaq vərdənəsinə və torsion asqıya malikdir. Arxa tərəfdə suda hərəkəti təmin edən iki su mühərriki yerləşdirilib.
Transportyorun döyüş kütləsi 30 tondur. Zirehli transportyor versiyasında maşına 3 heyət üzvü və 21 desant yerləşir. Maşın suda aşan zaman əvvəlki vəziyyətinə qayıda bilir. Silahlanmasına 12,7 mm-lik pulemyot və 40 mm-lik avtomatik qumbaraatan olan uzaqdan idarə olunan modul daxildir.