Xəbərlər

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür

Bu gün, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımdan 108 il ötür.

“Poliqon”un məlumatına görə, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvan ərazilərində dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirilib.

Tarixi mənbələr göstərir ki, Bakı Soveti və daşnak silahlı dəstələrinin iştirakı ilə baş verən bu hadisələr zamanı 12 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirilib, on minlərlə insan isə itkin düşüb.

1917-ci ildə Rusiyada baş vermiş siyasi çevrilişlərdən istifadə edən erməni qüvvələr bölgədə öz maraqlarını həyata keçirmək üçün bolşevik şüarları altında hərəkət edərək etnik təmizləmə siyasəti yürüdüblər.

Həmin dövrdə yalnız insanlar deyil, həm də Azərbaycanın zəngin mədəni irsi hədəfə alınıb. Tarixi binalar, dini abidələr, o cümlədən məşhur İsmailiyyə binası dağıdılıb, məscidlərə ziyan vurulub. Şahid ifadələrinə görə, qırğınlar zamanı xüsusi qəddarlıq nümayiş etdirilib.

Sonrakı illərdə də azərbaycanlılara qarşı zorakılıq və deportasiya siyasəti davam etdirilib. Xüsusilə 1948-1953-cü illərdə və 1988-ci ildən etibarən yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından məcburi köçürülüb.

Tarixi baxımdan bu hadisələrə ilk siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib və 31 mart ümummilli matəm günü kimi qeyd olunub. Müstəqillik əldə edildikdən sonra isə bu hadisələrə rəsmi səviyyədə yenidən qiymət verilib. 1998-ci ildə imzalanmış müvafiq fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilib və hər il dövlət səviyyəsində anılır.

Quba ərazisində aşkarlanmış kütləvi məzarlıqlar və yaradılmış memorial kompleks bu faciənin miqyasını açıq şəkildə nümayiş etdirir. Bu cür faktlar, baş verənlərin unudulmaması və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, bu hadisələrə beynəlxalq hüquq çərçivəsində hələ də tam və obyektiv qiymət verilməyib. Buna baxmayaraq, Azərbaycan bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Back to top button