SAHİL RAKET KOMPLEKSLƏRİNİN İNKİŞAFINA BAXIŞ

SAHİL RAKET KOMPLEKSLƏRİNİN İNKİŞAFINA BAXIŞ

Dünyanın müxtəlif regionlarında baş verən müasir lokal müharibə və münaqişələrin təhlili göstərir ki, dəniz əməliyyatlarının böyük əksəriyyəti qanadlı raketlərdən istifadə etməklə suüstü gəmilərin və qayıqların aktiv əməliyyatları ilə həyata keçirilib. Bir çox ölkələrinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) və hərbi sənaye mütəxəssisləri belə qənaətə gəliblər ki, HDQ birləşmələrinin silahlanmasına mütləq gəmi əleyhinə qanadlı raketlər olan raket kompleksi daxil edilməli, bu komplekslər həm gəmi bazalı, həm də yerüstü bazalı olmalıdır.

HDQ-nin qəbul etdiyi komplekslərdə raket texnikasının, radioelektronikanın perspektivli texnologiyalarının tətbiqi, raketlərin döyüş xüsusiyyətlərinin artırılması, əməliyyat-taktiki imkanlarının genişləndirilməsi və onların hərbi-siyasi şəraitə uyğunlaşdırılması gəmi əleyhinə raket komplekslərinin inkişafının əsas tendensiyasıdır.

Sahil yaxınlığında, bazalarda, limanlarda, adalar arasında gəmilərin məhv edilməsi zərurəti alternativ naviqasiya sistemlərinin və axtarış-tuşlama qurğularının mövcud gəmi əleyhinə raket kompleksi modellərində işlənib hazırlanmasına və tətbiqinə səbəb olmuşdur. Mütəxəssislər, bundan irəli gələrək, sahil zonasında fəaliyyət göstərən müasir təkmilləşdirilmiş raketlərin imkanlarını genişləndirən yeni prinsiplər, üsullar, həmçinin idarəetmə və tuşlama vasitələri hazırlayırlar.

Diqqətinizə təqdim olunan materialda əsas mövzu olaraq sahil raket-artilleriya qoşunlarının silahlanmasında yer alan sahil raket kompleksləri və onların inkişaf yolları götürülmüşdür.

Sahil raket kompleksi sahilə yaxınlaşmalarda, boğaz zonalarında, ada və sxer (kiçik, alçaq qayalıq ada) rayonlarında suüstü gəmiləri, nəqliyyat vasitələrini və desantçıxarma vasitələrinin məhv etmək üçün təyin edilmiş yerüstü raket kompleksidir. Kompleks, HDQ sahil raket-artilleriya bölmələrinin silahlanmasına aiddir. Sahil raket komplekslərinin tərkibinə adətən gəmi əleyhinə qanadlı raketlər, buraxma qurğuları, idarəetmə sistemi (komanda idarəetmə məntəqəsi), raketlərin hazırlanması üçün yerüstü avadanlıqlar və nəqletmə-doldurma (yenidən doldurma) vasitələri daxildir.

Müasir dövrdə bir çox ölkələrdə sahil raket kompleksləri istehsal olunur. Belə komplekslərin istehsalı olmayan ölkələr isə onları digər ölkələrdən idxal etməklə öz tələbatlarını ödəyirlər.

ss

3K55 “Bastion” sahil raket kompleksi

Rusiya istehsalı 3K55 “Bastion” sahil raket kompleksi “Taktiki raket silahları” korporasiyasının “Maşınqayırma” Elmi-İstehsalat Birliyi tərəfindən yaradılıb. Kompleksdə məhvetmə vasitəsi kimi P-800 “Oniks” 3M55 indeksli (ixrac adı “Yaxont”) gəmi əleyhinə raketi tətbiq edilib.

3K55 “Bastion” sahil raket kompleksi, desant birləşmələrinin, konvoyların, gəmi və aviadaşıyıcı zərbə qruplarının tərkibindən olan müxtəlif sinif və tipli suüstü gəmiləri, həmçinin tək gəmiləri və yerüstü radio-kontrast hədəfləri güclü atəş və radioelektron əkstəsir şəraitində məhv etmək üçün təyin edilib. Kompleks köməkçi vasitələr olmadan avtonom döyüş növbətçiliyini 24 saat, döyüş növbətçiliyinin təminatı vasitələri ilə 30 sutka ərzində yerinə yetirmək imkanına malikdir. Kompleks “Monolit-B” hava və yerüstü hədəfləri aşkar etməkdən ötrü özüyeriyən üfiqarxası RLS ilə təchiz oluna bilər.

3K55 “Bastion” iki versiyada təqdim olunur: K-330P “Bastion-P” mobil və K-300S “Bastion-S” stasionar. Hər iki versiyaya yuxarı komanda məntəqəsi ilə kompleksin döyüş vasitələrinin məlumat-texniki əlaqələndirilməsi üçün aparatlar, avtomatlaşdırılmış döyüşü idarəetmə sistemi və texniki xidmət vasitələri kompleksi, təlim-məşq kompleksi və helikopter hədəfgöstərmə kompleksi daxildir. Stasionar “Bastion-S” kompleksinin tərkibinə əlavə olaraq mobil komanda məntəqəsi, start batareyası (qorunan stasionar buraxma qurğuları) və idarəetmə modulu, qorunan stasionar komanda məntəqəsi daxildir. “Bastion-P” mobil kompleksi əlavə olaraq özüyeriyən buraxma qurğularından (ÖBQ), ÖBQ üzərində iki ədəd nəqletmə-buraxma konteyneri, K-380P döyüş idarəetmə maşınından, K-342P nəqletmə-doldurma maşınından (NDM), döyüş növbətçiliyini təminat maşınından ibarətdir. K-340P ÖBQ-dan raketlər şaquli vəziyyətdən buraxılır və raket buraxılışları arasındakı interval 2,5 saniyədir. Kompleksin maksimal döyüş dəsti 24 ədəd P-800 “Oniks” gəmi əleyhinə raketdir. Hədəflərə atəş açmaq üçün kompleksin mövqeyi sahildən maksimal 200 km məsafədə yerləşə bilir.

P-800 “Oniks” gəmi əleyhinə raketləri olan “Bastion-S” stasionar sahil raket kompleksi sahil müdafiəsinin vahid sisteminin tərkib hissəsi olaraq 150000 km2-ə qədər akvatoriyanın, həmçinin 600 km uzunluğunda sahili düşmənin desant əməliyyatlarından müdafiəsini təmin edir.

3M55 “Oniks” gəmi əleyhinə raketi “atdın-unutdun” prinsipi ilə işləyir, döyüş istifadəsi üçün tam avtonomdur, hədəfə səsdən iti uçuş sürəti ilə yaxınlaşır, çevik uçuş yolları dəsti ilə təchiz edilib, müasir radiolokasiya stansiyaları (RLS) üçün aşağı gözəçarpandır, eləcə də suüstü gəmilər və sualtı qayıqlar, həmçinin yerüstü buraxma qurğuları kimi daşıyıcılar üçün tam unifikasiyanı təmin edir. Raketin start kütləsi 3000 kq döyüş başlığının kütləsi 200 kq-dır. Raketin 10-14000 metr yüksəklikdə, kombinə edilmiş trayektoriya ilə uçuş məsafəsi 300 km, aşağı trayektoriya ilə uçuş məsafəsi isə 15 m – 120 km təşkil edir. Raketin idarə olunması radio hündürlükölçəndən istifadə etməklə inersialdır. Özütuşlama başlığı aktiv radiolokasiya tiplidir.

bal

3K60 “Bal” sahil raket kompleksi

Rusiyanın növbəti sahil raket kompleksi isə 3K60 “Bal” kompleksidir. Kompleks 3M24 indeksili X-35 gəmi əleyhinə raketlə təchiz olunub. Bu kompleks də “Taktiki raket silahları” korporasiyasının “Maşınqayırma” Elmi-İstehsalat Birliyi tərəfindən yaradılıb. Kompleksin baş istehsalçısı “Tayfun” zavodudur. Kompleks ərazi suları və boğaz zonalarına nəzarət etmək, dəniz bazalarının, digər sahil obyektlərinin və sahilyanı infrastrukturun müdafiəsi, desant təhlükəli istiqamətlərdə sahil mühafizəsi üçün təyin edilib.

Kompleks iki variantda istehsal edilir: daxili sifarişçi üçün 3K60 “Bal”, ixrac üçün 3K60E “Bal-E”. Kompleks bütün hava şəraitlərində, gecə-gündüz istifadə oluna bilir. Eləcə də, ərazinin kimyəvi və radioaktiv zəhərlənməsi şəraitində də döyüş tapşırığını yerinə yetirə bilir. Hədəflərə atəş açmaq üçün kompleksin mövqeyi sahildən 10 km məsafədə yerləşir. Yaylım atəşi zamanı raketlərin buraxılması arasındakı interval 3 saniyədən çox deyil.

X-35 raketinin start vəziyyətində kütləsi 610 kq, döyüş hissəsinin kütləsi 145 kq-dır. Raketin maksimal uçuş sürəti saniyədə 240-270 m, uçuş hündürlüyü 10-15 m-dir. X-35 raketinin uçuş məsafəsi 120 km-ə, X-35U raketini isə 260 km-ə bərabərdir. Kompleksin ümumi döyüş dəsti 64 ədəd raket təşkil edir. Raket idarəetmə sistemi kompüter, radio yüksəklikölçən və avtopilotdan istifadə etməklə inersialdır. ARQS-35 özütuşlama başlığı aktiv radiolokasiya tiplidir.

ABŞ-ın RGM-84 “Harpoon” gəmi əleyhinə qanadlı raket sistemi dünyada ən çox yayılmışlardan biridir. RGM-84 “Harpoon” raketi “McDonnell Douglas” aviaquraşdırma korporasiyası tərəfindən yaradılıb və hazırda “The Boeing Company” (Boeing) korporasiyasının müəssisələrində istehsal olunur. “Harpoon” raketi üçün sahil raket kompleksi variantında yüngül qorunmayan Mk-140 dördləşdirilmiş buraxma qurğuları və Mk-141 partlayışa davamlı buraxma konteynerləri xüsusiləşdirilmiş buraxma qurğları hesab olunur.

harpon

“Harpoon” gəmi əleyhinə qanadlı raket sistemi

Raketin bir neçə modifikasiyası mövcuddur. RGM-84A – raketin 1977-ci ildə silahlanmaya qəbul edildiyi əsas versiyasıdır. “Harpoon Block II+” kimi tanınan RGM-84N raketin ən müasir versiyasıdır. O, GPS naviqasiyası və daşıyıcı ilə inteqrasiya olunmuş ikitərəfli rabitə kanalı da daxil olmaqla, marş hissəsində yeni tuşlama sistemindən istifadə edir ki, bu da raketin kursuna düzəliş verməyə, yalançı hədəflərin seçimini təkmilləşdirməyə imkan verir və müxtəlif istiqamətlərdən bir hədəfə bir neçə raketin eyni vaxtda daxil olma imkanını həyata keçirir. Bir sözlə, hədəfin hava hücumundan müdafiə sistemini yanıltmaq üçün çoxvektorlu hücum yerinə yetirilir.

Daimi olaraq təkmilləşdirilən “Harpoon” raketi dünyanın ən uğurlu gəmi əleyhinə raketi hesab edilir. Raket istehsal üçün maya dəyəri nöqteyi-nəzərindən nisbətən ucuzdur. “Harpoon” suüstü gəmilərdən, sualtı qayıqlardan, sahil raket komplekslərindən, müxtəlif təyyarələrdən (qırıcı, sualtı qayıq əleyhinə, kəşfiyyat) buraxıla bilər.

Hazırda “Harpoon” gəmi əleyhinə raketi AGM-84 (təyyarələr), RGM-84 (suüstü gəmilər və sahil mühafizə kompleksləri) və UGM-84 (sualtı qayıqlar) variantında ABŞ və Ukrayna daxil olmaqla 29 ölkə silahlı qüvvələrinin silahlanmasındadır.

Yaxın keçmişdə ABŞ Müdafiə Nazirliyi GBASM yerüstü gəmi əleyhinə raket proqramına başlamışdır. Bu proqramın məqsədi Dəniz Piyadaları Korpusu (DPK) üçün yeni sahil raket kompleksi yaratmaq idi. Proqrama əsasən mövcud və ya hazırlanacaq gəmi əleyhinə raket modellərindən birinin daşıya biləcəyi yüngül və ucuz döyüş maşınının yaradılması planlaşdırılırdı. GBASM proqramının inkişafı “Raytheon Missiles & Defence” şirkətinin başçılıq etdiyi bir neçə şirkət tərəfindən təklif olunan yeni layihənin bir hissəsi kimi həyata keçirilib. Yekunda yeni sahil raket kompleksi “NMESIS” adlandırılmışdır. Kompleks özündə “Oshkosh Defence” şirkəti tərəfindən istehsal edilmiş və ən son “NSM” gəmi əleyhinə raketlərlə silahlandırılmış “ROGUE” uzaqdan idarə olunan buraxma qurğusunu tərənnüm edir. Yəni, kompleks “NSM” gəmi əleyhinə raketlərlə silahlanmış “JLTV” zirehli maşınının pilotsuz versiyasıdır.

nmesis

“NMESIS” gəmi əleyhinə raket kompleksi

Kompleksin tərkibində olan “NSM” raketi Norveçin “Kongsberg” şirkəti tərəfindən hazırlanmış beşinci nəsil gəmi əleyhinə raketdir. Orta mənzilli gəmi əleyhinə “NSM” raketi 185 km-ə qədər məsafədə həm suüstü, həm də yer hədəflərini məhv etmək üçün təyin edilib. “NSM” inersial, peyk və infraqırmızı cihazlı kombinələşdirilmiş tuşlama sistemi ilə təchiz edilib. Hədəfin məhv edilməsi 125 kq-lıq döyüş başlığı tərəfindən yerinə yetirilir.

“NSM” raketi düzbucaqlı kəsikli nəqletmə-buraxma konteynerində (NBK) tədarük olunur. Yükqaldırma məhdudiyyətlərinə görə JLTV ROGUE şassisi iki raketli NBK daşımağa qadirdir. Lakin, bunun sayəsində DPK-nin tələb etdiyi yüksək taktiki və strateji mobillik əldə edilir. Açıq mənbələrin məlumatına görə, perspektiv “NMESIS” gəmi əleyhinə raket kompleksinin ABŞ HDQ-yə və DPK-ya tədarükünə 2023-cü ilin sonunda başlanacaq.

İsveçdə sahil sularında düşmənin suüstü gəmiləri ilə mübarizə aparmaq üçün yerli “Saab Missiles” şirkəti tərəfindən “RBS-15ka” mobil sahil raket kompleksi hazırlanıb. O, 100 km-ə qədər məsafədə orta və kiçik su basımlı hədəfləri məhv etmək, həmçinin iri gəmilərdə fərdi sistemləri sıradan çıxarmaq üçün təyin edilib. Kompleksin tərkib hissəsi olan raket bir neçə ölkənin HDQ-nin silahlanmasında olan “gəmi-gəmi” sinfinə aid “RBS-15” bütün hava şəraitinə uyğun gəmi əleyhinə raketi əsasında yaradılıb. “RBS-15ka” sahil raket kompleksi batareyaları İsveç və Finlandiyanın sahil mühafizə hissələrində silahlanmadadır.

“RBS-15ka” kompleksi kifayət qədər yüksək hərəkət qabiliyyəti ilə xarakterizə olunur. Xüsusən də, kompleksin start mövqeyində sərf etdiyi ümumi vaxt təxminən 5 dəqiqədir ki, bura raketin buraxılışına hazırlıq, atəşin yerinə yetirilməsi və onun yürüş vəziyyətinə keçirilməsi üçün vaxt daxildir. Birinci raket buraxıldıqdan sonra ikinci raket yeni hədəfə 10 saniyədən sonra buraxıla bilər. Raketin iki sürətləndirici ilə birlikdə kütləsi 770 kq, iki sürətləndiricisiz kütləsi 598 kq, fuqas təsirli döyüş başlığının kütləsi isə 200 kq-dır.

rbs 15

“RBS-15ka” mobil sahil raket kompleksi

İsveçin digər gəmi əleyhinə raketi isə “Saab Bofors Dynamics” şirkəti tərəfindən yaradılmış “RBS-15Mk3” raketidir ki, bu da “RB-S15Mk2” raketinin inkişafıdır. Bununla belə, “RBS-15Mk3” artırılmış uçuş mənzilinə, təkmilləşdirilmiş hədəftanıma imkanlarına malikdir və son dərəcə aşağı hündürlükdə hədəfə yaxınlaşmaq, təsadüfi qanunauyğunluqla manevr etmək və uçuş trayektoriyasının son hissəsində mühərrikin dartqı qüvvəsini  artırmaq sayəsində düşmənin raket əleyhinə müdafiə (RƏM) sistemlərinin daha effektiv keçilməsini təmin edir. Raket yer hədəflərinə qarşı da istifadə edilə bilir. Daşıyıcı kimi korvet sinifli gəmilər, sahil mühafizə vasitələri və avtomobil platformalarından istifadə olunur.

Artırılmış tutumlu yanacaq çəni və daha yüksək sıxlığa malik yanacağın istifadəsi sayəsində “RBS-15Mk3” raketinin maksimal uçuş məsafəsi 200 km-ə çatdırılıb. İstehsalçı şirkətin fikrincə, gələcəkdə uçuş məsafəsini 400 km-ə qədər artırmaq mümkündür. Raketin bort aparatları inersial idarəetmə sistemindən, yeni rəqəmsal avtopilotdan, dəniz səthinin vəziyyətindən asılı olaraq tezliyi tənzimlənən adaptiv radio hündürlükölçəndən, kompüterdən və radiolokasiya özütuşlama başlığından ibarətdir. “RBS-15Mk3” raketinin kombinələşdirilmiş radiolokasiya və passiv infraqırmızı özütuşlama başlığı ilə təchiz edilmiş variantı da hazırlanmışdır. Raket çəkisi 200 kq olan hazır öldürücü elementli qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub. O, həm hədəfə birbaşa dəyməklə, həm də təmassız sensorlar vasitəsilə partladıla bilər. Raketin iki sürətləndirici ilə birlikdə kütləsi 800 kq, iki sürətləndiricisiz kütləsi 630 kq-dır. Uçuş sürəti saniyədə 270 m-dir. Dairəvi sapma ehtimalı 3-5 m təşkil edir.

Kompleksin atışı “MEPS” avtomatlaşdırılmış atəşi idarəetmə sistemi ilə idarə olunur. Sistem döyüş, məşq, raketlərin gündəlik nəzarəti və yoxlanılması, taktiki vəziyyətin simulyasiyası rejimi kimi dörd əsas rejimdə işləyə bilir.

Gəmi əleyhinə raketin digər nümunəsi isə “RBS-15Mk4” modifikasiyasıdır. Bu raketin yaradılmasında baza olaraq “RBS-15Mk3” götürülüb, lakin üzərində bir çox yeniliklər tətbiq edilib. Raket İsveçin “Saab Bofors Dynamics” şirkətinin Almaniyanın “Diehl BGT Defence GmbH & Ko KG” şirkəti ilə birgə əməkdaşlığı sayəsində inkişaf etdirilir. O, əsasən açıq dənizdə suüstü gəmiləri, eləcə də stasionar yer hədəflərini məhv etmək üçün təyin edilib. Bu məmulatın idarəetmə blokuna ərazinin relyefi və NAVSTAR kosmik radionaviqasiya sistemindən gələn siqnallar üzrə korreksiyası olan inersial naviqasiya sistemi daxildir. Həmçinin, aktiv radiolokasiya və termal kanalları olan kombinələşdirilmiş özütuşlama başlığından istifadə edilir. Ehtimal edilir ki, o, hədəfin avtomatik aşkarlanmasını, onun təsnifatını və maksimum zərər üçün optimal nişanalma sahəsinin seçilməsini təmin edəcək. “RBS-15Mk4” raketinin start kütləsi 700 kq, hazır öldürücü elementli qəlpəli-fuqas döyüş başlığının kütləsi 220 kq-dır. Uçuş sürəti saniyədə 270 m-dir. Maksimal uçuş məsafəsi 400 km, dairəvi sapma ehtimalı 1-3 m təşkil edir. Yeni idarə olunan raketin “RBS-15ka” mobil sahil raket komplekslərinin, korvetlərin və taktiki qırıcıların silahlanmasına daxil edilməsi planlaşdırılır.

GABRIEL 5

“Gabriel-5” gəmi əleyhinə raket sistemi

İsrail gəmi əleyhinə raket yaradılması üzrə dünyanın üçüncü ölkəsidir. Belə ki, birinci yerdə keçmiş SSRİ 1960-cı ildə yaratdığı P-15 “Termit” raketi ilə, ikinci yerdə isə İsveç 1965-ci ildə yaratdığı “Robot 08” raketi ilə qərarlaşmışlar. İsrailinin ilk gəmi əleyhinə raketi olan “Gabriel” “Israel Aerospace Industries” (IAI) korporasiyası tərəfindən yaradılıb və silahlı qüvvələrin silahlanmasına 1960-cı illərin sonlarında qəbul edilib. Bundan sonra gəmi əleyhinə raketin bazasında “Gabriel Mk1”, “Gabriel Mk2”, “Gabriel Mk3”, “Gabriel Mk4” və “Gabriel Mk5” modifikasiyaları yaradılmışdır. Son variant isə “Blue Spear” raketidir.

“Blue Spear” (5G SSM) sahil raket kompleksi “quru-dəniz” sinifinə aiddir. O, yer platformalarından yüksək səsdən aşağı sürətli uçuşlu buraxılışlara imkan verən dünyanın ən qabaqcıl gəmi əleyhinə raket sistemlərindən biridir. Kompleks İsrailin IAI və Sinqapurun “ST Engineering Land Systems” şirkətlərinin yaratdığı “Proteus Advanced Systems” birgə müəssisəsi tərəfindən hazırlanıb. “Blue Spear” gəmi əleyhinə raketi əvvəlki “Gabriel-5” gəmi əleyhinə raketinin təkmilləşdirilmiş variantıdır.

“Blue Spear” sahil raket kompleksi istənilən hava şəraitində və günün istənilən vaxtında səmərəli işləməyə imkan verən mobil yüksək dəqiqlikli silahdır. Dənizdə hərəkət edən və stasionar hədəfləri vura bilir, maksimal məhvetmə məsafəsi 290 kilometrdir. Tuşlama sistemi maneədən müdafiəli GPS-dən düzəliş olunan və trayektoriyanın son mərhələsində aktiv radiolokasiya tuşlaması ilə inersial naviqasiya sistemidir. Raketin bort kompüteri raketi tutmaq şanslarını minimuma endirməkdən ötrü təyin edilmiş müxtəlif manevrləri yerinə yetirmək üçün proqramlaşdırılıb.

Raket həm dəniz, həm də qurudan hücum imkanlarına sahibdir və sahilyanı mühitlər üçün təkmilləşdirilmiş manevr qabiliyyətinə malikdir. Döyüş başlığında aktiv radiolokasiya özütuşlama başlığı, dəqiq INS əsaslı naviqasiya imkanları, BLOS görmə xəttindən kənarda işləmə qabiliyyəti və GPS pozulmalarına və maksimal dəqiqliklə hədəfin əldə edilməsinə qarşı etibarlı sistemdən istifadə olunur.

İstehsalçının bildirməsinə görə, “Blue Spear” raketinin uçuş profili və tapşırığın icrası onun operatorları tərəfindən proqramlaşdırılır, lakin eyni zamanda tapşırıq tələblərindən asılı olaraq yüksək səviyyədə avtomatlaşdırıla bilər. Raketin təkmilləşdirilmiş məlumat ötürmə kanalı “atdın-unutdun” rejiminə əlavə olaraq, “atdın və yenilədin” rejimindən də istifadəni təmin edir. Bort məlumat ötürmə kanalı operatorlara uçuş zamanı raketi izləməyə imkan verir. Qəlpəli-fuqas təsirli döyüş başlığının kütləsi 150 kq-dır. Sahil mühafizəsi üçün “Blue Spear” kompleksi 20 futluq raketləri buraxma qurğusunu daşıyan konteynerlərdə yük maşınlarına quraşdıracaq.

Açıq mətbuatın rəsmi təsdiq olunmamış məlumatlarına əsasən “Blue Spears” raket kompleksi dəniz və yerüstü variantlarda İsrail, Sinqapur, Finlandiya, Estoniya və Ukrayna ordularına tədarük olunub.

atmaca firlatma ani 1512823 e1612527174874

“ATMACA” gəmi əleyhinə raket sistemi

Türkiyənin ROKETSAN və ASELSAN şirkətləri birlikdə “ATMACA” gəmi əleyhinə raketli mobil sahil raket kompleksini inkişaf etdirib. Birinci, raketin özünün inkişafına, ikinci isə idarəetmə sistemi və aktiv radiolokasiya özütuşlama başlığının inkişafına cavabdehdir. Raketlər üçün dörd konteyneri olan buraxma qurğusu 8×8 təkər formuluna malik “KamAZ” yük avtomobilinin platformasına yerləşdirilib. Gəmi versiyasından fərqli olaraq, raketin yerüstü modifikasiyası infraqırmızı özütuşlama başlığı ilə təchiz edilib.

“ATMACA” dəniz səthindən çox aşağı uçuş hündürlüyünə malik bütün hava şəraitinə uyğun səsdən aşağı sürətli yüksək dəqiqlikli gəmi əleyhinə raketdir. Onun tətbiq diapazonu 220 km-dən çoxdur. Raketin 280 kilometrə qədər məsafədəki hədəfləri vura biləcəyi gözlənilir. Yeni raket 220 kq ağırlığında qəlpəli-fuqas və ya nüfuzedici döyüş başlığı ilə təchiz edilib, raketin ümumi kütləsi isə təxminən 800 kq ağırlığındadır. Raket aktiv radiolokasiya özütuşlama başlığı, həmçinin inersial-peyk tuşlama bloku və ikitərəfli məlumat mübadilə aparatları ilə təchiz edilib.

Bu sahil raket kompleksi Türkiyəyə HDQ-nin silahlanmasıda olan RGM-84 “Harpoon” qanadlı gəmi əleyhinə raketlərini əvəz etməyə imkan verəcək. Türkiyəli hərbi mütəxəssislərin fikrincə, yerüstü bazalanmalı “ATMACA” gəmi əleyhinə raket ilə Türkiyənin adalarının və Qara dənizi sahillərinin 75%-i qorunacaq. Bundan başqa, “ATMACA” sahil raket kompleksi Qara dənizin 60%-ni və Egey dənizinin 85%-ni mühafizə edə biləcək.

zarb

“Zarb” gəmi əleyhinə raket kompleksi

Pakistan HDQ sahil mühafizə bölmələrinin yerli istehsal silahla silahlandırılması məqsədi ilə müdafiə sənayesi müəssisələrinə sahil raket kompleksinin yaradılması barədə sifariş verib. Yeni yaradılmış “Zarb Weapon System” və ya qısaca “Zarb” adlandırılan kompleks gəmi əleyhinə qanadlı raketlə dəstləşdirilib. Kompleksin nəqletmə-quraşdırma buraxma qurğusu 8×8 təkər formullu yük avtomobilinin şassisində yerləşdirilib. Xarici ekspertlərin fikrincə, kompleks Çin Xalq Azadlıq Ordusunun istifadə etdiyi yerli YJ-62 (“Yingji-62”) raketinin C-602 ixrac versiyasına çox bənzəyir.

“Zarb” gəmiləri qurudan vurmaq üçün yük maşınına quraşdırılmış gəmi əleyhinə raket kompleksidir. “Zarb” gəmi əleyhinə raketi olan buraxma qurğusu, üç konteyneri daşıyır.

“Zarb” kompleksnin taktiki-texniki xüsusiyyətləri məlum deyil. Lakin, onun YJ-62 kompleksinə bənzədiyini nəzərə alsaq, “Zarb”ın əslində C-802 olduğunu güman etmək daha məqsədəuyğundur.

YJ-62 uzun mənzilli gəmi əleyhinə qanadlı raket düşmənin radioelektron və atəş əkstəsir tədbirləri şəraitində həm tək, həm də qrup şəklində bütün sinif və tipli suüstü gəmiləri məhv etmək üçün təyin edilib. Raket müxtəlif daşıyıcılarda yerləşdirilə bilər, yerüstü hədəflər daxil olmaqla müxtəlif növ hədəflərə qarşı gecə-gündüz, istənilən hava şəraitində, tək-tək və yaylım atəşi ilə istifadə oluna bilər. Beynəlxalq müqavilələrə riayət etmək üçün ixrac C-602 versiyasının atəş məsafəsi 280 kilometrə endirilib.

C-602 raketi orta mənzilli gəmi əleyhinə və yerüstü hədəflərə hücum raketdir. O, 300 kiloqramlıq fuqas yarımzirehdələn döyüş başlığı daşıyır ki, bu da faydalı yükün ləngidici fəaliyyət göstərərək hədəfin içərisində partlamasını və maksimum potensial zərər vurmasını təmin edir. Raketin uçuş məsafəsi 40-400 km, uçuş sürəti isə 0,6-0,9 “Mach”dır. Uçuş hündürlüyü dəniz səthindən 7-10 m, yer səthindən 30 m-dir. Raketin start kütləsi 1350 kq, start sürətləndiricisinin kütləsi 210 kq və döyüş başlığının kütləsi 300 kq-dır. “Zarb” sahil raket kompleksi Pakistan HDQ-də silahlanmadadır.

Ukraynanın “Neptun” sahil raket kompleksi 5000 tona qədər subasma qabiliyyətinə malik gəmiləri və yerüstü hədəfləri məhv etmək üçün təyin edilmiş səsəqədər sürətli aşağı yüksəklik gəmi əleyhinə raketidir. İstehsalında yerli müəssisələrinin iştirak etdiyi Sovetin X-35 raketi əsasında “Luç” Kiyev Dövlət Konstruktor Bürosu tərəfindən hazırlanıb. “Neptun” raketi daha böyük ölçüsü və daha uzun mənzili, eləcə də yeni idarəetmə sistemi ilə X-35 raketindən fərqlənir.

Raket üzərində işlərə 2014-cü ildə başlansa da, bu barədə açıq elan edilməyib. İlk sınaqlar 22 mart 2016-cı ildə həyata keçirilib. Açıq mənbələrin məlumatına görə, 2016-cı ilin yazından etibarən qanadlı raketin ilk uçuş nümunələri istehsal edilib. Raketin təyinatı zərbə qrupları (konvoyların) tərkibindən və ya 5000 tona qədər subasma qabiliyyətli tək hərəkət edən döyüş suüstü gəmilərin və nəqliyyat gəmilərinin məhv edilməsi olaraq müəyyən olunub.

neptun

“Neptun” gəmi əleyhinə raket kompleksi

2016-cı ildə “Neptun” gəmi əleyhinə raket kompleksinin gəmi, yerüstü və hava bazalanmalı üç modifikasiyasının mümkün inkişafı haqqında məlumat verilib. 2019-cu ildə RK-360MTs “Neptun” sahil raket kompleksinin yerüstü variantı hazırlanıb, 23 avqust 2020-ci il tarixində Ukrayna Silahlı Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib və 15 mart 2021-ci il tarixində onun sınaq nümunələri Ukrayna HDQ-yə təhvil verilib. Kompleksdə döyüş maşını kimi ilk olaraq “KrAZ-7634NE” avtomobilinə əsaslanan USPU-360 universal özüyeriyən buraxma qurğusundan istifadə olunub. Lakin, növbəti sınaqların nəticələrinə görə, əsas şassinin “Tatra” şirkətinin məhsulu ilə dəyişdirilməsinə qərar verilib.

R-360 raketinin start kütləsi 870 kq-a, döyüş başlığının kütləsi isə 150 kq-a bərabərdir. Raket “Motor Siç” müəssisəsinin MS-400 turboreaktiv mühərriki ilə təchiz edilib və yanacaq olaraq aviasiya kerosinindən istifadə olunur. Raketin idarəetmə sistemi trayektoriyanın marş hissəsində GPS tənzimləməli inersial idarəetməyə, son mərhələdə isə aktiv radiolokasiya özütuşlama başlığına əsaslanır. Döyüş hissəsi nüfuz edən qəlpəli-fuqas təsirlidir. Maksimal uçuş məsafəsi 280 km, uçuş hündürlüyü trayektoriyanın marş hissəsində 10-300 metr, son mərhələdə 3-10 m-dir. Uçuş sürəti təqribən 900 km/saata (0,8-0,85 Max) bərabərdir. Raket yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdir. Kompleksin divizionu eyni anda 24 raketin buraxılmasını təmin edir.

RK-360MTs “Neptun” raket kompleksi divizionunun tərkibi 1 ədəd RKP-360 divizionun komanda məntəqəsindən, 6 ədəd buraxma qurğusundan, 6 ədəd nəqletmə-doldurma maşınından, 6 ədəd nəqletmə maşınından ibarətdir. Divizionda 72 ədəd R-360 raketi olur. Hər buraxma qurğusunda, nəqletmə-doldurma maşınında və nəqletmə maşınında 4 ədəd R-360 raketi yerləşirilib.

Beləliklə, gəmi əleyhinə raketlərin hazırlanmasında əsas səylər yüksək keyfiyyətli seçim, hədəflərin tanınması və yüksəldilmiş maneəyə dayanıqlığı təmin edən tuşlama sistemlərinin istifadəsi əsasında açıq dənizdə və sahil yaxınlığında gəmiləri məhv etmək üçün yüksək dəqiqlikli raket silahlarının yaradılmasına yönəlib. 

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS