Cənubi Afrikada “Gripen”lər yerdən “qalxa” bilmirlər

Cənubi Afrikada “Gripen”lər yerdən “qalxa” bilmirlər

Hər hansı bir hərbi texnikanı almaq işin yarısıdır, hələ ona xidmət etməyi və saxlamağı da bacarmaq lazımdır. Cənubi Afrika Hərbi Hava Qüvvələrinin (HHQ) bütün Saab JAS39 “Gripen” qırıcı parkının uçuşları texniki xidmət müqavilələrindəki gecikmələrə görə dayandırılıb.

“Poliqon” xəbər verir ki, Cənubi Afrika Respublikası (CAR) Müdafiə Nazirliyinin sözçüsü Sipive Dlamini bildirib ki, Hərbi Hava Qüvvələri və “Saab” şirkəti arasında JAS39 “Gripen” üçün müqavilə ilə bağlı uzun müzakirələr aparılıb. Nəhayət, məsələnin maraqlı tərəflərlə həllini təmin etmək üçün hazırda nəzərdən keçirilən təkliflər hər iki tərəf tərəfindən təqdim edilib.

“Təəssüf ki, müzakirələr gözlənildiyindən daha uzun çəkdi və bu, ölkənin hava hücumundan müdafiə imkanlarına mənfi təsir göstərdi”, – deyə CAR Müdafiə Nazirliyinin sözçüsü Sipive Dlamini bildirib.

Qeyd edək ki, Cənubi Afrika HHQ 1999-cu ildə 26 ədəd JAS39 “Gripen” qırıcısı sifariş etmiş, lakin ödəniş gecikmələri səbəbindən tədarüklər yalnız 2008-ci ildə başlamış və dörd il davam etmişdir. Sonra təyyarələrdən biri mühərrik qəzasına görə istismardan çıxarılmışdır.

Qeyri-rəsmi məlumatlara görə, on il ərzində təyyarələrə texniki xidmətin kifayət qədər maliyyələşdirilməməsi “kannibalizmə” səbəb olmuş, nəticədə onların təxminən yarısı ehtiyat hissələr donoruna çevrilmişdir. Trenajorların çatışmazlığı səbəbindən isə uçuş heyətləri kifayət qədər hazırlığa malik deyillər.

Xatırladaq ki, dördüncü nəsil JAS 39 “Gripen” yüngül çoxməqsədli qırıcı təyyarəsi keçən əsrin 80-ci illərində İsveçin Saab şirkəti tərəfindən hazırlanıb. JAS abbreviaturası Jakt – qırıcı, Attack – hücum təyyarəsi, Spaning – kəşfiyyat kimi açıqlanır. Qırıcının “Gripen A” modeli 1997-ci ildə İsveç HHQ-də silahlanmaya qəbul edilib. 2016-cı ildə istehsalçı təyyarənin ən son versiyası olan “Gripen-E” qırıcısını təqdim edib. Hazırda qırıcının JAS 39A, JAS 39B, JAS 39C, JAS 39D, JAS 39NG və JAS 39E/F kimi variantları mövcuddur.

JAS 39 “Gripen” qırıcıları bu günə qədər ixrac edilir və Macarıstan, Çexiya, Cənubi Afrika, Tayland, Braziliya və digər ölkələrin Hərbi Hava Qüvvələrində xidmətdədir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES