ASELSAN-ın “Toygun” sistemi MMU və “Bayraktar KIZILELMA”da istifadə ediləcək
Türkiyənin ASELSAN şirkəti “Toygun” elektro-optik sensor sisteminin texniki xüsusiyyətlərini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN-ın rəsmi saytında məlumat yer alıb.
Bildirilib ki, “Toygun” elektro-optik sensoru pilotlu və pilotsuz döyüş təyyarələrinin hədəfləmə, kəşfiyyat və müşahidə tapşırıqlarını yerinə yetirə bilməsi üçün hazırlanmış sistemdir.
Bu sistem istifadəçiyə təkli/çoxlu hədəfləri izləməyə, onları avtomatik tanımağa, lazerlə hədəfi işarələməyə və ona qədər olan məsafəni ölçməyə, habelə tapşırıqdan asılı olaraq “hava-hava” və “hava-yer” təhdidlərini hədəfləməyə imkan verir.
“Toygun” elektro-optik sensor sistemi lazer məsafəölçən sayəsində 35 kilometr məsəfəyə qədər olan hədəfləri aşkarlaya bilir. NATO STANAG 3733 standartına uyğun formada hazırlanan “Toygun”, -40 ilə +70 dərəcə aralığındakı temperaturda çalışmaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, ASELSAN-ın “Toygun” sisteminin əsasən, TUSAŞ şirkətinin ərsəyə gətirdiyi MMU döyüş təyyarəsində və “Baykar” şirkətinin hazırladığı “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsində istifadə olunması planlaşdırılıb.