
ABŞ-da inkişaf etdirilmiş yeni JR3 praktiki reaktiv mərmiyə baxış – TƏHLİL
ABŞ-ın “Lockheed Martin” şirkəti M270 MLRS (Multiple-Launch Rocket System) və M142 HIMARS (High Mobility Artilleriya Rocket System) yaylım atəşli reaktiv sistemləri (YARS) üçün perspektivli döyüş sursatını inkişaf etdirib və sınaqdan keçirib.
“Poliqon”un məlumatına görə, sürətli inkişaf layihəsi 2028-ci ildən gec olmayaraq M270 MLRS və ya M142 HIMARS buraxma qurğularından buraxıla bilən işləyən prototip praktiki reaktiv mərmini hazırlamağa yönəlib.
Hazırda MLRS və HIMARS YARS istehsalını “Lockheed Martin Corp.” və “BAE Systems” şirkətləri həyata keçirir.
Yeni JR3 (Joint Reduced Range Rocket) məmulatı hazırkı döyüş sursatları ailəsindən əhəmiyyətli dərəcədə fərqlənir və təlim atışlarında istifadə üçün təyin edilib. Eyni zamanda, onun növbəti döyüş reaktiv mərmisinə çevrilməsi ehtimalı da istisna edilmir.
Ordunun tələbatını ödəmək üçün inkişaf etdirilən məmulat
1980-ci illərin əvvəllərində ABŞ Ordusunun silahlanmasına M270 MLRS sistemi ilə birlikdə MFOM (MLRS Family of Munitions) reaktiv mərmi ailəsini qəbul edilib. Buraya bir neçə növ döyüş reaktiv mərmiləri və praktiki M28 məmulatı daxil idi. Standart kasset döyüş başlığı əvəzinə bu reaktiv mərmi eyni kütlədə ballast və tüstü şaşkaları daşıyırdı. Sonradan cəmi 9 km azaldılmış uçuş məsafəsinə malik M28A1 və M28A2 təlim reaktiv mərmiləri ilə yaradılıb.
227 mm-lik M28A2 praktik reaktiv mərmisi hələ də ABŞ Ordusunun reaktiv artilleriya bölmələrinin silahlanmasında durur və müxtəlif təlim tədbirlərində istifadə olunur. Belə məmulatların köməyi ilə YARS döyüş heyətləri müxtəlif hədəflərə atəş açmağı məşq edir və bunun üçün böyük təlim poliqonları tələb olunmur.
Açıq mənbələrin məlumatlarına görə Pentaqonun arsenallarında əhəmiyyətli dərəcədə praktiki M28A2 reaktiv mərmilərinin ehtiyatı var. Əvvəllər bildirilmişdi ki, indiki istehlak tempi ilə onlar otuzuncu illərin əvvəllərinə qədər davam edəcəklər. Lakin 2032-ci ildə bu raketlər saxlama müddəti bitdiyinə görə onlardan imtina edilməli olacaq. Bununla əlaqədar olaraq, artıq onların dəyişdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.
M270 MLRS və M142 HIMARS üçün vahid azaldılmış mənzilli reaktiv mərmi
2023-cü ilin oktyabrında ABŞ artilleriya sistemlərinin inkişafına cavabdeh olan Redston arsenalı, Joint Reduced Range Rocket (Vahid azaldılmış mənzilli raket) və ya JR3 adlı yeni proqrama start verildiyini elan edib (PANRSA23P0000016158). Bu proqramın məqsədi MLRS/HIMARS sistemləri üçün perspektivli “yer-yer” sinif praktiki sursat yaratmaqdır.
Planlara əsasən, yeni JR3 raketi fərqli xüsusiyyətlərə malik olmaqla mövcud GMLRS (Guided Multiple Launch Rocket System) döyüş sursatlarını təqlid etmək üçün nəzərdə tutulub. Ondan mövcud buraxma qurğuları və artilleriya atəşini idarəetmə sistemləri ilə tam uyğunluq tələb olunur. Eyni zamanda, uçuş məsafəsinə 9-16 km kimi xüsusi tələblər qoyulub. Ehtimal edilən dairəvi sapma təqribən 30 m ilə məhdudlaşdırılıb.
Yaxın gələcəkdə Redston arsenalı potensial proqram iştirakçılarının müraciətlərini qəbul etməyi və layihələrin inkişafı üçün onlarla müqavilə bağlamağı planlaşdırır. Növbəti bir neçə il ərzində layihələndirmə işləri, müxtəlif yaradıcıların JR3 təcrübə reaktiv mərmilərinin sınaqları və s. keçirilməlidir. Qalibin seçilməsi və yeni praktiki döyüş sursatının seriyalı istehsalına başlanması 2028-ci ilə qədər gözlənilir.
JR3 həmçinin cari və gələcək qabaqcıl səhra artilleriya taktiki məlumat sistemi (Field Artillery Tactical Data System – FADS) və işəsalma proqram təminatından istifadə etməyi bacarmalı, həmçinin yeni döyüş sursatı layihələndirmədən gələcək böyüməyə imkan vermək üçün mühərrik və döyüş başlığı arasında modul açıq sistemlər arxitekturası (Modular Open Systems Architecture – MOSA) interfeysi ilə layihələndirilməlidir.
Maraqlanan şirkətlər təklif olunan praktiki sursatın texnoloji hazırlıq səviyyəsini (Technology Readiness Level – TRL) və istehsala hazırlıq səviyyəsini (Manufacturing Readiness Level – MRL) və onun tuşlama mexanizmləri və sensorları, mühərrik qurğuları,məlumatları ötürmə kanalı, təhlükəsizlik qurğuları, ayağaçəkmə və atəş, və digər alt sistemlər kimi əsas alt sistemlərini təsvir edə bilmək imkanına malik olmalıdırlar.
Proqrama raket silahlarının hazırlanmasında təcrübəsi olan bir neçə iri hərbi-sənaye şirkəti qoşulub. Pentaqonun gələcək müqaviləsi uğrunda “Lockheed Martin”, “Raytheon” və digər tanınmış istehsalçı şirkətlər yarışırdılar.
İnkişafın ilk nəticəsi
İndiyə qədər “Lockheed Martin” şirkəti JR3 reaktiv mərmisinin öz versiyasının hazırlanmasını başa çatdırıb və belə məmulatların sınaq partiyasını istehsal edib. Yeni tip raketlər sifarişçiyə çatdırılıb və bu yaxınlarda poliqon şəraitində sınaqdan keçirilib.
“Convergence-Capstone 5” (PC-C5) tədbirinə martın ortalarında Kaliforniya ştatının Fort İrvin şəhərindəki Milli təlim mərkəzində (National Training Center – NTC) başlanıb. Öz mahiyyətinə görə bu, son dövrlərdə yaradılmış müxtəlif növ perspektivli məmulatların bir sıra nümayiş sınaqlarıdır. Tədbirdə nümayiş etdirilən yeni məmulatlar sırasında “Lockheed Martin” şirkətinin JR3 reaktiv mərmisi, həmçinin “Raytheon” “Forterra” və “Oshkosh Defence” şirkətlərinin perspektivli pilotsuz buraxma qurğusu da var idi. Pilotsuz avtonom çoxdomenli buraxma qurğusu (Autonomous Multi-domain Launcher – AML) 6×6 təkər formullu Orta taktiki maşınlar ailəsinin (Family of Medium Tactical Vehicles FMTV) FMTV A2 yük avtomobili şassinə əsaslanır.
Bu arada qeyd etmək yerinə düşər ki, pilotsuz buraxma qurğuları xeyli sayda personala ehtiyac olmadan reaktiv artilleriyanın qabiliyyətini genişləndirməyə kömək edə bilər. Onlar həmçinin insan operatorları üçün daha az risklə daha da irəli göndərilə bilər. Bütün bunlar daha kiçik, lakin daha qısa mənzilli reaktiv mərmilərlə birlikdə xüsusilə dəyərli ola bilər.
JR3 reaktiv mərmisinin ilk sınaqları aprelin lap əvvəlində baş tutub. Nümayiş zamanı buraxma qurğusu avtomatik olaraq təyin olunmuş mövqeyə çatıb və atəş açmağa hazırlaşıb. Daha sonra təlim hədəfinə JR3 reaktiv mərmisini atıb. Bu sınağın tam təfərrüatları açıqlanmır, lakin reaktiv mərmi müsbət rəylər alıb.
Yaxın gələcəkdə JR3 reaktiv mərmisi yeni sınaqlardan keçəcək və öz xüsusiyyətlərini və keyfiyyətlərini bir daha nümayiş etdirəcək. Bundan başqa, eyni proqram çərçivəsində yaradılmış digər məmulatların sınaqdan keçirilməsinə başlanmalıdır. Bu proses daha bir-iki il çəkə bilər və yalnız bundan sonra Pentaqon yekun qərarı verəcək.
Eyni təyinatlı, lakin kiçik çaplı reaktiv mərmi
M28 praktiki reaktiv mərmisi tam hüquqlu M26 döyüş sursatı əsasında yaradılıb və ondan demək olar ki, fərqlənmir. Onun standart 227 mm diametrli gövdəsi, eyni reaktiv mühərriki və s. var. Praktiki reaktiv mərmilər altı döyüş sursatı üçün nəzərdə tutulmuş unifikasiya edilmiş nəqletmə-buraxma konteynerləri ilə birlikdə istifadə olunur.
Yeni JR3 layihəsində isə fərqli bir yanaşma tətbiq edilib. Bu reaktiv mərmi sıfırdan və xüsusi tələblər nəzərə alınmaqla inkişaf etdirilir. Sələfi kimi, o, məhdud uçuş xüsusiyyətlərinə malik olmalıdır, lakin təqlid etdiyi reaktiv mərmilər səviyyəsində dəqiqlik nümayiş etdirməlidir. Eyni zamanda, sifarişçi seriyalı məmulatların maya dəyərini kəskin şəkildə azaltmaq istəyir.
“Lockheed Martin” şirkəti qoyulan tapşırığın maraqlı həllini tapıb. O, ölçüləri və çəkisi azaldılmış bir reaktiv mərmi hazırlayıb. Onun JR3 məmulatı köhnə və hazırda təlim üçün istifadə etdiyi aşağı qiymətli qısaldılmış mənzilli praktiki reaktiv mərmi (Low Cost Reduced Range Practice Rockets – LCRRPR) olan M28 üçün 227 mm ilə müqayisədə 127 mm diametrə malikdir. Raketin uzunluğu və çəkisi hələlik açıqlanmayıb, lakin onların köhnə döyüş sursatlarının parametrlərindən kiçik olduğu aydındır.
Ümumi arxitektura baxımından JR3 demək olar ki, M28 ilə eynidir. Gövdənin burun hissəsi idarəetmə cihazlarına və praktiki yükə verilib, bərk yanacaq mühərriki isə quyruqda yerləşdirilib. Ehtimal ki, reaktiv mərmidə ştat artilleriya atəşini idarəetmə sistemləri ilə uyğun gələn trayektoriya korreksiyası sistemləri var.
“Lockheed Martin” şirkətinin JR3 reaktiv mərmisinin uçuş xüsusiyyətləri hələlik məlum deyil. Lakin layihənin məqsəd və vəzifələrini, eləcə də mərminin məlum parametrlərini nəzərə alsaq, onun bu baxımdan M28 məmulatından heç bir fərqi olmadığını güman etmək olar. Maksimal uçuş məsafəsi çətin ki, 15-20 km-i keçsin. Bu xüsusiyyətlər həll ediləcək tapşırıqlara tam uyğundur və onların daha da təkmilləşdirilməsi tələb olunmur.
JR3 proqramının məqsədi YARS heyətlərinin təlimi üçün yeni praktiki reaktiv mərmilər hazırlamaqdır. Lakin fərqli nəticələr əldə etməyə yönəlmiş bu layihənin daha da inkişaf etdirilməsi istisna oluna bilməz. Gələcəkdə praktiki reaktiv mərmi əsasında döyüş mərmisi yaradıla bilər.
Pentaqon bu yaxınlarda mövcud GMLRS reaktiv mərmi seriyasını tamamlaya biləcək daha kiçik çaplı, daha qısa mənzilli reaktiv mərmilərin yaradılması imkanını qeyd edib. Sonuncu dəfə bu cür bəyanatlar martın sonunda ABŞ Ordusu Assosiasiyasının təşkil etdiyi Qlobal Qüvvələr Simpoziumu konfransında səsləndirilib. Sonuncu dəfə bu cür bəyanatlar martın sonunda ABŞ Ordusu Assosiasiyasının təşkil etdiyi Qlobal Qüvvələr Simpoziumu (Global Force Symposium) konfransında səsləndirilib.
Gələcək Ordu Komandanlığının (Army Futures Command) rəhbəri ordu generalı Ceyms Reyni (Army Gen. James Rainey) qeyd edib ki, müasir ABŞ YARS-ları üçün mövcud nəqletmə-buraxma konteynerləri yalnız altı 227 mm-lik reaktiv mərmini yerləşdirə bilir. Eyni zamanda, o, daha böyük konteynerlərə – müasir GMLRS mərmilərindən daha ucuz olan 50 və ya 100-ə qədər reaktiv mərmi tutan konteynerlərə sahib olmaq arzusunu ifadə edib.
Bu bəyanatlar JR3 məmulatının ilk sınaq buraxılışı ərəfəsində verilib. Ola bilsin ki, bu, sadə bir təsadüf olub, lakin başqa ssenariləri də istisna etmək olmaz. Tamamilə mümkündür ki, yeni praktiki reaktiv mərmi artıq gələcək tamhüquqlu döyüş sursatının əsası kimi qəbul edilir. Müvafiq sifarişin mövcudluğu şərti ilə belə bir məmulatın hazırlanması yaxın gələcəkdə başlaya bilər.
Burada qeyd etmək lazımdır ki, İsrail Müdafiə Qüvvələri (Israel Defense Forces – IDF) MLRS buraxma qurğuları üçün seçim olaraq inventarda 18 ədəd 122 mm-lik reaktiv mərmi tuta bilən AccuLAR-122 konteynerləri sifariş edib. ABŞ hərbi arsenallarında sovet nümunəli 122 mm-lik reaktiv mərmilər və oxşar layihə döyüş sursatlarının olmamasına baxmayaraq, qlobal miqyasda geniş istifadə olunur.
JR3 əsasında hazırlanmış döyüş reaktiv mərmisinin necə ola biləcəyini təsəvvür etmək çətin deyil. O, hazırkı GMLRS mərmilərindən kiçik ölçüləri, müxtəlif diapazonu və azaldılmış döyüş yükü ilə fərqlənəcək. Eyni zamanda, daha ucuz başa gələcək və bir buraxma qurğusuna daha çox reaktiv mərmi yerləşdirilə biləcək.
JR3 mənulatının hipotetik döyüş versiyası GMLRS reaktiv mərmiləri ilə rəqabət aparmayacaq, əksinə onları tamamlayacaq. Belə döyüş sursatlarının köməyi ilə YARS bir neçə on kilometrdən çox olmayan məsafələrdə olan hədəflərə və/və ya vurulması üçün tam ölçülü GMLRS raketinin tələb olunmadığı hədəflərə zərbə endirə biləcək.
Beləliklə, daha kiçik çaplı ikinci növ reaktiv mərminin meydana çıxması mövcud YARS-ni müəyyən diapazonda geniş hədəflərə zərbə vurmaq üçün daha çevik bir vasitə edə bilər. Bu, təkcə texniki və döyüş xarakterli deyil, həm də iqtisadi xarakterli üstünlüklər verəcək.
Köhnə sistemlər üçün gələcəyin döyüş sursatı
ABŞ Ordusunun iki növ YARS-dən imtina etmək planları yoxdur. Üstəlik, M270 MLRS və M142 HIMARS sistemlərinin, əsasən, yeni döyüş sursatlarının yaradılması və tətbiqi yolu ilə inkişafı və təkmilləşdirilməsi təklif olunur. Bu məqsədlə son bir neçə ildə PrSM (Precision Strike Missile) ballistik raketi və aviasiya bombası əsaslı GLSDB (Ground Launched Small Diameter Bomb) döyüş sursatları inkişaf etdirilib.
Hazırda M270 MLRS və M142 HIMARS sistemləri üçün daha bir raket hazırlanır. Lakin digər müasir nümunələrdən fərqli olaraq, o, döyüş istifadəsi və hədəfi məhv etmək üçün deyil, heyətlərin hazırlanması və təkmilləşdirilməsi üçün təyin edilib. Eyni zamanda, JR3 layihəsi də zərbə xarakterli potensiala malikdir. Hazırkı işlərin necə yekunlaşacağı, Pentaqonun mövcud imkanlardan istifadə edib-etməyəcəyi isə bir neçə ildən sonra məlum olacaq.
Əhəd Vahidoğlu