Xəbərlər

ABŞ-da silah ixracatı ilə bağlı yeni bir siyasət hazırlanır

ABŞ Prezidenti Co Baydenin administrasiyası silah ixracatı ilə bağlı daha çox insan hüquqlarının təminatına yönəldiləcək yeni bir siyasət elan etməyə hazırlaşır.

“Poliqon” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Rəsmi Vaşinqtonun yüksək rütbəli rəhbərliyinin sözçüsü agentliyə bildirib ki, yeni siyasət “ABŞ-ın dəyərlərini və maraqlarını daha yaxşı əks etdirən strateji tərəfdaşlıq quracaq və davam etdirəcək”. Onun sözlərinə görə, bu siyasət çərçivəsində silah alacaq ölkələrin insan haqlarına riayət etməsi məsələsinə daha çox diqqət yetiriləcək. Agentlikdən verilən məlumata görə, yeni qaydalar sentyabr ayında rəsmən açıqlanacaq.

“Bəzi hallarda təsdiq almaq üçün əlavə şərtlər əlavə olunacaq”, – deyə ABŞ Konqresindəki mənbə bildirib. Onun sözlərinə görə, eyni zamanda, yeni siyasət, polis və ya nizamsız silahlı qruplar tərəfindən dinc əhaliyə qarşı istifadə edilə bilən avtomatik atıcı silahlar kimi silahların satışı baxımından çətinliklər yarada bilər. Eyni zamanda, bu dəyişikliklər zenit-raket sistemləri və ya donanma üçün sistemlər kimi daha böyük silah sistemlərinin satışını da ləngidə bilər. Lakin mənbə bildirib ki, belə müqavilələrin icrasına sonda yaşıl işıq yandırılacağı gözlənilir.

“Reuters” agentliyinin məlumatına görə, yeni qaydalar silah ixracatında Amerika silah istehsalçılarının iqtisadi maraqlarına üstünlük verən keçmiş ABŞ prezidenti Donald Trampın siyasətindən bir növ uzaqlaşma olacaq.

Qeyd etmək lazımdır ki, hazırda ABŞ dünyanın ən böyük silah ixracatçısıdır və ildə 100 milyard ABŞ dollarından çox silah, xidmət və təlim satır. ABŞ-dan silah tədarükünün demək olar ki, yarısı (47%) Yaxın Şərqdədir, əsas alıcı isə Səudiyyə Ərəbistanıdır (24%).

SİRPİ-nin hesabatına görə, 2016-2020-ci illərdə dünya silah ticarətindəki ABŞ ixracatının payı 32%-dən 37%-ə yüksəlib. Son beş ildə ABŞ 96 ölkəyə silah və hərbi texnika sataraq digər silah tədarükçülərinin rəqəmlərini çox üstələyib.

Silah 233157397 369321511359800 6004862988882538564 n

Əhəd Əzizov

Poliqon.az

Back to top button