
ABŞ Dəniz Piyadaları Korpusu 2030-cu ilə qədər bütün F/A-18 “Hornet” qırıcı eskadrilyalarını ləğv edəcək və bu təyyarə ilə bağlı texniki ixtisasları tamamilə aradan qaldıracaq.
“Poliqon” “Marine Corps Times” nəşrinə istinadən xəbər verir ki, bu, ABŞ Dəniz Piyadaları Korpusunun yayımladığı “Marine Administrative Message” (MARADMIN) sənədində öz əksini tapıb.
Sənddə bildirilib ki, köhnəlmiş F/A-18 qırıcıları öz yerini tamamilə F-35 döyüş təyyarələrinə verəcəyi üçün ABŞ Dəniz Piyadaları Korpusu “Hornet”lərlə bağlı hərbi qulluqçu (xüsusilə texniki xidmət) ixtisaslarını mərhələli şəkildə ləğv etməyi planlaşdırır.
Hazırda F/A-18 ilə bağlı altı fərqli ixtisas üzrə xidmət edən dəniz piyadaları, o cümlədən mexanik, avionika mütəxəssisi və texnik vəzifələrində olanlar F-35 ixtisaslarına keçmək, başqa sahəyə yönləndirilmək və ya xidmət müqavilələri bitdikdən sonra ordudan ayrılmaq imkanı əldə edəcəklər.
Qeyd olunub ki, dəniz piyadalarının F/A-18-dən F-35 ixtisaslarına keçməsi “güclü şəkildə tövsiyə olunur”. Lakin könüllü keçid etməyənlər, müqavilə müddətləri nə qədər qalsa da, Dəniz Piyadaları Korpusunun ehtiyaclarına uyğun olaraq başqa vəzifələrə təyin edilə bilərlər.
Keçid prosesinin regionlara görə mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir. Müxtəlif bazalarda “Hornet” əməliyyatları yaxın illərdə dayandırılacaq. Bu keçidlər tamamlandıqdan sonra F/A-18 texniki ixtisasları faktiki olaraq ləğv ediləcək.
“Hornet” əməliyyatlarının dayandırılacağı əsas yerlər:
Cənubi Karolina ştatındakı “Marine Corps Air Station Beaufort” — 1 avqust 2028
Kaliforniyadakı “Marine Corps Air Station Miramar” — 1 avqust 2029
Texasdakı “Naval Air Station Joint Reserve Base Fort Worth” — 1 avqust 2030
Dəniz Piyadaları artıq ABŞ daxilində və xaricdə bir neçə bazada “Hornet” eskadrilyalarını F-35 bölmələri ilə əvəz edib. 2018-ci ildə isə xidmət F/A-18 pilotlarının təlim eskadrilyasını da ləğv edib.
F/A-18 “Hornet” 1983-cü ildən ABŞ Dəniz Piyadaları Korpusu tərəfindən istifadə olunur və Liviya, İraq, Bosniya və Əfqanıstan kimi münaqişələrdə geniş tətbiq edilib. ABŞ Hərbi Dəniz Aviasiya Sistemləri Komandanlığının məlumatına görə, bu təyyarə Dəniz Piyadalarının taktiki aviasiyasının “işçi atı” sayılır.
Komandanlıq həmçinin “Hornet”in döyüş qabiliyyətini vurğulayaraq, onun eyni missiyada həm düşmən qırıcılarını vurmaq, həm də yer hədəflərinə zərbə endirmək qabiliyyətinə malik olduğunu qeyd edir. Bundan əlavə, təyyarənin davamlılığı da yüksək qiymətləndirilir. Hətta zenit raketləri ilə zədələnən “Hornet”lərin bir neçə gün içində təmir edilərək yenidən uçuşa qaytarıldığı hallar olub.
Bununla belə, mütəxəssislər “Hornet”i hələ də güclü platforma hesab etsələr də, F-35 daha müasir döyüş tələblərinə uyğun olaraq hazırlanıb və gizlilik (“stealth”) və elektron müharibə imkanlarına malikdir. 2026-cı il Dəniz Aviasiya Planına əsasən, ABŞ Dəniz Piyadaları Korpusu F-35 parkını 420 ədəd təyyarəyə qədər artırmağı planlaşdırır.




